kiv-df

Bir vətənpərvər yazıçı vardı…

«Aşırımın o üzündəki həqiqət…»

Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar,
Burda bir el var idi,
Siz deyin, hanı, dağlar?!
Bu bayatının müəllifi gözəl tarixi romanların müəllifi yazıçı Fərman Kərimzadədir.

Ədəbiyyata iki səhifəlik “41 nömrəli ayaqqabı” hekayəsi ilə gəlmiş, sonra böyük tarixi hadisələri qələmə alaraq gözəl romanlar müəllifi kimi tanınmışdı görkəmli yazıçı.
Hərdən adama elə gəlir ki, o, dünyaya göz açdığı 1937-ci ilin tarixi yaddaşıyla ömrünün sonuna kimi yol gəlib. Onun hər uğurlu əsərinin əsasında Azərbaycanın tarixi həqiqətləri, qəhrəmanlıq səhifələriÿdayanırdı.

“Ə, nə hökumət, hansı hökumət”. Mən belə hökumət tanımıram!”. Bu sözləri “Axırıncı aşırım” filmində Kərbəlayi Ismayıl deyir. Ancaq bu sözləri sovet hökumətinin qılıncının tiyəsi də, qəbzəsi də kəsdiyi 1967-ci ildə yazıçı, 60-cı illər nəslinin görkəmli nümayəndəsi Fərman Kərimzadə deyirdi. Qırmızı ilğımın puç və əfsanə olduğunu yazıçı fəhmi ilə çoxlarından əvvəl o duymuşdu. “Qarlı aşırım” romanı ilə aldanmış insan selini dayandırıb bəylikdən köləliyə sürüklənən bir xalqa aşırımın o üzündəki həqiqəti göstərirdi…”(Təranə Vahid).

Bu həmin məşhur filmdi ki, müəllifin 26 yaşında yazdığı  “Qarlı aşırım” əsəri əsasında ekran həyatı tapmışdı. Rejissor Kamil Rüstəmbəyov 1971-ci ildə elə yazıçının öz ssenarisi əsasında Azərbaycan kinosunun şah əsərlərindən birini yaratmışdı.

“Abbasqulu bəy necə böyük sərkərdə idisə, Fərman Kərimzadə də elə böyük yazıçı idi… ”Qarlı aşırım” romanını bir daha oxuyandan sonra bu qənaətə gəldim. Sadəcə, Fərman Kərimzadənin bu möhtəşəm söz abidəsi haqqında mənim də xırda-para qənaətlərim var ki, onları sizinlə paylaşmaq istəyirəm.

Axır vaxtlar, Azərbaycan-Türkiyə münasibətlərindən söhbət düşəndə yalançı “bozqurdlar”ın, “türkçülər”in hay-harayı dünyadan çıxır, bəzən onlar Türkləri və Türklüyü də gözdən salır, belə üstün dəyərləri ucuz oyunlara alət edirlər. Indi nə var türkçü olmağa? Indi nənəm də türkçü olar… Sovet hökumətinin ən qüdrətli vaxtlarında yazılmış “Qarlı aşırım” romanında türk-osmanlı ordusuna açıq-aşkar ifadə edilən rəğbət isə, azacıq da olsa, ürəyində hissiyyat qalmış oxucunu titrədə bilər. Ol səbəbdən, ədalətli araşdırmaçılar Fərman Kərimzadə yaradıcılığını 80-ci illərin sonlarında başlayan və bütün dünyaya səs salan milli-azadlıq hərəkatımızın bədii-mənəvi bazislərindən sayırlar”(M.Mövlud).

Bəxtimə yazılan acılar…

Tarixin çox ağır hadisələrinə şahid olmuşdu. 1948-ci ildə başlanan deportasiyada onun da nəsli, el-obası sürgünlərə, səs-küysüz soyqırımlara düçar olmuşdu. Zaman keçib getsə də, doğma Vedi yaddaşında silinməz izlər qoymuşdu. 1988-1989-cu illərdə ana yurdunun acı günləri yazıçını sarsıtdı. Bütünlükdə Azərbaycan türklərinin deportasiya olunduğu il, bəlkə də, həyatının ən ağır ili idi…

“1988-ci ilin əvvəllərindən başlayan hadisələr Fərmana olduqca ağrılı təsir göstərmişdi. Ürəyi incidirdi, tez-tez halı dəyişərdi. Lakin o, həmişə bizimləydi. Meydan hadisələri, mitinqlər zamanı dinclik tapmazdı. O da günahsız məcburi köçkünlərin kədərini yaşayırdı. Onlara qoşulub Moskvaya getmişdi ki, bəlkə sovet rəhbərləri o zavallıların dərdlərini başa düşdülər… Yaxşı, vətənpərvər insanlara ürəyini verərdi. Içindəki göynərtisi, iztirabı, başının üstündəki tüstü-dumanıyla sanki Ağrı dağıydı. ”Vedinin yanı dağlar” deyimini eşidəndə gözündən gilə-gilə yaş axardı. Yaşına, görkəminə, dünya görüşünə baxmayaraq elə bil körpə uşaq idi. Ağlı, mənəvi saflığı ilə Tanrı onu xoşbəxt yaratmışdı. Ancaq onun içində gözə görünməyən, duyulmayan yurd həsrəti vardı Fərmanı Binəqədi yamaclığında, üzü yola səmtdə dəfn etdik. Həmin yol sonralar onun dostlarının həyat rəmzinə çevrildi. O, ləyaqətli yol yoldaşı, yol adamıydı. Həmişə bu yoldan keçəndə üzümü məzarlar arasında dostumun baş daşına tutub deyirəm: “Salam, Fərman, əziz dost, unudulmaz ziyalı” (S.Rüstəmxanlı).

Ixtisasca rəssam olan F.Kərimzadə maddi-mədəniyyət abidələrinə böyük maraq göstərirdi. O, “Axırıncı aşırım” romanının qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ev muzeyinin açılmasında, Şadlinski ilə bağlı sənədlərin toplanmasında yaxından iştirak etmişdi.
Fərman Kərimzadə sözün əsl mənasında bir vətənpərvər idi. 80-ci illərdə sovetlərə qarşı xalq hərəkatı başlananda, mübariz universitet tələbələri arasında adı ən çox məşhur olan şəxslərdən biri idi Fərman Kərimzadə. Təsadüfi deyil ki, Azərbaycan sevdalısı Xudu Məmmədov kimi onun da qəlbi artıq ağırlıqlara dayana bilmədi. 1989-cu ildə gözlərini əbədi yumdu dünyaya…

Yazıçının “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanları Azərbaycan ədəbiyyatında dərin iz qoyan əsərlərdən idi. Dövrünün belə cəsarətli romanlarını yazan bir yazıçının o dövrdə daim kölgədə saxlanması da başadüşülən idi. Hətta o dövrdə bəzi yazıçıların əsərlərinin itməsi də “normal” qarşılanmalıydı. “Atamın ”Daşnaksütyun” partiyasına liderlik etmiş Andranik barəsində yazdığı əsər evdən oğurlandı. Atamın vəfatından sonra MTN-ə rəsmi müraciət etməyimə baxmayaraq əsərdən heç bir məlumat olmadı. Amma mən möcüzələrə inanıram” (Yeganə Kərimzadə, qızı).

Hər əsəri bir insan dünyası idi

F.Kərimzadənin hər kiçik əsərində belə son dərəcə təsirli bir məqamla üzləşir oxucu. “Son eksponat”da ana qəhrəmanlıqla həlak olmuş oğlunun muzeydəki köynəyini – öz əli ilə toxuduğu köynəyi qorumağa çalışır, oğlunun sinəsini dəlib-deşən güllə yerini muzeydəki baxımsızlıqla, köynəyə güvə düşməsi ilə əlaqələndirir.

“F.Kərimzadə hadisələrin məntiqini tutmağı, obrazların mənəvi-psixoloji aləmini aydın cizgilərlə əks etdirməyi bacaran sənətkardır. Bu cəhət onun müharibə mövzusunda yazdığı hekayələrlə yanaşı, ”Ölülər yalan danışmır”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalıq” və başqa hekayələrində, “Xallı maral”, “Toy dəvətnaməsi” povestlərində də güclü və qabarıqdır… “Xallı maral” povestinin qəhrəmanı Zəkəriyyə harın zümrənin ad günləri və müxtəlif işrət məclisləri üçün bir-bir kəsdirib apardıqları xallı maralların qoruğunu dağıdır, “təbiət bu maralları o cür canavarlardan daha yaxşı qoruyar” deyə, onları təbiətin qoynuna qovur. “Toy dəvətnaməsi” ibrətamiz sonluqla bitir: zavoddan oğurladığı bir maşın spirti xırıd edə bilməyib qamışlı gölməçəyə boşaldan baş şərabçı Vəli özü də həmin gölməçənin qurbanı olur…” (Qəzənfər Kazımov).
“Qarlı aşırım”dan sonra yazıçı 11 il susmuşdu. Yaxınları bilirdi ki, o tarixi roman üzərində işləyir. Gecə-gündüz mütaliə edir, material toplayır. 1982-ci ildə “Xudafərin körpüsü” çıxdı gün işığına. Bir il sonra kitabın II hissəsi çıxdı. 1988-ci ildə isə 300 səhifəlik “Çaldıran döyüşü” romanı 65 min tirajla işıq üzü gördü. Əcəl gəlməsəydi, bu əsərlərin siyahısı daha uzun ola bilərdi. Çünki yazıçının qəlbində deyiləsi çox sözü vardı, içini yeyən dərdləri səhifələrə “danışınca” sakitlik tapırdı. Çox sevdiyi vətəninin, millətinin ağrılarını yazdıqca yazmaq, hayqırdıqca hayqırmaq istəyirdi. Amma özünü yetirən ölüm bu millətin böyük dəyəri olan nəhəng insanlardan birini də apardı sıralarımızdan. Indi belə ziyalıların yoxluğundan yaranan boşluğu daha çox hiss edirik. Axı Fərman Kərimzadə kimi millət adamları çox az-az gəlir dünyaya…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir