“Yataqxanadan köçməklə hər şeyimizi itirə bilərik”

«Buranı da sökəcəklər, deyəcəklər ki, 18 ildir sizi öz hesabımıza yaşatdıq, daha bəsdir»

18 ildir BDU-nun yataqxanasında məskunlaşanlar ikinci dəfə qaçqın olacaqlarını deyirlər

Hökumətə Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin mərhələli deyil, eyni vaxtda köçürülməsi təklif edilib. Artıq bununla bağlı universitet rektoru Abel Məhərrəmov ölkə başçısına da müraciət edib: “Qarşıdan BDU-nun 100 illik yubileyi gəlir. Bəzən yubileyə bir il qalmış sərəncam verilir. Biz işə indidən başlamağı təklif etmişik”.

“Hesab edirəm ki, Azərbaycanın ilk təhsil ocağı olan BDU-nun 100 illik yubileyinə hazırlıq işləri aparılmalıdır. Çünki hər yerdən qonaqlar tökülüb gələcəklər. Qonaqların o yataqxanaları görmələri bizim üçün uyğun deyil”.

Cənab Məhərrəmov açıqlamasında onu da bildirir ki, BDU dünyanın 2000 ən yaxşı universitetləri siyahısına daxildir. Üstəlik bildirir ki, bu siyahıya düşməkdə yataqxananın 30 faiz payı var. Yəni, rektor neçə illərdir qaçqın şəhərciyinə çevrilən yataqxananın “zəhmətini” danmır. Ancaq bir şeyi qeyd etmək lazımdır. Ömründə bircə dəfə şəhərciyə maraq üçün gedən şəxs çətin ki, ikinci dəfə ora üz tutsun. Vəziyyət o qədər acınacaqlıdır ki, heç kəs yataqxanada yaşamaq istəmir. Təsadüfi deyil ki, yataqxanada olan tələbələr orada yaşayanların kiçik bir qismini – 5-6 faizini təşkil edir.

Nə isə…

“Azadlıq” olaraq həm A.Məhərromovun dediyi 30 faiz nisbətini yoxlamaq, həm də şəhərcik söküləcəyi təqdirdə oranın sakinlərinin hara üz tutacağını öyrənmək üçün yataqxanaya yollandıq.

“Bizi didərgin salanlara kim nə deyəcək ki?”

Yataqxananın girişinə vurulmuş “tələbə şəhərciyi” yazılmış lövhə artıq yerində yoxdur. Bir sözlə, bu məkanda tələbə adından əsər-əlamət yoxdur.
Ağdamdan 907 nəfər olmaqla 234 ailə, Cəbrayıldan 403 nəfər olmaqla 117 ailə, Füzulidən 779 nəfər olmaqla 202 ailə, Zəngilandan 334 nəfər olmaqla 96 ailə, Qubadlıdan 46 nəfər olmaqla 14 ailə, Şuşadan 46 nəfər olmaqla 10 ailə, Laçından 40 nəfər olmaqla 12 ailə, Xocavənddən 14 nəfər olmaqla 2 ailə, Xocalıdan 120 nəfər olmaqla 29 ailə, o cümlədən də bir neçə ailə başqa rayonlardan yataqxanada yaşayır.

12 saylı yataqxanada yaşayan Cəbrayıldan olan məcburi köçkün Vüsalə xanım deyir ki, “Qaçqınkom” ötən ilin dekabrında onların da ailəsini qeydə alıb: “Köçürülmə ilə bağlı dəqiq söz deyən yoxdur. Yəni, bu barədə söz-söhbət neçə illərdir ki, gedir. Amma konkret iş görülmür. Indi deyirlər ki, bizi gələn il Masazıra köçürəcəklər. Yaxın zamanlarda bu işin reallaşacağına inanmıram. Çünki hələ həmin ərazidə torpağın ayrılıb-ayrılmadığı tam dəqiqləşməyib. Əgər torpaq ayrılıbsa, onda niyə tikinti işləri getmir? Bu, boş şeydir. Inanmıram ki, evlə təmin etsinlər. Heç bizə torpaq da verməyəcəklər”.

Başqa bir köçkün Şükufə xanım da onlara şəhərin hansısa bir yerində ev verəcəklərinə inanmadığını deyir: “Görə-görə yaşayırıq. Neçə illərdir insanları evlərindən köçürüb hansısa bir dövlət obyektini tikəcəklərini deyirlər. Ancaq heç kəsə düz-əməlli pul ödənilmir. Indi bizə uçuq-sökük bir ev veriblər. Buranı da sökəcəklər. Deyəcəklər ki, 18 ildir sizi öz hesabımıza yaşatdıq, daha bəsdir. Evi olanı əlindən alıb sökənlərə ”gözün üstdə qaşın var” deyən tapılmırsa, bizi burdan didərgin salanlara kim nə deyəcək ki?”.
“Biz ailədə 7 nəfərik, onlardan 5 nəfəri müxtəlif yerlərdə işləyir. Hamısının da iş yeri şəhərin mərkəzindədir. Güc-bəla ilə buralara öyrəşmişik. Indi də deyirlər ki, buradan köçürüləcəksiniz. Elə bilməyin ki, bu yataqxana üçün əldən gedirik. Xeyr, əslində biz öz torpaqlarımıza qayıtmaq arzusundayıq. Əgər sabah torpaqlarımız düşməndən azad edilsə, dərhal Füzuliyə gedərik. Bütün çətinliklərə baxmayaraq həyatımızı yenidən qurarıq, həm də bunların minnətini götürmərik”.
Ikinci dəfə məcburi köçkün olmaq “şansı”

Ailəsi ilə bərabər 17 ildir ki, yataqxanada yaşadığını deyən Qubadlıdan olan məcburi köçkün Hidayət dayı köçürüləcəkləri təqdirdə böyük problemlə qarşılaşacaqlarını söyləyir: “Bizi Hövsana, Masazıra köçürməklə sanki yenidən didərgin salırlar. Insan həyat böyu iki dəfə köçkün həyatı yaşayarmı? Yataqxanada yerimiz darısqal olsa da, işıq, qaz, su baxımından problem yoxdur. Əgər bizi köçürəcəklərsə, heç olmasa, şəhərə yaxın ərazilərdə məskunlaşdırsınlar. Elə olmasın ki, yataqxanadan köçməklə işimizi də itirək. Elə bir dövrdə yaşayırıq ki, iş tapmaq müşkül məsələyə çevrilib. Indi işi olanı qəhrəman saymaq olar. Ona görə də buradan köçürməklə bizə həm mənəvi, həm də maddi zərbə vura bilərlər”.

Şəhərciyə qəsəbə də demək olar. Burada məskunlaşan insanların əksəriyyəti işsiz olduğundan özlərinə dükan açıblar. Kimi göy-göyərti, kimi pal-paltar, kimi ərzaq malları satır. Kimisi də bərbərxana, bir qismi də çayxana açıb üç-dörd gənci ətrafına toplayıb 5-6 manat günəmuzd qazanırlar. Köçürülmə ilə bağlı qərarın verilməsi isə təbii ki, onlara heç bir halda sərf etmir. Deyirlər ki, onları evlə təmin etsələr belə pul qazanmaq üçün dolanışıq yerləri olmayacaq. Birincisi o qədər pulları yoxdur ki, özlərinə dükan açsınlar, ikincisi də indiki işlətdikləri obyektlərə görə işıq, yer haqqı ödənilmir. Ancaq başqa ünvana köçürülmə onları bu şeylərdən məhrum edəcək. Bütün bunlara görə yataqxanada məskunlaşan məcburi köçkünlər indiki yurdlarından didərgin düşmək istəmirlər.

Kiçik sözardı…

Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb. Universitetin 100 illiyi 2019-cu ilə düşür. Ancaq Abel Məhərrəmov yataqxananın köçürülmə planını tezləşdirmək istəyir. Düşünür ki, belə bir yataqxananın olması 100 illik üçün başucalığı gətirməz. Artıq bizdə adət halını alıb. Hər hansı işi hansısa məqsəd üçün görürük. Yubiley üçün yataqxana söküləcək, ancaq kimsə 18 il yaşadığı yurdundan ikinci dəfə məcburi köçkün düşəcək.

Sabah Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov universitetin 65 illiyi, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev 100 illiyi, Azərbaycan Memarlıq və Inşaat universitetinin rektoru, deputat Gülçöhrə Məmmədova 40 illiyi ilə bağlı ölkə başçısına aidiyyəti yataqxanaları sökmək barədə müraciət etsələr, təəccüblənməyin.

Ramin DEKO