Baş nazirin müavini aqrar sahədə «Şöhrət» ordeninə layiq hansı xidmətləri göstərib?
Xəbər verildiyi kimi ölkə başçısı Ilham Əliyev baş nazirin müavini Ismət Abbasovu “Şöhrət” orden ilə təltif edib. Bu günlərdə 60 yaşı tamam olan Ismət Abbasova məlum orden aqrar sahədə göstərdiyi xidmətlərə görə verilib.
Lakin ordenin verilməsi əlbəttə ki, Ismət Abbasovun doğum günü ilə bağlıdır. Artıq neçə illərdir ki, Azərbaycanda ordenlər ad günü hədiyyəsini əvəzini edir.
Yox əgər Ismət Abbasov həqiqətən də aqrar sahədə göstərdiyi xidmətələrə görə təltif edilibsə, o zaman bir neçə məqama aydınlıq gətirilməsi zəruridir. Birincisi, Ismət Abbasov kənd təsərrüfatı naziri vəzifəsindən çıxarılıb. Onun yerinə gələn Heydər Əsədov bu sahənin bərbad vəziyyətdə olduğunu üzə çıxarıb. Hər halda Heydər Əsədovun nazirlikdə komandanı dəyişməsi, Ismət Abbasovun kadrlarının yarıtmaz fəaliyyətlərilə izah edilir. Ikincisi, Ilham Əliyev özü müşavirələrin birində subsidiyaların təyinatı üzrə xərclənmədiyini bildirib. Bu sahədə korrupsiya hallarının mövcudluğunu diqqətə çatdırıb. Həmin vaxt da kənd təsərrüfatı naziri məhz Ismət Abbasov idi. Üçüncüsü, “Aqrolizinq”in bir neçə əməkdaşı qanunsuz əməllərinə görə həbs edilib. Onlar Ismət Abbasovun kadrlarıdır. Siyahını uzatmaq da olar, amma hələlik sadaladıqlarımız bəsdir. Indi belə çıxır ki, bütün bunlara “Şöhrət” ordeni düşür. Bəlkə də Ilham Əliyevin Ismət Abbasovu təltif etməsi, onun baş nazir təyin olunmasına hazırlıq prosesinin tərkib hissəsidir.


