ABŞ senatorları “Rusiya təcavüzünün qarşısının alınması aktı-2014″ adlı qanun layihsəni Konqresə təqdim ediblər. Xəbər verdiyimz kimi qanun layihəsini Con Makkeynin rəhbərliyilə 26 Respublikaçı-senator hazırlayaraq, qeydiyyatdan keçirib. Bu sənəd ABŞ Konqresinin Beynəlxalq münasibətlər komitəsində iki oxunuşdan keçib. Amerikalı politoloqların fikrincə, Konqresdə üstünlüyü olan Respublikaçılar partiyasının sənədin yaxın vaxtlarda qəbuluna nail olacağı şübhə doğurmur.
Layihəyə əsasən ABŞ Konqresi Rusiya məsələsinə 30 milyard dolar pul ayıracaq. Açıq görünür ki, məqsəd Putini devirməkdi. Layihədə Amerika qoşunlarının Rusiya sərhədləri boyu yerləşdirilməsi, hərbi təlimlərin tezliyinin və müddətinin artırılması, Rusiya müxalifətilə əlaqələrin gücləndirilməsi, hər il 10 milyard olmaqla, 3 il ərzində Rusiyanın demokratikləşməsi üçün vəsait ayrılması nəzərdə tutulub.
Qanun layihəsinin 206-cı bölməsində demokratik idarəçiliyin təkmilləşdirilməsi, antikorrupsiya proqramları və qanunun aliliyinin təmin olunmasına maliyyə vəsaitlərinin ayrılmasından söhbət gedir. Kifayət qədər böyük məbləğ Rusiyada internet istifadəçilərinin senzuradan yan keçməsini təmin edəcək texniki imkanlara sərf olunacaq. Bundan əlavə, vətəndaş cəmiyyətinin, siyasi təşkilatların maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlətin nəzarətində olmayan mətbuat orqanlarının dəstəklənməsinə də böyük vəsait ayrılacaq.
Böyük ehtimalla bu qanun layihəsi növbəti oxunuşda da qəbul olunacaq və tətbiqinə start veriləcək. Bəs, bu planla Putin rejiminin devrilməsi nə qədər realdır?
Sülhəddin Əkbər: «Bu qanun layihəsi qəbul olunduqdan sonra Rusiyaya qarşı mübarizə ABŞ-ın dövlət siyasətinə çevriləcək»
Siyasi ekspert Sülhəddin Əkbər hesab edir ki, “Qlobal məsələlər üçtərəfli komissiyada müzakirə olunub və Ukraynada baş verənlər, Rusiya məsələsi gündəmə gəlib. Müzakirələrdə ABŞ dövlət katibi Con Kerri də iştirak edib. Düşünürəm ki, Rusiyada rejimin dəyişməsi üçtərəfli komissiyanın və böyük yeddiliyin gündəmindədir. ABŞ senatındakı durumu nəzərə alsaq, məlum qanun layihəsinin qəbul olunması ehtimalı böyükdür. Bu qərar qəbul olunduqdan sonra isə, Rusiyaya qarşı müqavimət ABŞ-ın dövlət siyasəti olacaq. Nəticədə, real vəziyyət mahiyyətcə yeni mərhələyə keçəcək. Digər tərəfdən, Rusiya elə bir geopolitik keçid dövründədir ki, müəyyən addımlar atmağa məcburdu. Yəni indiki reallıqda Rusiya-NATO-ABŞ qarşıdurması qaçılmazdı. Biz, sonrakı mərhələdə Rusiyaya qarşı aktiv mübarizənin şahidi olacağıq. Demokratik dünya Rusiya daxilində dəyişikliyi dəstəkləyəcək. Təbii ki, Rusiya nüvə dövlətidir və ona qarşı hərbi müqavimət nəzərdə tutulmayacaq. Rusiyaya qarşı iqtisadi sanksiyalarla, informasiya savaşı ilə və daxildəki fərqli fikirlilərdən istifadə edilməklə mübarizə aparılacaq”.
Akif


