Əyləncə, yoxsa ölüm qurğusu?

Həftəsonu paytaxt gündəminə yenə bədbəxt hadisə damğasını vurdu. Qobustandakı əyləncə mərkəzində attraksionun aşması 10 yaşlı uşağın ölümünə səbəb oldu. Dəniz adlı bu uşaq  Marionet Teatrının yaradıcısı və rejissoru Tərlan Qorçunun qızı imiş, görkəmli alim Rəhman Bədəlovun da nəvəsi. Belə halda bədbəxtlik üz vermiş ailənin kədərini və faciəsini ifadə edəcək söz tapa bilməz insan. Bu ağrının dərinliyi yalnız gözəl bir ümidin anidən qırılıb düşdüyü yerdə bilinər, Dənizin ata-anasının ürəyində yəni… 

Dəniz Bakı Oksford Məktəbinin şagirdi idi. Ora da müəllim və məktəb yoldaşları ilə əylənməyə gedibmiş. “Qəzavü-qədər”ə inanan biriyəm. Amma qazanc ehtirası ilə kimlərinsə səhlənkarlığı üzündən baş verən bu faciə “qəzavü-qədər” deyil, o işdə imzası olanların məsuliyyətidir.  

Kimindir bu “Bağ-bağat” Istirahət-əyləncə Mərkəzi, bilən varmı? Mərkəzin açılışında ölkə başçısı özü belə iştirak edibmiş. O halda, məntiqlə bu qanlı hadisəyə cavabdeh kəsləri cəzalandırmaq da birbaşa yuxarıların marağında olmalıdır. 

Bilirsiniz, bu, paytaxtda baş verən ilk belə hadisə deyil.  Irili-xırdalı bənzər qəzalar vaxtaşırı olur. Xəbər yayılan gün illər öncə sirkdə bir neçə uşağın ölümü ilə nəticələnən bənzər hadisəni xatırladım. Bir də keçən il istirahət mərkəzində balaca Imranın başına gələn qəzanı. Yeri gəlmişkən, valideynlərə bir şeyi xatırlatmaq istəyirəm: bu əyləncə qurğularında təhlükəsizlik qaydalarına çox da etibar etməyə dəyməz, uşaqlarınızı göz görə-görə riskə atmayın! 

Hər dəfə Bakının abadlaşdırılmasından və modernləşməsindən söz düşəndə şəhərdə qurulan yeni istirahət parklarının və oradakı əyləncə qurğularının reklamına xüsusi yer ayrılır. Xaricdən baha qiymətə alınıb gətirilən bu əyləncə qurğuları kiminsə biznes mənbəyidir, şübhəsiz. Bizim insanlar da çal-çağırı, şənliyi çox sevər, uşaqlı-böyüklü əyləncə məkanlarını boş buraxmazlar. Amma hər kəs də bu baş döndürən, göyün üzündə ləngər vura-vura fırlanan qurğuların necə təhlükəli əyləncə vasitəsi olduğunu yaxşı bilir. Risk sevən adamlara rəğbətim var. Lakin texniki istismarına, sazlığına əmin olmadığım əyləncə qurğularından da uzaq dayanmağın ən düzgün yol olduğunu düşünürəm. 

Şübhəsiz, məsələ mənim tövsiyəmlə də bitmir. Insanların əylənmək və istirahət haqqı da var axı. Bu boyda şəhərdə valideynlərin uşaqlarını rahat götürə biləcəyi əyləncə yerləri olmalıdır, ya yox? Olmalıdır təbii. Bunun üçün də, hər şeydən əvvəl yaşadığımız şəhərin sözügedən istirahət məkanlarına nəzarət edən qurumları papağını qarşısına qoyub düşünməlidir. Kimin harada hansı attraksionu və ya parkı açması öz işinizdir. Kimin hardan nə qədər qazanacağını da özünüz bilərsiniz. Biznes qurmağın, yeni əyləncə məkanları açmağın və pul qazanmağın düşməni deyilik. Sadəcə, bu ölkə insanının əzab-əziyyətlə ovcuna aldığı az-çox qazancdan xeyir götürüb, onların həyatını kabusa çevirməyin. Hər bir ailə övladının fiziki və ruhi baxımdan sağlam böyüməsi üçün özünü oda-közə vurur. Uşaqların əylənmək arzusu ilə o məkanlara üz tutan valideynləri qınamağa nə haqqımız var ki? O zaman siz də əyləncə və qazanc adına qurduğunuz o qurğuları ölüm mexanizminə çevirib, həyatı insanlara haram etməyin!