Cinayətkarlar günahsızları həbs edir

Haradan baxsanız da, biz azalmırıq, artırıq. Içəridə – məhbəsdə də, çöldə – şərti məhbəs olan Azərbaycanda da. Bu uzun illərdə sıralarımızı tərk edənlər çox olub, çox ağır siyasi depressiyaları adlayıb keçmişik, çox namərdliklər, çox satqınlıqlar görmüşük. Siyasi diversiyalar, mənəvi hücumlar yaşamışıq. Repressiyalar durmadan davam edib. Repressiyalardan da ağır olan tənələri, lağlağıları, “gördünüzmü?!” suallarını adlayıb keçmişik, “bu da müxalifət” deyib bizə gülənləri, “bu da bunların mübarizəsi” deyə qəhqəhə çəkənləri eşidib yola davam etmişik. Davam edirik.

Bir vaxtlar “Anar Məmmədli, səni nə əcəb həbs etmirlər” deyənlər, xəbəriniz olsun, dünən Anara hökm oxundu. Telini yan darayan, evdən odekolonsuz çıxmayan, əllərini yumadan kofe içməyən Anar son sözündə yoluna davam edəcəyini söylədi. Bir balaca boyu ilə zindana dik gedən Bəşir Süleymanlı da “Azərbaycanı sevdiyim üçün burdayam” dedi. Siz haradasınız?!

Əyilməyin, tabe olmağın, yaltaqlanmağın, həqiqətdən yayınmağı min üsulu var, bəhanə gətirməyə min səbəb var, utanmadan davam edin işinizə. Amma bilin ki, biz də artırıq, bu oğru rejimin sonunu gətirəcək günlər də yetəcək. Başqa bir Azərbaycanda yaşayacaqsınız: həqiqətdən yayınmağa, yaltaqlanmağa, qorxmağa ehtiyac olmayacaq o zaman. Gözəl günlər görəcəksiniz, necə deyərlər!

Başqa sözlərə ehtiyac yoxdur, polis dəyənəyi danışır hələ və dediklərinizin hamısı dəyənəyin səsi altında itib-batır. Bizim isə deməyə sözümüz var. Biz cinayətkar deyilik. Biz cinayətkarlarla əlbir deyilik. Biz cinayətkarları qəzəbləndirməmək üçün susmuruq, yaxud zülm vaxtı zalımı buraxıb, əziləni müzakirə etmirik.

Zalıma nifrətimiz bizi daha irəli aparır, bizi çoxaldır…

Bəli, bizim ağrımız və qəzəbimiz var. Daha iki dostumuz günahsız olaraq həbs edilib. Onları cinayətkarlar həbs ediblər. Amma həm də həbs edilənlərlə – Anar MəmmədliÿvəÿBəşir Süleymanlı ilə qürur duyuruq. Onlar nə etdiklərini yaxşı bilirdilər. Onlar çətin və təhlükəli vəzifədən qorxmurdular. Onlar seçki saxtakarlığını – ağır dövləti cinayəti sənədləşdirə bildilər və bunun bütün dünyadaÿqəbul olunmasında misilsiz rol oynadılar. Onlar bilirdilər ki, Azərbaycanda seçkini müşahidə etmək tufanla oynamaq deməkdir. Amma tufana baş vurdular. Çünki azad seçki istəyirdilər. Saxtakarlığı rədd edirdilər. Və onlar saxtakarlığı iş başında yaxalamağı bacardılar!

Anar Məmmədlinin bu gün məhkəmədə söylədiyi son söz göstərdi ki, biz nəinki çoxalırıq, biz tariximizdən qalan yolla gedirik və bu yolun əsl sahiblərinin mübarizəyə başladığını görürük. Anar bəy çıxışını Məhəmməd Əmin Rəsulzadədən iqtibas gətirməklə bitirdi: “Təəssüf edirəm ki, Rəsulzadənin arzuladığı müstəqilliyin bərpasından ötən 22 il ərzində biz ölkəmizdə ictimai ədaləti və siyasi hüquqlara hörməti qura bilməmişik. Bəlkə də 22 illik bir dönəm kimlərəsə görə çox az zamandır. Amma siyasi motivlərlə həbs olunmuş 20-22 yaşlarında gəncləri, o cümlədən Şahin Novruzlunu, Əbdül Əbilovu, Məmməd Əzizovu, Bəxtiyar Quliyevi, Elsəvər Mürsəllini, Ilkin Rüstəmzadəni, Ömər Məmmədovu Kürdəxanıdakı Istintaq Təcridxanasında görəndə, onlarla rastlaşanda itirdiyimiz 22 il üçün əzab çəkirəm. Mən onlar üçün çalışmağa, onların – yəni çağdaşlıq və gələcəyin dostu olmağa çalışmışam və daim zamanın dostu olaraq qalacam”.

Anar Məmmədli düz deyir, zamanın və gəncliyin dostuyuq biz! Gənclik isə ona vəsiyyət edilən yola artıq sahib çıxır.