Bu qanuna dəyişiklik hansı zərurətdən doğub?
“Dövlət sirri haqqında” qanuna dəyişiklik ediləcək. Milli Məclisdən bildiriblər ki, Azərbaycan Prezidenti Ilham Əliyevin imzası ilə “Dövlət sirri haqqında” qanunda dəyişikliklərin edilməsi barədə qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib. Dəyişikliklər məxfi informasiyalarla işləməyə buraxılan şəxslərin dairəsi, eyni zamanda işə götürülmə ilə bağlı məsələlər ətrafında olacaq.
Bununla bağlı qanunun 21, 23, 25-ci maddələrinə 10-a yaxın dəyişiklik nəzərdə tutulur. Belə ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlərə, eləcə də digər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilən, bu qanunun 23.1.2-ci maddəsində göstərilən cinayətlərə görə Cinayət-Prossesual Məcəlləsinə uyğun olaraq tutulan və ya barəsində hər hansı qətimkan tədbiri seçilən vəzifəli şəxs və ya vətəndaş dövlət sirri ilə işləməyə buraxılmayacaq.
Qeyd edək ki, Dövlət sirri- Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.
Sirrli sirr anlayışı
Ümumiyyətlə, Azərbaycan reallığında “sirr” anlayışının özü də sirrli anlayışa çevrilib. Bir müddət öncə “Kommersiya sirri haqqıında” qanuna dəyişiklik edildi. Dəyişiklikdən sonra kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri sayıldı. Bu qanuna dəyişiklik o zaman gündəmə gəldi ki, ölkə başçısının və digər iri məmurların ailə biznesləri haqqında jurnalist araşdırmaları ortaya çıxdı. Yəni, qanunun qəbul edilməsində məqsəd, ölkədəki korrupsiyanın və talançılığın üzə çıxarılmasını əngəlləmək idi.
Indi də “dövlət sirri” məsələsi müzakirə mövzusuna çevrilib. Bu anlayış ölkədə o qədər primitivləşib ki, hökumət istədiyi adamı bu ittihamla həbs edə bilir. Əslində sıravi vətəndaşın, yaxud hansısa jurnalistin dövlət sirrini yayması absurd ittihamdı. Əgər, istənilən adam dövlət sirrindən xəbərdar ola bilirsə, bu necə sirrdir?
“Dövlət sirri”nin qorunmasına cavabdeh olan şəxslər nə işlə məşğul olur?
Hökumətə qarşı müxalif mövqedə dayanan şəxsləri, “dövlət sirri”ni yaymaqda ittiham etmək, hökumətin özünü ifşa etməsi deməkdir. Bu adamlar “dövlət sirri”ni də şəxsi istəklərinə qurban veriblər. Bir qayda olaraq, dövlət başçısı MM-ə “dəyişiklik” lə bağlı müraciət edir.
Şəxsin sirri, dövlət sirri kimi
Bu ölkədə baş verən heç nə təsadüf deyil. Verilən sərəncamların da, qanunlara dəyişikliklərin də, qəbul olunan qərarların da arxasında siyasi məqsəd dayanır. “Dövlət sirri haqqında” qanuna dəyişiklik də, bu qəbildəndir. Məqsəd, şəxslərin sirrini, “dövlət sirri” səviyyəsinə çıxarmaqdı.
Yəni, çalışırlar ki, dövlət başçısının sirri də, “dövlət sirri” hesab olunsun. Ancaq, prezidentin hansısa ölkədəki mülkü, yaxınlarının varidatı “dövlət sirri” deyil və bu faktın üzə çıxarılmasına görə heç kim məsuliyyətə cəlb oluna bilməz.
Əksinə, hansısa dövlət adamının qanunsuz fəaliyyətini aşkar etmək, dövlətə xidmətdi. Çünki, dövlətə aid olanı mənimsəyən adam, “dövlət sirri” ni də satışa çıxara bilər.
Əgər bu ölkədə dövlət təmsilçilərinin sirrləri “dövlət sirri” kimi nəzərə alınacaqsa, bu havayı əziyyətdir. Çünki, həmin “sirr”ləri dünya mətbuatı zaman-zaman aşkara çıxarır. Bütün dünyanı isə, Azərbaycanın “dövlət sirri”ni yaymağa görə həbs etmək olmaz.
Jurnalist nə etməlidir?
Yuxarıda qeyd etdiyimiz kimi “dövlətin sirri bəlli adamlara məxsusdur və bu adamlar bu sirri qorumağa məhkumdular. Amma ortaya yeni sual çıxır. Bir jurnalist əldə etdiyi mühüm məlumatı ictimailəşdirmək üçün kimdən ”xeyri-dua” almalıdır?
Belə çıxır ki, həmin jurnalist hər dəfə ölkə üçün əhəmiyyətli olan materialı yaymazdan öncə həmin materialı hansısa səlahiyyətli şəxsə göndərməlidir. Həmin şəxs və ya qurum isə bu materialın “dövlət sirri” olub olmadığını müəyyənləşdirməlidir. Bir sözlə jurnalistin bütün vaxtı “naməlum mütəxəssis”lərlə yazışmaya sərf olunmalıdır.
Tanınmış jurnalist Xədicə Ismayıl bu dəyişikliyə öz “facebook” səhifəsində belə münasibət bildirib: “Milli Məclisin gündəliyindən yeni repressiya dalğasının iyi gəlir. ”Dövlət sirri haqqında” qanunu dəyişmək istəyirlər. Deyəsən, jurnalistlərin üzərinə qoymaq istəyirlər sirləri qorumağın məsuliyyətini”.
Ölkədə çox adam belə düşünür. Məqsəd, həbs etmək üçün yeni ittihamlar “istehsal” etməkdi.
İlham


