Türkiyənin xarici işlər naziri problemin həlli üçün münbit şəraitin yarandığını bildirir
Vəfa Quluzadə: «Rusiyanın güzəşti ciddi bir məsələnin əvəzində ola bilər»
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaxşı şərait yarandığını bildirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtında Sergey Lavrovla birgə keçirdiyi brifinqdə Davudoğlu Moskvaya Bakıdan getdiyini söyləyib. O, Sergey Lavrovla Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə etdiklərini deyib:
“Biz Türkiyə olaraq regionda ”dondurulmuş” münaqişələrin həllinin tərəfdarıyıq. Bu region həm Türkiyəyə, həm də Rusiyaya olduqca yaxındır. “Dondurulmuş” münaqişələrin qalması bölgə ölkələri üçün təhlükə yaradır. Ümid edirik ki, Rusiya Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına kömək edəcək, eyni zamanda bölgədə mövcud olan digər “dondurulmuş” münaqişələrin həllində də səylərini əsirgəməyəcək. Ukraynada baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinin vacibliyini göstərir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı şərait yaranıb. Bu münaqişənin həlli üçün konkret addımlar atılmalıdır”.
Politoloq Vəfa Quluzadə məsələ barədə qənaətini bölüşərək Davudoğlunun münaqişənin həlli üçün yaranan şəraiti açıqlamasını daha münasib sayır. Politoloqa görə, dünyanın ən qüdrətli ölkələrini təmsil edən Minsk qrupu və onun həmsədrləri 20 ildə heç nə edə bilməyib: “Hər dəfə sülh yaxın olanda sülhə zərbə dəydi. Yeniliyin və şəraitin nədən ibarət olması açıqlanmalıdır. Dağlıq Qarabağ məsələsi Amerika-Rusiya müstəvisində həll oluna bilər. Rusiya Qarabağ məsələsində güzəştə gedə, bunun əvəzində də Amerika güzəşt tələb edə bilər”.
V.Quluzadə qeyd edir ki, hazırda Qarabağ münaqişəsinin həllində bu iki dövlətin maraqlarından söhbət gedir. Onun fikrincə, Amerika və Avropanın regiondakı maraqları təhlükə altındadır: “Rusiyanın müharibəni qızışdırması onun maraqlarına zərbə vura bilər. Azərbaycan müharibə vəziyyətində olandan sonra Bakı-Ceyhan və digər layihələr işləməyəcək. Bu məsələdə güzəşt yalnız ciddi bir şeyin əvəzində ola bilər”.
Nigar


