Putin Ukrayna məsələsində geri çəkildi

Rusiya prezidenti Poroşenko hökuməti ilə əməkdaşlığa hazır olduqlarını bildirdi

Ukraynadakı seçkinin nəticələrini Yanukoviç də tanıdı

ATƏT-in müşahidə missiyası Ukraynada mayın 25-də keçirilən növbədənkənar prezident seçkisinin beynəlxalq standartlara və normalara uyğun olduğunu bildirib. ATƏT-in qısamüddətli missiyasının koordinatoru Coao Soares Kiyevdə keçirilən mətbuat konfransında deyib ki, seçki Ukrayna xalqının demokratiya kursunu seçdiyini təsdiqləyib.

Ukraynanın yeni seçilmiş prezidenti Poroşenko öz qərargahında jurnalistlərlə söhbətində prezident kürsüsünə əyləşəndən sonra bütün biznesini satmağa hazır olduğunu bildirməklə yanaşı, sahibi olduğu “5-ci kanal”ı satmaq fikrində olmadığını deyib. Poroşenko qeyd edib ki, “5-ci kanal” ölkədə söz azadlığının təmin olunmasında ciddi rol oynayıb. “5-ci kanal” hətta məni də tənqid edir.
Jurnalistlərə açıqlamasında Poroşenko əsas məqsədinin Krımı geri qaytarmaq olacağını bildirib.

Devrilmiş prezident Viktor Yanukoviç isə keçirilən seçkilərin nəticələrinə hörmətlə yanaşdığını deyib: “Mən vətənimin ən çətin dövründə edilmiş bu seçimi dəstəkləyirəm”.
Keçmiş prezidentin fikrincə, yeni rəhbərliyin əsas vəzifəsi ölkədəki vəziyyəti sabitləşdirmək olmalıdır.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Ukraynada seçkilərdən sonra formalaşacaq hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə hazırdır. Kreml başçısı etiraf edib ki, Avropa və ABŞ seçkiləri pozmağa görə RF-i sanksiyalarla hədələyib. Bu sanksiyalar isə “Rusiyanın təhlükəsizliyinə təhdiddir”.
Putin həmçinin “imperiya və Sovet Ittifaqını bərpa etmək” niyyətindən imtina edib. O bildirib ki, bu səhv fikirdir və “informasiya müharibəsinin elementidir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Poroşenkonun Rusiya ilə münasibətlərin vacibliyini bildirməsi diqqətdən kənarda qalmayıb. Eyni zamanda o qeyd edib: “Poroşenkonun bizimlə ABŞ və Avropa Birliyi vasitəçiliyi ilə danışıqlar aparmasını deyil, bu danışıqların bizimlə onun arasında birbaşa aparılmasını istəyirik”. Lavrov daha sonra bildirib ki, Rusiya Ukrayna ilə praqmatik və bərabər hüquqlu dialoq qurmağa hazırdır.

Obama Ukrayna xalqını təbrik edib

ABŞ prezidenti Barak Obama Ukrayna xalqını uğurlu seçki keçirilməsi münasibətilə təbrik edib. Ağ evin açıqladığı ÿbəyanatda ÿdeyilir: “Amerika xalqı adından  prezident seçkisində iştirak etməklə səsləri eşidilən Ukrayna xalqını təbrik edirəm. Təxribat və zorakılığa baxmayaraq, milyonlarla ukraynalı ölkənin hər yerində səsvermə məntəqələrinə getdi. Hətta Ukraynanın şərqində, Rusiyanın dəstəklədiyi separatçıların bütöv regionlarda insanları səsvermə hüququndan məhrum etməyə çalışdığı bir sıraÿ yerlərdə də bəzi cəsarətli ukraynalılar səsvermə bülletenlərini qutulara sala bildi. Biz səsvermədə iştirak edənlərin cəsarəti və eyni zamanda Ukrayna hökumətinin təhlükələr qarşısında bu seçkinin keçirilməsi üçün səylərinə yüksək qiymət veririk.
Son bir neçə ayda Ukrayna xalqı heç bir müdaxilə olmadan öz liderini seçmək, eləcə də öz gələcəyini zorakılıq və qorxu olmadan müəyyən etməyə imkan verən demokratik sistemdə yaşamaq istəyini dəfələrlə nümayiş etdirib.
Bu seçki Ukrayna hökumətinin ölkəni birləşdirmək və bütün vətəndaşlarla onların qayğılarının ünvanlanması və istəklərinin qarşılanmasl üçün dialoq aparmaq səyləri istiqamətində irəliyə doğru daha bir mühüm addımdır.
Birləşmiş Ştatlar Ukraynanın vacib siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün səylərinə dəstək vermək məqsədilə növbəti prezident, eləcə də demokratik seçilmiş parlamentlə işləyəcəyini gözləyir. Biz həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edirik, Rusiyanın işğalı və Krımı ilhaq etməsini qınayır və qəbul etmirik. Biz eyni zamanda, münaqişənin dinc yolla həllinə nail olmaq üçün Ukrayna və digər tərəfdaşlarla işləməyə dair vədimizə sadiq qalırıq”.

Donetsk aeroportu alındı

Mayın 26-da Rusiyameylli yaraqlılar Donetsk şəhərinin hava limanını ələ keçirəndən sonra, Ukrayna ordusu strateji əhəmiyyət kəsb edən aeroportu geri qaytarmağa cəhd göstərir, bu zaman hərbi vertolyotlardan istifadə edir.
Son məlumata görə, Donetsk hava limanı Ukrayna hərbçilərinin nəzarətindədir. Ukrayna silahlı qüvvələri zabiti Aleksey Dmitraşkovskinin sözlərinə görə, separatçıların hava limanını geri almaq üçün “nə gücü, nə vəsaiti” yoxdur.
Eyni zamanda Donetskə, hava limanı və dəmir yolu vağzalı tərəfə yollar bağlanıb. Bu da vətəndaşların təhlükəsizliyinin təminatı məqsədilə edilib.