Yusif Bağırzadənin AMIP-i…

Ictimai Palataya getmək üçün gəlmişdi

Dünən “Mediaforum” saytına müsahibə verən Bahar Muradova maraqlı açıqlamalarıyla diqqəti çəkib. Bizdə indi adət halını alıb, YAP-ın süpürgəçisi də siyasətdən danışır, bu da səbəbsiz deyil, çünki hamısının cibində “siyasi elmlər üzrə fəlsəfə doktoru” diplomu var. Hansı yolla alınmasının önəmi yoxdur. Bu hakimiyyətin müxtəlif pillələrində ABU-nun məzunlarının at oynatdığının az şahidi olmamışıq. Baxmayaraq ki, özləri o ali məktəbin təhsil vermədiyini etiraf ediblər.

Həmin diplomdan Bahar Muradovada da var. O da özünü siyasətçi sayır. Müsahibələrindən də görünür ki, siyasətə münasibəti ciddidir. “Müxalifətin bugünkü hərəkətlərinin arxasında xaricdən diqtə edilən ideyalar durur” – bunu SalamNews-ə açıqlamasında vitse-spiker, yəni Bahar Muradova deyib. “Müxalifətin nə vaxt xarici dəstəyi olub ki?” – bunu da B.Muradova deyib. Sadəcə ayrı-ayrı vaxtlarda, lap dəqiqi, birini aprelin əvvəlində, birini də ortalarında. 15 gün sizə bəlkə də qısa görünür, amma bu hakimiyyət, onun süfrəsinin qırıntılarından dolananlar üçün 15 gün sözün həqiqi mənasında əsrə bərabərdir. Adam nə qədər intizarda olar, nə qədər ölüb dirilər. Belədə heç dediyin sözün fərqinə varmırsan, dünənkini bu gün təkzib eləməyin vecinə də olmur.

Bəlkə də elə siyasət budur. Ya da YAP-da siyasət deyəsən, nəsə başqa şeyə deyirlər…

20 xarici diplomatın müxalifət liderlərilə görüşünə də hər cür adı neçə gündür YAP-ın telekanalları yapışdırır. Söyürlər, yamanlayırlar, onları müxalifətə dəstək verməkdə ittiham edirlər. Sonra taktika dəyişir, məlum olur ki, müxalifətin xaricdə dayağı yoxdur, heç etibar edib ona dəstək də vermirlər. Adamları lap buqələmuna döndəriblər. Başlayırlar yeni taktikaya uyğun açıqlamalar verməyə. Həm də bunun adını siyasət qoyurlar. Cəhənnəmə, qoysunlar, başqalarına əxlaq dərsi keçmək nədən? Bahar Muradova AXCP sədrinin müavini Gözəl Bayramlının “törətdiyi hərəkətlərə görə həbs olunduğunu” deyir. Amma “törədilən hərəkətin nədən ibarət olduğunu” bilmədiyini vurğulayır. Sonra da Azərbaycan qadınını “özünə siyasi yol seçərkən diqqətli olmağa” çağırır. Yapma, Allahı sevərsən. Bəs deyirsiz aksiyanı YAP-ın qərargahından izləmisiz, axı polis vəhşiliyi ordan çox aydın görünürmüş. Yəqin onu da görmüsünüz ki, Azadlıq, Demokratiya istəyən Gözəl xanımı həbs edərkən onunla vəhşicəsinə davranıblar. Ağamalı da bunu təsdiqləyər. Çünki özünü “hökm” verənlərdən biri kimi göstərib. Qul xətasız olmaz deyib bunun üstündən keçirik…
Siyasi yol nədir? O, Azərbaycan qadınının YAP-da olmasını nəzərdə tutursa, Allah göstərməsin. Heç düşmənimə də arzulamıram. Bir tikə çörəkdən ötrü seçki saxtakarlığına cəlb edilən, “karusel” əməliyyatına qoşulan, telekanallarda “şəhər sakini” adıyla müxalifəti söyən – budurmu sizin siyasi yolunuz? O yolumu məsləhət görürsünüz? O yolun adı başqadır, ifadələri düzgün seçmək lazımdır…

AMIP Ictimai Palatadan gedib. Yayılan açıqlamalarda bu gedişin maraqlı izahı var. Sən demə, Yusif Bağırzadə yalnız mitinq yolu ilə mübarizəni məqbul saymadığından Ictimai Palatanı tərk edib. Olsun. Amma əvvəlcə başqa yol göstərmək, bu yol etirazla qarşılanarsa, ondan sonra papkanı qoltuğuna vurub getmək qərarı vermək olardı. Təbii ki, qərarı özün verirsənsə…

Yol dedim, yadıma Qarabağa gedən yol düşdü. ATƏT-in Minsk qrupunu    n həmsədrlərindən biri bu yolda təbii ehtiyacını ödəyib. YAP-ın telekanalları tumanlarını başlarına atıb haray salıblar, ay aman, qoymayın, torpağımız murdarlandı.

Torpağımız ha… 18 ildir əlimizdə olan torpaqlara hər cür murdarlıqlar gətirənlərin harayıdır bu…