Suraxanıdakı 7 saylı xüsusi internat məktəbdə müəlliməsinin döydüyü uşaq haqqında mətbuat bir neçə gündür yazır. Təhsil Nazirliyi və Daxili Işlər Nazirliyi dərhal təkzib verdi ki, yox, uşaq döyülməyib, sadəcə, yıxılıb. 7 yaşlı Nihad Cavadovun gözünün altındakı ləkələr göstərir ki, biçarə yıxılana oxşamır. Üstəlik, özü də internetdə yayılan videoda necə və kimin onu döydüyünü açıqca danışır.
Bir də niyə uzağa gedirik? Hamı da bilir ki, internat məktəblərdə uşaqlarla necə istəyirlər elə da davranırlar….
Döyürlər də, söyürlər də…
Yeməyini də oğurlayırlar, geyməyini də…
Gündəlik ata-ana nəzarətində olan uşaqların yeməyini bağçadan oğurlayırlarsa, görün oralarda nə baş verir.
Digər tərəfdən də, bunlar eynən böyüklərlə baş verənlərdir. Polis cavana-qocaya, kişiyə-qadına baxmadan adamları döyür bu ölkədə. Sonra da demirlərmi ki, yıxılıb!
Kəmalə Bənənyarlı ən yeni nümunədir, döydülər, sonra da təkzib etdilər, hətta Elçin Behbudova təkzib etdirdilər.
Əsgəri də döyüb öldürür, sonra da yıxıldığını söyləyirlər, ya da özünə qəsd etdiyini.
O ki qaldı, 7 yaşlı Nahidin atasının tələsik ortaya çıxarılmasına və onun da oğlunun “qayğısına” qoşulmasına, elə böyüklərlə də belə işlər olur. Oğlunun işgəncədən öldüyünü deyən əsgər valideynləri iki gün sonra bunu təkzib etmədilərmi? Ümumiyyətlə, “Bizim dərdimizi siyasiləşdirməyin” deyərək öldürənlərin əl-üzünü yuyan azmı ailələr gördünüz?
Ölkəmiz özü bir internat kimidir, direktoru da adam döyəndir, müəllimləri də. Adamları da yetim və atılmış uşaqlar kimidir.
Ona görə də 7 yaşlı internat uşağı Nahidin internat ölkə olan Azərbaycanda döyülməsində və sonradan yıxılmış elan edilməsində, atasının da tapılıb oğlunun dərdini “siyasiləşdirməməyə” çağırmasında təəccüblü heç nə görmürəm. Amma üzə çıxan atası danışarkən bizim ölkə üçün çox incə və əlahiddə problemi açan bir “quş” buraxıb. Hətta buna şirinquş da demək olar. Hökumət KIV-lərində yayılan çıxışında Zaur Cavadov oğlunun döyülmədiyini deyib: “…Mən özüm də orda olmuşam, hər şey yaxşıdır. Sadəcə, Nihada şirni verib aldadıblar, onun səsini yazıblar”.
Indi bu Zaur Cavadova onun vicdanı sual verə bilər: bəs o 7 yaşlı uşaq şirniyə niyə belə həsrətdir ki, konfetə görə ona ata-ana olan müəllimini, doğma evinə çevrilmiş və hər şeyin yaxşı olduğu məktəbini şərləyir? Hər şey yaxşıdırsa, niyə orada uşaqlar konfetə görə yalan danışır? Uşağın şirniyə görə bu qədər ciddi yalan danışdığı bir yerdə hər şey necə yaxşı ola bilər?
Nəhayət, uşağın şirni payını kim yeyir ki, o da konfet görəndə sanki atasını görür və aldanır? Hələ onu demirik ki, hər şey belə yaxşıdırsa, atanın o uşağı konfetlə təmin etmək imkanı niyə yoxdur?
Bax, yalan elə bir şeydir ki, hökmən səhv və iz buraxırsan. Şirnili səhv olsa da!
Bizim ölkədə hər şey də elə bu şirninin başındadır, uşağın və böyüyün şirnisini oğurlayırlar və bütün oyunlar da bunun üstündə qurulur. Internat məktəbdə də belədir, adi məktəbdə də, universitetdə də. Sonra da Tanrıdan, insandan, Vətəndən, Qarabağ dərdindən, inkişafdan və hər şeyin yaxşı olduğundan danışırlar. Və guya bircə problem var: hərdən kimsə yıxılır və xəsarət alır.