Rəsmi çevrə son üç ildə Azərbaycanda qiymət artımının sabitliyini diqtə edir
Ekspertlərə görə, istənilən vaxt həmin sabitlik pozula bilər
Rəsmi statistikaya görə, Azərbaycanda son üç ildə qiymət artımının aşağı səviyyəsi müşahidə edilir. Rəsmilərin qənaətincə, 2014-cü ilin mayın 1-də illik inflyasiya 1,9 faiz təşkil edib. Bu göstərici 2013-cü ildə 2,4, 2012-ci ildə 1,1 faiz olub.
Statistiklərə görə, inflyasiyanın belə aşağı səviyyəsi 2003-cü ildən sonra müşahidə edilməyib. 2009-cu ildə qlobal maliyyə böhranı ilə əlaqədar illik inflyasiya 1,5 faizə qədər düşüb. 2010 və 2011-ci illərdə bahalaşma 5,7 və 7,9 faiz səviyyəsinə yüksəlib və sonra da zəif inflyasiya dövrü başlayıb.
Hökumət inflyasiyanın sabitliyini özünün iqtisadi göstəriciləriylə izah etsə də, buna mövsümlə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının ölkə bazarına girməsi də təsir edir. Isti aylarda bu məhsulların digər ərzaq məhsullarına nisbətən böyük üstünlük təşkil etməsi, bütövlükdə lider olması, qiymətləri sabit saxlamağa imkan verir. Hökumət inflyasiyanın aşağı həddini nədən dizel və yanacağın qiymətini qaldıranda elan etmədi? Bu ritorik sualın açması rəsmi çevrəyə gün kimi aydındır. Amma bununla belə, inflyasiyanın aşağı düşməsini özünün uğuru kimi qiymətləndirir.
Iqtisadçı-ekspert Nemət Əliyev qeyd edir ki, Azərbaycanda bir neçə ay müddətində müvəqqəti olaraq sabitləşmə müşahidə edildiyi üçün rəsmi statistika belə bir bəyanatla çıxış edir. Ümumi sabitləşmə fonunda daxildə müəyyən qalxma və enmələr müşahidə olunur. Ekspertə görə, ölkədə qiymətlər doyma həddinə gəlib çatdığı üçün rəsmilərin diqqətini də cəlb edən məsələnin bu yönüdür: “Son dövrlərə qədər enerji daşıyıcıları, benzin və digər dövlət rüsumlarının qiymətlərində artma müşahidə olunurdu. Rəsmi şəkildə qiymətləri tənzimlənən məhsulların qiymətlərində artım varsa, deməli, burada qeyri-sabitliyin olması kimi fikirlər irəli sürülür. Ümumi şəkildə qiymətlərin vəziyyəti bazardakı tələb və təkliflə müəyyənləşdirilir. Bazara çıxarılan məhsulların kütləsi azalanda tələb-təklif arasındakı məsafədə də dəyişmələr olur. Qeyri-neft sektoruna daxil olan məhsulların istehsalında yaranmış problemlər, eləcə də Azərbaycana xarici ölkələrdən gətirilmiş malların kütləsinin azalması istər-istəməz qiymətlərdəki nisbi sabitliyə davamlı xarakter vermək üçün əsas yaradıb. Müəyyən mənada bu da nisbi sabitlik kimi qiymətləndirilir”.
Ekspert ölkənin qeyri-neft sektorundakı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsindəki problemlərin qaldığını, monopoliyanın tam gücüylə fəaliyyət göstərdiyini, haqsız rəqabətin hələ də işlədiyini söyləyir. Bu baxımdan, həmin məsələlərin həll olunmadığı təqdirdə, qiymətlərin uzun müddət ərzində sabitləşməsiylə bağlı söylənən fikirlər də öz təsirini itirmiş sayılır. Həmsöhbətimiz hesab edir ki, qiymətlərin yüksəlməsinə təsiredici faktorlar qalırsa, istənilən vaxt həmin sabitlik pozula da bilər.
Nigar


