Qəzetçilik çətin işdir. Xüsusən, Azərbaycan kimi ölkələrdə. Təcrübədə yaşamazdan əvvəl bu işin hansı məhrumiyyətlər bahasına başa gəldiyini Üzeyir Hacıbəyovun məqalələrindən oxumuşdum. Hardasa 100 il əvvəl yazılmış məqalələrdən. Zaman gəldi, mən özüm də bu işlərin içində böyüyən adamlardan biri kimi xeyli təcrübə qazandım. Gördüm ki, həqiqi anlamda, qəzetçilik zövqlü olduğu qədər də məşəqqətli bir məsələ imiş. Baxın ki, Üzeyir bəydən bəri dünyada nə qədər sular axıb, neçə nəsil dəyişib, necə tərəqqi gedib. Amma bu ölkədə həqiqəti yazan insanların həyatında yaxşılığa doğru nə dəyişib?..
Ölkə mediasına “patronluğu” ələ keçirmək dünyada yayılmış təcrübədir. Normal ölkələrdə bu məsələyə bir biznes kimi, anormal ölkələrdə isə monopoliya fəaliyyəti olaraq baxılır. Media fəaliyyətinin biznesin bir istiqamətinə çevrildiyi ölkələr rəqabət meydanıdır. Məhz bu, həmin holdinqlərin diktəsinə imkan vermir. Həqiqəti göstərməyən və yazmayan media təmsilçilərini boykot etmək çox asandır. Çünki belə bir mühitdə insanları aldatmaq mümkünsüz olur. Istənilən halda, bazarda hökmranlığı götürmək istəyən və ört-basdır edilən gerçəkləri açıb üzə çıxarmaq üçün çalışıb-vuruşan kimlərsə var. Bura medianın bir dəyərli faktı ilə gündəmi, siyasəti, ölkəni dəyişə bilən məkandır. Ən peşəkar yazarların, ən bahalı reklamların, ən ayıq oxucuların seçdiyi məkan…
Bəs bizim qəzetçilik tariximizdə gördüklərimiz nədir? Tam bir inhisarçılıq mənzərəsi. Reklamsız, sponsorsuz, maaşsız, fəaliyyəti sanksiyalar altında illərcə davam edən qəzetçilik! Indi demək olar ki, iliyinə qədər maddiləşmiş dünyanın çox az yerində belə fədakarlıq təcrübələri qalır. Və yaşadıqlarımızdan görürük ki, artıq hökumətlər səviyyəsində status qazanmış inhisarçılıq fəaliyyətləri bütünlükdə bu saf təcrübələrin sıradan çıxarılmasına yönəlir. Indiki halda, “Azadlıq”ın üzləşdiyi vəziyyət kimi. Biz hər şeyin bir mərkəzdən idarə olunduğu mühitdə kimlərisə reklam verməyə məcbur edə bilmərik. Bizim yazdığı-pozduğu kimsəyə bəlli olmayan mətbuat orqanlarına dövlət büdcəsindən pul ayırıb, günün ən çox oxunan qəzetini kənarda saxlayanlarla dava edəcək gücümüz də yox. Sifarişli məhkəmələrin cərimələrini də birtəhər ödəmək əziyyətinə qatlaşmaqdayıq. Amma qanunsuzluğun, qisasçılığın, dərəbəyliyin bu həddindən utanmaq lazımdır, sadəcə. Heç bir himayə altına girmədən min cür əzabla qəzet çıxaran insanların haqqını yemək ən böyük haramdır. Bir qəzetin satışdan gələn puluna əl qoymaq hansı vicdana sığar?
Təzyiqlər getdikcə sərtləşir. “Azərbaycan” nəşriyyatı qısa zamanda borcunun ödənməsini istəyir. Qəzetin ona borcu 18 min manat, “Qasid”in qəzetə borcu 70 min manat! “Qasid” “pulum yoxdur” deyir. Yuxarılardan sifariş aldığı bəlli. Bizim borclumuz da qapıya dirənib. Indi nə edək, ədaləti harada axtaraq? Ümumiyyətlə, bu ölkənin qaydalarına görə ədalət harda gizlənir, kiminsə himayəsindəmi? Elə isə, daha onun nəyi və harası ədalət oldu ki?
“Azadlıq” bu ölkənin boğuq məkanında səsi gur çıxan tək qəzetdir. Kimsənin boyunduruğunu, himayəsini qəbul etməyən tək qəzet. Bu, danıla biləcək bir gerçək deyil. Elə onu susdurmaq istəyi də dana bilməyənlərin qara niyyətindən irəli gəlir. Qəzetçilik vicdanı yaşadığı cəmiyyətin mənzərəsinə güzgü tutmaqdan başqa bir şey deyil. Bu gün “Azadlıq”ın yaşadığı məhrumiyyətlər sadə Azərbaycan insanının yaşadıqlarından heç nəylə fərqlənmir. Ona görə də, bizim sözümüz bu qəzeti dəyər kimi seçib oxuyan oxucularadır: öz sözünüzə, öz dəyərinizə sahib çıxın! Başqa bu ölkədə sözünüzü deyəcək kim qalıb?