100 minlik nömrənin sahibi danışdı

Bir vaxtlar dünyanı satışı ilə heyrətə salan ən bahalı mobil telefon nömrəsi artıq Azərbaycanda satılıb.  Bu gün özünü iş adamı kimi təqdim edən şəxs Milli.Az-a zəng edərək bildirdi ki, satışa 100 000 manat qiymətlə çıxarılan “Bakcell” mobil operatorunun 055 666 66 66 nömrəsini alıb. Onun sözlərinə görə, həmin nömrəni 100 000 manata yox, endirimli qiymətə alıb. Bu nömrə ilə bağlı daha maraqlı faktlar var. Bir müddət əvvəl “Katar Telecom”un keçirdiyi hərracda şirkətin ən baha – “666-66-66” – nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir və 2006-cı il mayın 13-də ən bahalı nömrə kimi Ginnesin Rekordlar Kitabına düşüb. 

AzVision.az-ın əməkdaşı həmin nömrəyə zəng edərək məlumatı dəqiqləşdirmək istəyib. Zəngə cavab verən nömrənin sahibi xəbərləri təkzib edərək 055 666 66 66 nömrəsini çoxdan istifadə etdiyini, satın almadığını deyib.

“Bu nömrəni mən neçə illərdir işlədirəm. Heç kimə satmamışam, nə də satmaq niyyətim var. Bakcell özünü reklam eləmək üçün bu addımı atıb. Mətbuatda yayılan xəbərləri oxumuşam. Şişirdirlər. Mən bu neçə illərdir işlədirəm”-deyə həmin nömrənin sahibi qeyd edib.

Kimliyini öyrənmək istəsək də sözügedən nömrənin sahibi özünü təqdim etməkdən imtina edib. “Ad, soyadımı bilmək istəyirsinizsə Bakcell-ə müraciət edə bilərsiniz”.