“Ürəyimiz Somadadır”

Niki Uilson: «Fəhlə yerin altına tək getmir»…

«Onunla birgə həyat yoldaşının, uşağının, atasının, anasının ümidləri də gedir»

Türkiyədə 300-dən artıq adamın həyatına son qoyan kömür mədənində baş verən qəza bu sahədə çalışanlara diqqəti və marağı bir qədər də artırıb. Türkiyənin “Radikal” qəzeti Böyük Britaniya şaxtalarında vəziyyətə nəzər salıb. Nəşr Britaniya şaxtaçıları milli həmkarlar ittifaqının prezidenti Niki Uilsonun fikirləri ilə tanış olub. 

Şaxtaçılar, və şaxtalardakı qəzalardan danışan Uilson son yüz ildə Türkiyədəki qəza kimi olayla üzləşmədiklərini deyir. Səbəb isə sadəcə bəxtlərinin gətirməsi deyil.

4 nəfərin ölümünə səbəb olan qəza faciədir 

Mədənçilərin milli həmkarlar ittifaqı (NUM) – bu növ ittifaqların ən qədimlərindən biridir. Ittifaq 1945-ci ildə XIX əsrdə Böyük Britaniyada yaradılan “Birləşmiş Krallığın mədənçilər federasiyası”nın yenidən qurulması nəticəsində təşkil edilib. Bu Böyük Britaniyanın ən iri və daha çox təsiri olan həmkarlar ittifaqıdır. Niki Uilson bu ittifaqa 2010-cu ildən rəhbərlik edir. Nəşrin yazdığına görə, Türkiyə hakimiyyətinin dünyanın müxtəlif hissələrində nümunə gətirdiyi bənzər qəzalar yüz il əvvələ aiddir. Nəşr bu səbəbdən Böyük Britaniyada mədən işçilərinin həyat və iş şəraitinin nə yerdə olduğunu öyrənməyə çalışıb. Əslən şotlandiyalı olan keçmiş mədənçi Uilson həmkarlar ittiaqının rolundan tutmuş əməyin mühafizəsinin təminatına qədər tədbirlərdən söz açıb. Uilson sonuncu dəfə Böyük Britaniyada şaxtada faciənin nə vaxt baş verdiyini yadına sala bilmir. Ancaq bu ölkə və həmkarlar ittifaqı üçün 4 nəfərin həyatına son qoyan qəza da fəlakət hesab olunur. 

Bu qəza 2012-ci ildə Uelsdə baş verib və dörd fəhlənin ölümünə səbəb olub. Bunu faciə adlandıran Uilson dağ-mədən müəssisəsinin direktorunun hələ də məhkəmə istintaqı altında olduğunu deyir. Uelsin xüsusiyyəti ondadır ki, orda açılan şaxtalar çox kiçik olur. Normal şəraitdə kömür şaxtasında 400-600 fəhlə çalışır. Uilson belə şaxtalarda bir nəfərdən artıq adamın həyatına son qoyan qəzaları “böyük qəza” adlandırır. 

“Somadakı qəzaya oxşar faciə xatırlamıram”

Türkiyədə baş verən faciəyə gəldikdə, o belə miqyasda qəzanı xatırlamadığını deyir. “Belə qəza olubsa da, çoxdan olub. XIX əsrin sonlarında – XX əsrin əvvəllərində. Ancaq dəqiq xatırlaya bilmirəm”, – deyə təcrübəli mədənçi bildirir. Bununla belə o kömür mədənlərində qəza və ölümlərin “adi hal” olması fikri ilə də razılaşmır. “Bu fikirlə qətiyyə razı deyiləm. Əgər 200 il əvvələ, 1800-ci illərə qayıtsaq, onda belə hallara rast gəlmək olardı. Böyük Britaniyada şaxtalarda belə ciddi qəzalar olub. Ancaq hətta onların da miqyası və tez-tez təkrarlanması indi bəzi yerlərdə baş verənlərlə müqayisəyə gəlmir. Tam səmimiyyətlə deyə bilərəm ki, artıq təxminən 100 ildir Böyük Britaniyada Türkiyədə baş verən qəza miqyasında fəlakətlə üzləşmirik. Səbəb isə sadəcə bəxtimiziin gətirməsində deyil. Böyük Britaniya əməyin təhlükəsizliyinə təminat verən qanunlar qəbul edib. Artıq bu ölkədə dağ-mədən sənayesi sistemində ölüm və qəza normal hal sayılmır. Bir çox normativ hallar sınaq və səhvlər yolu ilə hazırlanıb. Ən doğru variant tapılana qədər isə xeyli vaxt keçib. Ancaq bu gün biz tamamilə başqa mərhələdəyik. Ölüm və qəzalar dağ-mədən sənayyesinin məğbul yaxud norma hesab olunan tərkib hissəsi ola bilməz. Onların qarşısını almaq olar. Ona görə də heç kimin belə danışmağa haqqı yoxdur. Dağ mədənçilərinin həmkarlar ittifaqı kimi biz mübarizəmizi davam etdiririk ki, dövlət dağ-mədən qanunvericiliyini təkmilləşdirmək qərarı versin. Biz bir çox təkliflərə qarşı çıxırıq, hesab edirik ki, tətbiq edilən qanunvericiliyin sərhədlərinin genişləndirilməsinə yönəlik dəyişikliklər mənədçilərin həyatına və işinə təhlükə yarada bilər”.

Uilson özəlləşdirmənin dağ-mədən sektorunda çalışan fəhlələrin təhlükəsizliyinə təsirindən də söz açır. Onun sözlərinə görə, onların şaxtaları mühafizəkar hökumət tərəfindən əsasən 1994-cü ildə özəlləşdirilib. Hazırda onların sahibləri özəl şirkətlərdir. Özəlləşdirmədən sonra təhlükəsizlik sahəsində hər hansı dəyişikliklər olmadı, çünki kömür mədənləri dövlət mülkiyyətində olan dövrdə təhlükəsizliklə bağlı qəbul edilən qanunlar qüvvəsində qalmışdı və öz təsirini itirməmişdi. Ancaq indi bir qrup mütəxəssis bu qanunlara dəyişikliklərin mümkünlüyü məsələsini müzakirə edir. Lakin Uilson belə dəyişikliklərə qarşı çıxdıqlarını deyir. Çünki təhlükəsizlik sistemində cüzi zəifləmə insan həyatı bahasına başa gələ bilər. Heç kim belə riskə getməməlidir.

“Biz təhlükəsizlik sahəsində heç vaxt güzəştə getməməyimizlə tanınırıq”

Uilson dağ-mədən sahəsində həmkarlar ittifaqları və onların hərəkatının roluna da toxunur. Böyük Britaniyada onların rolu çox böyükdür. 

Uilsonun sözlərinə görə, qanunvericilik onlara kömür mədənlərinə müstəqil, xüsusi təlim keçmiş müfəttişləri şaxtalara göndərməyə imkan verir. Bütün müfəttişlər hər hansı regionu yaxşı bilən həmkarlar ittifaqlarının üzvləridir və müəyyən kömür mədənləri üçün həmkarlar ittifaqı tərəfindən müfəttiş kimi seçilir. Onların nə vaxt və hansı şərtlə mədənə gedərək təftiş aparacağını da həmkarlar ittifaqı müəyyən edir. Yəni həmkarlar ittifaqı kömür mədəni fəhlələrinin təhlükəsizliyi məsələsinin tam mərkəzində dayanır.

Uilson onların həmkarlar ittifaqının uzun müddətdir mövcud olduğunu və böyük hörmətə sahib olduğunu deyir: “Biz təhlükəsizlik sahəsində heç vaxt güzəştə getməməyimizlə tanınırıq. Bizim bu və ya digər kömür mədəninə müxtəlif peşəkar baxımdan yeraltı və yerüstü iş şəraitini təhlil edə biləcək üç fərqli müffəttiş göndərmək hüququmuz var. 

“Yoxlamadan yayınma olsa, ciddi sanksiyalar, hətta müəssisənin bağlanması da mümkündür”

Uilson yoxlamalar nəticəsində sanksiyaların ola biləcəyini də istisna etmir: “Müfəttişlərin hazırladığı hesabatın bir nüsxəsi mədənçıxarma məssisəsinin rəhbərinə, digəri – dövlət müfəttişinə göndərilir. Beləliklə, mədən sahibinin yoxlama aparanların nəticələrinə əhəmiyyət verməməsini imkanı istisna edilir. Hər hansı uyğunsuzluq müəyyən edildiyi halda müəssisənin rəhbəri sübut etməlidir ki, zəruri düzəlişlər təyin edilən müddətdə edilib və bu sübutları dövlət müfəttişlərinə göndərməlidir. Əgər bundan yayınma müşahidə edilsə, ciddi sanksiyalar, hətta müəssisənin bağlanması mümkündür”. 

Həmkarlar Ittifaqının rəhbəri kömür mədənlərində subpodrad işlərin aparıldığını da istisna etmir. Onun sözlərinə görə, Britaniyada subpodradçı şirkətlər olsa da, onlar kömür mədənlərində işçi qüvvəsinin kiçik bir hissəsini təşkil edir. Subpodradçı şirkətlərlə fəhlələrin müstəqil şəkildə həll edə bilmədiyi xüsusi məsələlərlə bağlı müqavilələr bağlanır. Ancaq bununla bağlı yaranan münasibətlər də qanunvericiliklə aydın şəkildə tənzimlənir. Subpodradçı təşkilatlarla müqavilə əsasında müəyyən müddətə işə götürülən fəhlələrin həyatının təhlükəsizliyinə görə də mədənçıxarma şirkətinin direktoru cavabdehdir. Subpodradçı fəhlələr eyni təhlükəsizlik texnikası qaydalarına riayət etməlidir. Hər şey uçota alınır. Ümumiyyətlə, subpodradçı işlərə nadir hallarda müraciət olunur, kömür mədənində işləyənlərin, demək olar, hamısı ştatda olan sığortalanmış işçilərdir. 

“Fəhlələrin həyatının qorunması məsələsini təkcə rəhbərliyə həvalə etmək olmaz”

Uilsonun sözlərinə görə, fəhlələrin həyatının qorunması məsələsini təkcə rəhbərliyə həvalə etmək olmaz. Çünki onların əsas məqsədi gəlir əldə etməkdir. Ona görə də bütün detallar qanunvericilikdə öz əksini tapmalıdır. 

Böyük Britaniyada fiziki əməklə məşğul olanlar arasında ən böyük məvacibi məhz kömür mədənində işləyənlər alır. Onlar ildə orta hesabla 55 min funt sterlinq (72 min 782 manat) alır. Bu da aya 6 min manatdan çox edir. Ancaq Uilson bunu yetərli hesab etmir. Tetçerin həmkarlar ittifaqlarına münasibətdə mövqeyi və britaniyalı şaxtaçıların təxminən bir il davam edən tətilləri bağ mədən sənayesini əhəmiyyətli dərəcədə zəfilədib. Əgər 1980-ci illərdə Böyük Britaniyada 250 min şaxtaçı var idisə, hazırda bu rəqəm 2 minə düşüb. Ancaq Britania hələ də çoxlu kömür yandırır. Elektrik enerjisinin istehsalı kömürlə bağlıdır. Ancaq bu tələbatın 60 faizi idxal hesabına təmin edilir. Kömür əsasən Rusiya və digər ölkələrdən alınır. Çünki idxal daha ucuz başa gəlir. Həmkarlar Ittifaqı isə hesab edir ki, şaxtaçıların əmək haqqı artırılsa, daha çox adam bu sahədə çalışa bilər. Bu da Britaniyanın kömür idxalından asılılığını aradan qaldırar.

“Somadakı kimi qəzalar bir neçə ailənin deyil, hətta şəhərlərin sarsıntısına çevrilir”

Dünyanın ən iri həmkarlar ittifaqını təmsil edən Niki Uilson bütün dünyada şaxtaçıların həmkarlar ittifaqları ilə əməkdaşlıq etdiklərini, əlaqələr yaratdıqlarını deyir. Onun fikrincə, ölkə daxilində və xaricində əməkdaşlığı genişləndirmək çox vacibdir. Bunu anlamaq üçün şaxta fəhlələrinin necə yaşadığını bilmək lazımdır. Bu iş başqa fiziki əməyə oxşamır. Fəhlə yerin altına tək getmir. Onunla birgə həyat yoldaşının, uşağının, atasının, anasının ümidləri də gedir. Bütün ailə, hətta bütün regionun əhalisi bir işlə yaşayır. Ona görə də şaxtaçıların kollektiv ruhu belə yüksəkdir. Digər sahələrdə çalışanlarda buna nadir halda rast gəlmək olar. Təəssüf ki, bu işin ağır tərəfləri də var. Somadakı kimi ağır qəzalar təkcə bir neçə ailənin deyil, hətta şəhərlərin sarsıntısına çevrilir. Belə qəzaların effekti bir neçə nəsillərə təsir göstərir: “Keçmiş şaxtaçı kimi deyə bilərəm ki, Soma sakinlərinin nələr çəkdiyini heç təsəvvür edə bilmərsiniz. Söhbət o hislərdən gedir ki, şaxtanın nə olduğunu bilməyənlər bunu heç vaxt qiymətləndirə bilməz. Bizim ürəyimiz ordadır”. 

Fizzə