Azərbaycan hakimiyyəti Qərbə hücum etməklə düşdüyü çətin vəziyyətdən çıxmaq istəyir
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibəsindən sonra Ilham Əliyevin hakimiyyətinin səfirə və təmsil etdiyi ölkəyə hücumunun sirri açılıb. Diplomatik mənbələrdən “Azadlıq”a sızan məlumatlarda deyilir ki, hakimiyyətin Qərblə qarşıdurmanı dərinləşdirməsinin əsas səbəbi iyun ayında Avropa Ittifaqının Brüsseldə keçiriləcək tədbirdir. Bu tədbirdə Gürcüstan və Moldova Şərq tərəfdaşlığı proqramı çərçivəsində assosiasiya sazişini imzalayacaq. Adıçəkilən ölkələrin assosiasiya sazişini imzlaması sentyabr ayında baş tutmalı idi. Ukraynadakı hadisələrdən sonra Avropa Ittifaqı vaxtı irəli çəkib.
Qeyd edək ki, Azərbaycan bu proqram çərçivəsində yalnız sadələşdirilmiş viza sazişini imzalayıb. Qarşıda Azərbaycanı azad ticarət və assosiasiya sazişləri gözləyir. Diplomatik mənbələrdən sızan məlumatda deyilir ki, Azərbaycan bu mərhələləri keçmək niyyətində görünmür. Qərb isə israr edir. Azərbaycan rəhbərliyindən tələb edilir ki, iyun ayında keçiriləcək tədbirdə ən pis halda azad ticarət sazişi imzalanmalıdır. Bildirilir ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərində əsas müzakirə mövzusu məhz bu məsələ olub. Çünki Gürcüstan və Moldovadan sonra Azərbaycan GUAM ölkələri arasında bu mərhələləri keçməyən yeganə ölkə olacaq. Qərb isə Azərbaycanın bu sırada olmasını arzulayır və buna təkid edir.
Azərbaycan hakimiyyətinin Avropaya inteqrasiya niyyətində olmamasının əsas səbəbi insan azadlıqları və Rusiya təhlükəsilə bağlıdır. Rusiya Azərbaycanı Avrasiya Ittifaqında görmək istəyir. Azərbaycan hakimiyyəti də anlayır ki, azad ticarət sazişini imzalamaq artıq Avropanın bir hissəsi olmaq deməkdir. Bu isə Rusiyanın hiddətinə səbəb ola bilər. Azərbaycanın Rusiyanı seçməsi isə Qərbin təzyiqlərinə tuş gəlməsilə nəticələnə bilər. Indiki situasiya isə iki yoldan birini seçməyi diktə edir. Beləliklə hakimiyyətin uzun illərdir yürütdüyü konyuktur balans siyasəti indi işə yaramır.
Məlumatlarda bildirilir ki, hakimiyyət ənənəvi üsulla, yəni Qərbi şantaj etməklə və münasibətləri gərginləşdirməklə vəziyyətdən çıxmağa çalışır.