Video yayılandan sonra prokurorluq, MTN və DİN əməkdaşları internatda araşdırmalara başlayıb
Nahid Cavadovun valideynləri isə uşağın kimlərsə tərəfindən öyrədildiyini iddia edir
Suraxanı rayonunda yerləşən 7 saylı xüsusi internat məktəbində baş verən qalmaqal böyüyür. 7 yaşlı Nahid Cavadovun döyülməsilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılandan sonra Təhsil Nazirliyi, Daxili Işlər Nazirliyi, Milli Təhlükəsizliyi, Baş Prokurorluq səviyyəsində araşdırmalara başlanıb. Halbuki, uşağın gözlərinin altı qaralmış vəziyyətdə fotoşəkli və onun döyülməsi haqda məlumat mətbuatda yayılandan sonra Təhsil Nazirliyi iddia edirdi ki, uşaq döyülməyib.
Sadəcə, ayaqyolunda yıxılaraq xəsarət alıb. Nazirliyin məlumatında bildirilirdi ki, mayın 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb.
Daxili Işlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə də uşağın döyülməsi barədə məlumat yayan jurmalistləri qınayaraq, onun yıxıldığını, bu səbəbdən gözlərinin qaraldığını iddia edirdi.
Lakin mayın 21-də axşam saatlarında “youtube”da Nahid Cavadovun videosu yayılandan sonra vəziyyət dəyişdi. Həmin videodakı görüntülərdə uşaq Afaq adlı müəllimə tərəfindən döyüldüyünü bildirir: “Afaq müəllimə dedi ki, get, Nurlanla Arzunu çağır. Onları çağırdım, əvvəl onları döydü, sonra da məni möhkəm döydü, başıma taxta ilə vurdu”.
Məlumata görə, video yayılandan sonra sözügedən internat məktəbində hüquq-mühafizə orqanlarının xüsusi işçi qrupu araşdırmalara başlayıb. Qrupda Daxili Işlər Nazirliyilə yanaşı, prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da təmsil olunur.
Araşdırma dünən səhər saatlarından gedir. Bu səbəbdən də internata kənardan və digər qurumlardan kimsə buraxılmır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Nahid Cavadovun döyülməsi ilə əlaqədar Suraxanı Rayon Polis Idarəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Suraxanı Rayon Prokurorluğuna göndərilib: “Material üzrə müvafiq ekspertizalar – məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin olunub, zəruri izahatlar alınıb. Ekspertizaların rəyi alındıqdan sonra toplanmış sübutlara hüquqi qiymət verilməklə, qanunamüvafiq qərarın qəbul olunması təmin ediləcək. Hazırda material üzrə araşdırmalar rayon Prokurorluğunda davam etdirilir”.
Həmçinin video yayılandan sonra təhsil naziri Mikayıl Cabbarov da bu işi şəxsi nəzarətinə götürülüb. Təhsil Nazirliyi tərəfindən məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə yoxlama məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli internat məktəbinin rəhbərliyi və məsələdə adı hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və təhsil müəssisəsinin idarəolunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə olunub.
Uşağı döyməkdə ittiham edilən müəllimə isə Təhsil Nazirliyinə çağırılıb.
Bu arada, Nahid Cavadovun valideynləri uşağın kimlərsə tərəfindən öyrədildiyini iddia edib.
“Uşaq öyrədilir. Biz orada olmuşuq, deyir ki, yıxılmışam. Onu öyrədən adamı tapmaq lazımdır”, – deyə 7 yaşlı Nahidin anası APA-ya açıqlamasında bildirib.
Atası da eyni sözləri təkrarlayıb: “Uşaq mənim yanımda deyir ki, yıxılmışam, gedir ora nə deyirlərsə, deyir, döyüblər”.
Nahid Cavadovun babası Racəddin Cavadov da məlumatı təkzib edib və bildirib ki, o, həmin gün məktəbə gəlib, uşaqla söhbət edib. Nahid yıxıldığını söyləyib: “Atası-anası, mən gəldik, burada danışdırdıq. Uşaq deyir, özüm yıxılmışam. Yıxılan gün həkim çağırdı, uşağı özüm dindirmişəm. Onu hansısa müəllimə öyrədir. Çəkəni tapmaq lazımdır. Mənim nəvəm yıxılıb, niyə onu internetə verib?”
Racəddin Cavadov nəvəsi Nihaddan müsahibə almaq üçün onu çölə çıxarmaqla bağlı xahişə müsbət yanaşsa da, vədinə əməl etməyib. Içəri keçəndən bir-iki saatdan keçdikdən sonra çölə çıxıb, ancaq Nahidsiz: “Uşağı hər dəqiqə çıxartmaq lazım deyil. Bir dəfə uşaq çıxardılıb, baxılıb. Bayaq da dedi ki, zarafat eləyib”.
İnformasiya şöbəsi


