Şir ürəkli Riçard

Səfir kimi ilk işi mərhum prezident Heydər Əliyevin heykəli önündə baş əymək olan Riçard Morninqstar hazırda Azərbaycan hakimiyyəti tərəfindən “persona non-qrata” edilmək ərəfəsindədir. Özü də fəaliyyət müddətinin sona çatmasına cəmi üç ay qalmış… 

Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin səfirə qarşı irəli sürdüyü ittihamlar çox ağırdır. Normal ölkələrdə bunun ardınca istənilən səfirə şələ-şüləsini yığışdırmaq üçün 48, yaxud da 72 saat vaxt verilir. 

Mən Morninqstarın müsahibəsini dəfələrlə oxudum. Orada Azərbaycan dövlətini, eləcə də müstəqilliyimizi təhdid edə biləcək hansısa bir məqamı rast gəlmədim. Əksinə, səfir bir az da irəli gedərək, Qarabağ məsələsi də daxil olmaqla, Azərbaycan dövləti və xalqının qarşılaşdığı problemlərin həllində ABŞ-ın ata biləcəyi addımlardan danışdı. 

Sual oluna bilər, Ramiz Mehdiyev niyə narahatdır”.

Bu suala cavab vermək üçün hər iki müsahibədən paralel olaraq sitatlar gətirmək, obrazlı desək, ABŞ diplomatı ilə  Ramiz Mehdiyevin qiyabi (xəyali yox, çünki PA rəhbərinin açıqlamaları əslində səfirə cavabdır – X.Ə.) dialoqunu canlandırmaq istəyirəm. Buyurun, hövsələniz varsa, tanış olun…

R.Morniqstar: “Biz hesab edirik ki, əgər vətəndaş cəmiyyətinə daha çox açılım olsa, stabillik daha güclü olar. Və bu, uzun müddətli perspektivdə Azərbaycan vətəndaşlarının da marağındadır. Və səmimi deyim ki, bu, həm də Azərbaycan hökumətinin maraqlarına uyğundur… Və bəzən elə şeylər baş verir ki, tamamilə lazımsızdır –  vətəndaşları incidir və heç kimin də maraqlarına xidmət eləmir, hətta hökumətin də”.

R.Mehdiyev: “Qeyd olunan müsahibənin kontekstinə əsaslanaraq deyə bilərəm ki, səfir həddini çox aşıb. O, özünü qışqıraraq Azərbaycanı idarə edən hansısa qubernator hesab edir”.

R.Morniqstar: “Bizim mövqeyimizə o baxımdan təsir edib ki, indi Dağlıq Qarabağ münaqişəsinin çözümünü daha vacib hesab edirik. Hər zaman vacib idi. Amma Ukrayna böhranından sonra daha vacibdir.

… amma istənilən nizamlama planı bu yeddi rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutmalıdır.

Məncə, Ceyms Uorlik bunu aydın söylədi və bu, bizim aydın siyasətimizdir. Bəli, Dağlıq Qarabağla Ermənistanı birləşdirən, Laçından keçən kiçik koridor ola bilər və hələ bu da danışılmalıdır. Və biz 7 rayondan danışarkən, mən ona görə Dağlıq Qarabağı ayırıram ki, onun yekun statusu danışıqlar vasitəsilə müəyyənləşməlidir. 

R.Mehdiyev: “Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan müstəqil dövlətdir, kiminsə müstəmləkəsi yox. Biz Azərbaycana qarşı hörmətsizliyə dözə bilmərik”.

R.Morninqstar: “Məncə, hökumət də, yuxarılarda da korrupsiyanın olduğunu qəbul edir. Biz bəzi, nisbətən yuxarı vəzifələr tutan adamlara qarşı da addımların atıldığının şahidi olduq, amma burda da ayrı-seçkilik vardı. Bu sahədə də gediləsi uzun yol var. …inhisarçılıq, oliqarx iqtisadiyyatı həqiqətən də Azərbaycanın inkişafı, uğuruna mane olan ciddi problemdir. Xüsusilə də qeyri-enerji sektorunda”.

R.Mehdiyev: “Aydındır ki, səfir Morninqstarın və onun fəaliyyətinə birbaşa rəhbərlik edənlərin dünyagörüşü keçmişdə ilişib qalıb və zamanla təzad təşkil edir”…

R.Morninqstar: “Əlbəttə ki, bu məhkəmələrdən bəzilərinin gedişatı, çıxarılan qərarlar bizi çox təşvişə salıb. Bu proseslərlə bağlı ədalətli qərarların verilməsi, əlbəttə, uğur göstəricisi ola bilərdi.

Jurnalistlərə hücumlar azalsa, bu da bir uğur olar, vətəndaş cəmiyyəti ilə yeni dialoqa başlamaq da uğur göstəricisi ola bilər”.

R.Mehdiyev: “Yeri gəlmişkən, bu, bəzi Qərb dövlətlərinin səfirlərinə də aiddir. Hansılar ki, Amerika səfirinin hərəkətlərinə uyğun olaraq hərəkət etməyə çalışırlar. Biz Azərbaycana qarşı hörmətsiz münasibətə dözmək niyyətində deyilik”. 

Bu qiyabi dialoq əslində son 20 ildə ölkənin hansı təfəkkürlə idarə edilməsinə bariz nümunədir. Bu təfəkkür yüzlərlə məsum insanı azadlıqdan məhrum edib, iki milyondan çox vətəndaşımızı bir parça çörək dalınca yad ellərə göndərib, minlərlə vətəndaşın evini buldozerin ağzına verib, nəhayət, on minlərlə ailəni zor durumda buraxaraq, onların dağılmasına şərait yaradıb. 

Riçard Morninqstarın arzuları həm də milyonlarla sadə vətəndaşların arzusudur. Ədalətli, rüşvət və korrupsiyadan uzaq demokratik cəmiyyət və ən başlıcası, Qarabağlı Azərbaycan. 

Məsələyə bu prizmadan yanaşsaq, təhdid olunan Riçard yox, elə milyonlarla Azərbaycan vətəndaşıdır.