Cümhuriyyət ulduzları

Şərəfli əcdadlarımızın doxsan altı il əvvəl qurduğu Xalq Cümhuriyyəti şanlı bir tarixdir. Bir əsrə yaxın zaman içində bu tarixin üstünə nə qələmlər çalındığını da hamımız yaxşı bilirik. Yetmiş illik sovet rejimi AXC dönəminin izlərini qazıdı hər yerdən. Bu dövlətin əsasını qoyanların adları yasaq siyahılarına salındı, öldürülən öldürüldü, sürgünlərdə çürüdülən çürüdüldü, qürbət ellərə üz tutanlar tutdu. Bütöv bir nəsil dəyişdi o illərdən bu günə. Amma tarix yenidən öz sözünü dedi. Yeni nəsil əsrin əvvəllərində yüksələn üç rəngli bayrağı bir daha göylərə qaldırdı. O dövlətin memarı M.Ə.Rəsulzadənin böyük xəyalları gerçək oldu cümhuriyyətin yenidən doğuşuyla…

Bəli, biz böyük bir tarix yaşadıq. Tək yaşamadıq, həm də onu yazan ləyaqətli insanların sırasında yer aldıq, cümhuriyyətçi əcdadlarımızın yolunu davam edən insanların sırasında. O parlaq tarixi qəlbiylə, qanıyla, həyatıyla yazanların sırasında. Lakin yenə tarixin qələmlə, diktəylə yazıldığını düşünənlər çıxdı aramızdan. Yenə tərs üzünə çevirdilər onu. Kitabları, mətnləri dəyişdilər, yeni rəsmlər düzdülər o kitabların arasına. Dərsliklər təzədən yazıldı, ensiklopediyalara təzədən baxıldı, məktəb proqramları alt-üst edildi. Yenə AXC tarixi həmin kitabların arasından cırılıb götürülmüş vərəqlər kimi yoxa çıxdı. Cümhuriyyət qurucularının adları çıxarıldı dərsliklərdən. Köhnə zamanların axarına düşdü hər şey. Və bilirsiniz, zaman heç bir yalana ortaqlıq etməz, əvvəl-axır üstü açılar bütün saxtalıqların. O diktə tarixini yazanlar da yaxşı bilir gələcək nəsillərin onları hansı adla çağıracaqlarını…

“Cümhuriyyət qurucularının adına layiq bir abidə yoxdur” deyirik. “Böyük öndər Rəsulzadənin emalatxanada tozlanan heykəlinin maketi gün işığına çıxmadı” deyirik. Olsun. Nə dəyişər ki? Dünyada hansı məcburiyyət və zorakılıq böyük sevgilərə əngəl olub ki? Bu yurdun azadlıq sevdası ilə qürbətlərdə dolaşıb, son nəfəsinə qədər mücadilə verən Rəsulzadənin adını kim çıxara bilər ki, könüllərdən? Yetmiş ilin təbliğat və repressiya maşını çıxara bildimi ki, indiki də çıxarsın? Belə primitiv sınaqlara yüz illərin hökmü belə yetməz. Biz bu yer üzündən gəlib keçən və başı bəlalar yaşamış nə birinci xalqıq, nə sonuncu. örnəklər var. Azadlıq tarixini bizim kimi min cür əzab-əziyyət bahasına yazmış və yazmaqda olan yüzlərlə xalq var yer kürəsində.

AXC tarixdə intellektual gücün və zəkanın yer aldığı dövlət modellərindən biri idi. Onun əsaslandığı prinsiplər ən müasir və yüksək dünyəvi dəyərlərə bağlı idi. Əgər dünya tarixində ən böyük beyin gücü Amerika dövlətinin qurucuları sayılırsa, AXC komandasında cəm olanlar da onlardan geri qalan şəxsiyyətlər deyildi. Şərqin ilk demokratik dövlətinin ideoloqu sayılan Əli bəy Hüseynzadənin fəlsəfi görüşləri Bencamin Franklin və ya Tomas Cefersondan nədə əskikdir ki?

Onlar gerçək ədalət, istiqlal və humanizm carçıları idilər. Bu xalq üçün yoxdan bir bayraq, bir dövlət var etdilər. Şərq dünyasına şərəfli bir cümhuriyyətçilik, dövlət adamlığı nümunəsi göstərdilər. Milli dəyərlərin dünyəvi dəyərlərdən ayrı inkişafa apara bilməyəcəyini sübuta yetirdilər. Vətənçiliyin və yurdçuluğun, xalqa təmənnasız xidmətin insanlıq modelini yaratdılar. Onlar bu ölkənin qaranlığına doğmuş cümhuriyyət ulduzları idilər. Işıqları hələ min illər yolumuzu işıqlandıracaq…