“Azərbaycan hakimiyyətinin ABŞ səfirinə hiddəti təəccüb doğurdu”

“Güman ki, Ramiz Mehdiyev Rusiya ilə sıx münasibətlərə daha çox tərəfdardır”

Karl Rader: “Əliyev hökumətinin dünyagörüşü kontekstində “qeyri-monolit” termini şillə kimi görünür”

“Azərbaycan kimi ölkələrdə real islahatlardan imtina siyasi sistemin tədricən zəifləməsi, hətta dövlətin tənəzzülü riskini yaradır”. Bu fikri amerikalı analitik və jurnalist Karl Rader “Turan”a müsahibəsində deyib.

ABŞ səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsindən sonra rəsmi Bakının ona hücumunu şərh edən Rader bildirib ki, əslində səfir yeni heç nə söyləməyib, müsahibə özü də zərərli deyil: “Mənim müsahibəyə ilk reaksiyam belə oldu ki, cənab Morninqstarın şərhləri ağıllı olub, lakin qeyri-adi heç nə yoxdur. Odur ki, yaranmış hiddət təəccüb doğurdu. Lakin məmurların dünya görüşünü, daha dəqiq desək onların irrasional təqib hissini nəzərə almaq lazımdır”.

Raderin fikrincə, Bakının kəskin reaksiyasına səbəb olan məqamlardan biri Azərbaycan hökumətinin monolit olmaması barədə səfirin dediyidir. Səfir bildirmişdi ki, Azərbaycan hökumətində ABŞ-la münasibətləri pozmaq, qərb təşkilatlarının iştirakını çətinləşdirmək istəyənlər var.

“Əliyev hökumətinin üzvlərinin dünyagörüşü kontekstində “qeyri-monolit” termini şillə kimi görünür və birliyin olmamasını nəzərdə tutur. ABŞ-ın “Molotov kokteyli”nə bağlılığı barədə Novruz Məmmədovun fikirləri düşünülmədən söylənilmiş fikirlərdir. Azərbaycan KİV-in məlumatına baxmayaraq, mən əslində Novruz Məmmədovun bunu söylədiyinə əmin deyiləm. O, hər zaman mənə prezidentin yaxın ətrafındakı ən ağıllı adamlardan biri təsirini bağışlayıb.
“Xor”un digər iştirakçılarının – Araz Əzimov, Əli Həsənov və Ramiz Mehdiyevin çıxışları, Amerikanın Azərbaycanın daxili işlərinə qarışması barədə ittihamları öncədən görünən idi. Həmin şəxslər üçün ABŞ-ın maliyyələşdirdiyi QHT-lərin olması Əliyev hökumətinin əsaslarını və onun dəstək mexanizmini dağıtmaq məqsədilə təşkil olunmuş məkrli sövdələşmə kimi görünür.
Paradoks ondadır ki, Morninqstar səfir işlədiyi müddətdə insan  hüquqları məsələsində o qədər də açıq olmayıb. Əksinə, o, təmkinli və ehtiyatlı olub, balansı saxlayıb, lakin son vaxtlar ikitərəfli münasibətləri “qıcıqlandıran” amillər onun Bakıda olduğu bütün vaxt ərzindəkindən  daha da çoxalıb.
Nəhayət, Azərbaycanın müstəqilliyinin qorunmasında ABŞ-ın rolu barədə səfirin fikirləri ilə əlaqədar yaranmış hay-küyü qeyd etmək lazımdır. Ramiz Mehdiyev səfirin dedikləri ilə razılaşmayıb  və “heç bir xarici qüvvə heç zaman bizim müstəqilliyimizin qarantı olmayıb və ola bilməz. Morninqstar unutmamalıdır ki, Azərbaycan müstəqil ölkədir, müstəmləkə deyil” deyib.
Nəzərə almaq lazımdır ki, Mehdiyevin keçmiş Sovet İttifaqı ilə geniş şəxsi və peşə əlaqələri var. Güman etmək olar ki, o, prezident Əliyevin digər müşavirləri ilə müqayisədə Rusiya ilə sıx münasibətlərə daha çox tərəfdardır”, – deyə Rader bildirib.

Azərbaycanda QHT və KİV-lərin sıxışdırılması, insan hüquqlarının pozulması fonunda Obama administrasiyasının səylərini yetərli hesab etmək olarmı?

Bu sualın cavabında Rader deyib ki, Obamanın Qafqaz üzrə siyasəti onda təəccüb doğurur: “Belə görünür ki, region “bir küncə atılıb”, onun strateji əhəmiyyəti əvvəlki administrasiyalar tərəfindən şişirdilib. Lakin bu, insan haqları məsələsi ilə bağlı reaksiyanın olmamasının izahını vermir, xüsusən də özünü bu sahədə sadiq müdafiəçi hesab edən administrasiya üçün. Eyni zamanda Wikileaks sübut etdi ki, bu məsələlər amerikalı diplomatlarla prezident Əliyevin görüşlərində daim müzakirə olunub”.

Ukrayna hadisələri Azərbaycana necə təsir göstərə bilər? Cənubi Qafqazı nə gözləyir?

Bununla bağlı Rader deyib ki, gələcəkdə Rusiya Əliyevlər sülaləsinə meydan oxumaq üçün prezidentliyə namizədləri maliyyələşdirə bilər. Bu, Azərbaycan hakimiyyətinin “cilovunu çəkmək” məqsədilə edilə bilər.
“Ukrayna və ya Gürcüstan hadisələrinin Azərbaycanda təkrarlanması modelinin mövcud olmasına əmin deyiləm. Krıma analoji olaraq Cənubi Qafqazda torpaqların işğal riski siyasi dəyər baxımından çox aşağıdır. Rusiyanın Cənubi Qafqazdakı öz mövqelərini məhv etmək üçün əsası yoxdur”, – deyə analitik vurğulayıb.

ABŞ Moskvanın mövqeyini nəzərə alaraq Qarabağda dinc nizamlanmanı sürətləndirmək üçün nə edə bilər?

Bu suala cavabında Rader deyib ki, Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasının vacibliyi barədə Minsk qrupunun amerikalı həmsədri Uorlikin fikirləri ilə razıdır. Rader bildirib ki, 2011-ci ildə tərəflər yeddi rayonun Azərbaycana qaytarılmasının vacibliyini anlamağa yaxın idilər, lakin saziş baş tutmadı. O vaxtdan proses səngidi.
“Uorlikin çıxışında məni təəccübləndirən bir məqam oldu – onun sülhməramlı qüvvələrə istinad etməsi. Bu, əvvəllər dəqiq  müəyyən edilməyən, yeni baxış bucağıdır. İndi danışmaq çətindir. Lakin aydındır ki, belə qüvvələr regional ölkələrin və ya ABŞ-ın hərbçilərini əhatə etməməlidir”, – deyə Rader vurğulayıb.

“Nəhayət, Azərbaycan hakimiyyətinin xalq diplomatiyasını pozmaq səylərinə toxunmaq istəyirəm. Əgər prezident Qarabağ münaqişəsini başa çatdırmaq istəyirsə yerli vətəndaş cəmiyyəti ilə erməni həmkarları arasında daimi və səmərəli kontaktın yaradılması Azərbaycanın marağında olmalıdır. Bu səbəbdən də Ermənistandakı həmfikirləri ilə ünsiyyətdə olduqlarına görə Azərbaycan ziyalısını təqib etmək üçün hüquqi sistemdən istifadə etmək ədalətli və davamlı sülhə düşməncəsinə yanaşmadır”, – deyə Rader bildirib.