Baş nazir postu ilə bağlı yeni məlumatlar

Paşayevlər Artur Rasizadənin yerinə kimi hazırlayır?

Hakimiyyətdəki əsas qruplaşmalardan olan Paşayevlərə vergilər naziri Fazil Məmmədovu baş nazir postuna hazırlayır. Iqtidar mətbəxindən redaksiyamıza sızan məlumatda belə deyilir. Bildirilir ki, bu günlərdə Fazil Məmmədovun Fransaya səfər etməsi və orada Avropa strukturlarının nümayəndələri ilə görüşlər keçirməsi də əslində vergilər nazirinin təqdimatı xarakterini daşıyır.
Qeyd edək ki, baş nazir Artur Rasizadənin əvəzlənməsi zərurəti çoxdandır yaranıb. Lakin iqtidarda baş nazir postuna iddialıların çox olması Artur Rasizadənin əvəzlənməsini ləngidir. Indiyə qədər baş nazir postuna əsas iddialılar sırasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun, dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin və Milli Məclisin sədri Oqtay Əsədovun adı çəkilib. Lakin görünən odur ki, Ilham Əliyev bu şəxslərdən heç birini Artur Rasizadənin postuna təyin etmək niyyətində deyil. Bəzi məlumatlara görə, ölkə başçısı baş nazir postunda keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini vəzifəsində çalışan Ismət Abbasovu görmək istəyir. Ismət Abbasovun baş nazirin müavini təyin edilməsi də buna hazırlıq kimi qiymətləndirilir. Fazil Məmmədovun da adı baş nazir postuna iddialılar sırasında çəkilib. Indi bəlli olur ki, o, Paşayevlərin əsas namizədidir. Paşayevlərin onu baş nazir təyin etdirə biləcəyini söyləmək çətin olsa da, gələn məlumatlarda deyilir ki, hakimiyyətdəki ikinci soyad bu istiqamətdə ciddi səylər göstərir.