Bu kitaba 108 növ heyvan, 140 növ bitki daxildir
Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyətini əks etdirən “Qırmızı Kitab” rəsmi dövlət sənədi sayılır. Hazırda ölkəmizdə 14000 növ həşərat, 360 növ quş, 99 növ məməli, 123 növ balıq, 9 növ suda-quruda yaşayan, 54 növ sürünən və 4500 adi bitki növü var. Bu heyvanlardan 108 növünün, bitkilərdən isə 140 növünün adı “Qırmızı Kitab”a salınıb. Onların sırasına 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü daxildir.
Qanunla “Qırmızı Kitab”ın 20 ildən bir dəyişdirilməsi nəzərdə tutulub. Indi istinad olunan “Qırmızı Kitab” 1988-ci ildə hazırlanıb və bu onu göstərir ki, artıq yeni variantın işlənməsi vaxtı keçir. Rəsmi məlumata görə, bunun üçün artıq tədbirlər həyata keçirilməkdədir. Yeni kitabın hazırlanması üçün Redaksiya Heyəti işə başlayıb.ÿ
Plana əsasən yeni dəyişikliklər tədqiqatlar nəticəsində aşkara çıxarılacaq. Milli Elmlər Akademiyası heyvan və bitki növləri haqqında tədqiqatlar apardıqdan sonra yeni
“Qırmızı Kitab”a adları salınacaq heyvan və bitki növləri müəyyənləşdiriləcək.
Şübhəsiz ki, 20 il ərzində Azərbaycanda bəzi heyvan və bitkilərin sayı azalıbsa, bəzi nadir bitki və heyvan növləri də müəyyən dərəcədə artıb. Bu baxımdan, tədqiqatlar zamanı 20 il ərzində sayları kəskin surətdə azalan heyvan və bitki növləri araşdırılır. Aparılan araşdırmalar nəticəsində statistik rəqəmlər müəyyənləşdirilir.
Mövcud “Qırmızı Kitab” 6 hissədən ibarətdir. Kitaba fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.
Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olma və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımi məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər sayılır.
Yer kürəsində baş verən iqlim dəyişiklikləri və başqa zərərli təsirlər yalnız Azərbaycanda deyil, dünyada bir sıra heyvan və bitki növlərini məhv olmaq təhlükəsi ilə üzləşdirib. Məsələn, hazırda yer kürəsində yaşayan onurğalı heyvanların 20%-nin yox olmaq təhlükəsi yaranıb. Bu barədə Yaponiyanın Naqoya şəhərində BMT-nin sammiti zamanı “Qırmızı Kitab”a nadir heyvan növlərinin salınması üzrə cavabdeh olan mütəxəssislər açıqlama veriblər. Alimlər Dünya Təbiətin Mühafizəsi tərəfindən təqdim edilən 25 min heyvan növünün vəziyyəti barədə təhlillər aparıblar. Tədqiqatçılar belə qənaətə gəliblər ki, ən pis vəziyyət suda-quruda yaşayan heyvanlarla bağlı müşahidə olunur. Onların 41%-i məhv olmaq riskilə üzləşib. Ən yaxşı vəziyyət isə quşların biomüxtəlifliyi ilə bağlıdır. Bu heyvanların yalnız 13%-i “Qırmızı Kitab”a düşüb. Lenta.ru yazır ki, alimlər bu məhvolma prosesinin planetdə 6-cı olduğunu deyiblər. Beşinci belə proses 65 milyon il bundan əvvəl dinozavrların məhvilə nəticələnib. Eyni zamanda, alimlər ekoloqların səylərini də qiymətləndiriblər. Onların qənaətincə, əgər ekoloqlar bəzi heyvan növlərini xilas etməyə çalışmasaydılar, bu proses 20 dəfə sürətlə getmiş olardı. Bu yaxınlarda isə bir qrup alim bəyan edib ki, məhv olmuş sayılan məməlilərin üçdə biri sağ ola bilər.
Yaradılan qoruq və yasaqlıqlar
Respublikamızda nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır. Bu gün Azərbaycan ərazisinin 10,3 faizi mühafizə olunan təbiət zonasıdır. Bu isə ümumilikdə 800 min hektardan çox ərazi deməkdir. 7 il əvvəl bu rəqəm 4,5 faizi təşkil edirdi. Burada yalnız heyvanlar deyil, eyni zamanda landşaft sistemi, bitki örtüyü də mühafizə edilir. Bura 8 Milli Park, 12 təbiət qoruğu, 23 yasaqlıq aiddir.
Məsələn, Masallıdan Lənkərana gedən yol boyunca, Xəzər dənizinin cənub-qərb sahillərində Qızılağac qoruğu yerləşir. Bu qoruğun ərazisi körfəzin bütün akvatoriyasını, eləcə də yaxınlıqdakı quru sahələrini əhatə edir. Qoruq 1929-cu ildə su-bataqlıq və çöl quşlarının mühafizə edilməsi və çoxaldılması, köçəri quşların qışlama yeri olan su və yarımsəhra təbii komplekslərinin mühafizəsi məqsədilə yaradılıb. Burada yaşayan 248 növ quş və 54 növ balıq arasında “Qırmızı Kitab”a daxil edilmiş növlər də var.
Şamaxı ərazisində yerləşən Pirqulu qoruğu 1968-ci ildə yaradılmışdır. Qoruq üç hissədən ibarətdir və ümumi sahəsi 1521 hektar olan bu qoruğun ərazisinin 1362 hektarı dəniz səviyyəsindən 800-2000 metr yüksəklikdə yerləşən meşələrdir. Qoruğun florasına 45 növ nadir və endemik bitki daxildir, onların çoxunun adı “Qırmızı Kitab”a daxil edilib.
Ümumiyyətlə, qorunan növlərə respublikanın bütün ərazisində rast gəlinir. Məsələn, Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və Ismayıllı rayonları ərazisində qalmışdır.
Təhlükədən xilas yolu
Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 milyonadək nərə balığı, 600 min qızılbalıq və 800 milyondan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.
Adı “Qırmızı Kitab”a salınmış bitkilərə Hirkan şümşadı, dəmirağac, Hirkan ənciri, Eldar şamı, Xəzər lələyi, Qafqaz xurması, su zanbağı və başqalarını, heyvanlara isə laçın, turac, şahin, dovdaq, vaşaq, ceyran və s. göstərmək olar.
Bu barədə Ekologiya Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin Inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadənin fikirləri maraqlıdır:
“…Ən başlica çətinlik insanlarda ekoloji təfəkkür, ekoloji şüurdur. Mühafizə işçilərinin də texniki çətinliyi ola bilər, amma ən böyük çətinliyi insanlar yaradır… Bəzi yerlər var ki, onları xüsusi işarələrlə ayırmaq olur. Bu işarələr vasitəsilə həm turistlər, həm də kənd və şəhər sakinləri ərazinin qoruq zonası olduğunu başa düşür. Amma danılmaz həqiqətdir ki, təbiətin ən cazibədar yerləri məhz ən ucqar zonalardadır. Belə ərazilərdə işarələmə sistemi qeyri-mümkün olduğundan, burada maarifləndirmə əsas rol oynayır. Belə olduqda təbliğatdan başqa çarə olmur. Azərbaycanda qoruq ərazilərinin mühafizəsində ən böyük çətinliyi də bu yaradır…”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir