Qərblə əməkdaşlıq edib, şərqə hesabat verməyin məntiqi
Mayın 6-da Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısı keçirilib. Ölkə başçısı Ilham Əliyev də Zirvə Toplantısında iştirak edib.
Ilham Əliyev çıxışında bildirib ki, terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir. Daha sonra ölkə başçısı Azərbaycanın da terrorizmin qurbanı olduğunu, erməni terror təşkilatlarının Azərbaycana qarşı 30-dan artıq terror aktı törətdiklərini və bununla da 2000-dən çox insanın həlak olduğunu bildirib.
Bir sözlə Ilham Əliyev məlum müşavirədə anti-terror əməliyyatlarından və Qarabağdan danışıb. Biz bu yazıda onu şərh etməyə çalışacağıq ki, ölkə başçısının səsləndirdiyi fikirlər, mövcud siyasi kursla necə ziddiyyət təşkil edir.
ABŞ-sız anti-terror əməliyyatı
Təcrübədən deyə bilərik ki, Azərbaycan bütün anti-terror əməliyyatlarında Qərblə birlikdə iştirak edib. Kosovada, Iraqda, Əfqanıstanda Azərbaycan sülhməramlıları NATO ilə əməkdaşlıq çərçivəsində hərəkət edib. Yəni, terrorizmlə mübarizə bütün dövrlərdə Qərblə birgə həyata keçirilib. Indiki halda isə hakimiyyət bütün komandası ilə anti-Qərb təbliğatını aparır. Son olaraq ABŞ-a qarşı aqressiv münasibət də bu kampaniyanın tərkib hissəsidir.
Hansıki, ABŞ səfiri müsahibəsində bildirmişdi ki, ABŞ Azərbaycanın təhlükəsizliyinin qarantıdır və Azərbaycanın suverinliyi üçün bizdən başqa heç kim səsini çıxartmaz. Bu fikirlərin həqiqət olduğunu hakimiyyət də bilməmiş deyil. Terrorizmlə mübarizənin əsas dayaqlarından imtina edib, anti-terror əməliyyatlarından danışmaq, məntiqsiz və qeyri-səmimi görünür.
Rusiyanın yanında dayanıb Ermənistanı söymək
Yuxarıda qeyd etdiyimz kimi Ilham Əliyev Şanxay sammitində Qarabağ münaqişəsindən də geniş danışıb və Ermənistanın ünvanına kəskin fikirlər səsləndirib. Eyni sammitdə Rusiya ilə yan-yana durub, Ermənistanı işğalçılıqda, terrorda ittiham etmək, hansı siyasi “fenomen”in təzahürüdür?.
Bütün dünya da, ölkə vətəndaşları da bilir ki, Qarabağın işğalı birbaşa Rusiyanın dəstəyi ilə mümkün olub. Ermənistanın oynadığı bütün “rəqs”lərin, Rusiyanın sifarişi olduğu da heç kimə sirr deyil. Üstəlik, Rusiya bu ölkə ilə hərbi əməkdaşlığın müddətini 2044-cü ilə qədər uzadıb. Belə ki, Rusiya tərəfi Ermənistanın hərbi təhlükəsizliyini və silahlı qüvvələrini müasir silahlarla təmin etmək öhdəliyi götürüb. Rusiyanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddəti 2044-cü ilədək artırılıb. Qeyd edək ki, Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir və bu bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir.
Belə bir reallıqda Rusiya ilə çiyin-çiyinə dayanıb, Ermənistanı ittiham etmək qeyri-ciddi görünür. Doğurdan da Qarabağ məsələsi önəmlidirsə, qəzəblə söylənilən fikirlər Rusiyaya yönəlməlidir. Digər tərəfdən ABŞ və Avropa birmənalı şəkildə bildirib ki, Qarabağ münaqişəsinin ədalətli həlli demokratiya və insan haqlarının bərqərar olmasından keçir.
“Könlü balıq istəyənin quyruğu suda gərək” məsəli, indiki vəziyyətə tam uyğundur. Balıq iştahında olmayanlar isə, suyun soyuqluğunu bəhanə gətirməsinlər.
Nəticəni necə qiymətləndirək
Şanxay sammitində terrorla mübarizə və Qarabağ barədə danışılanlar qulağa xoş gələndir. Ancaq, hər 2 istiqamətdə aparılan real siyasət, deyilənlərlə ziddiyyət təşkil edir. Çünki, nə terrorla mübarizənin, nə də Qarabağın açarı Şanxay komandasının əlində deyil. Hakimiyyət bu reallığı dərk etmirsə, siyasi təfəkkürünün olmadığını nümayiş etdirir. Yox, baş verənləri bilərək edirsə, bu xalqı aldatmaq və ələ salmaqdı.
Akif


