«Dövlət «Azadlıq»ın problemini çözməyə borcludur»
«Qanunları sərtləşdirməklə hakimiyyətdaxili problemləri gizlətmək istəyirlər»
Mehman Əliyev: «Hakimiyyət öz sirlərini qorumaq üçün qanuna dəyişiklik edir»
Hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı təzyiq kampaniyasının yeni dalğası geniş vüsət almaqdadır. “Ayna” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsindən başlayan, hüquq müdafiəçisi Leyla Yunus və ekspert Arif Yunusa qarşı təzyiqlə davam edən kampaniya hazırda da davam etməkdədir. Hazırda “Turan” Informasiya Agentliyinin əməkdaşı Fərid Arifoğlu ilə də bağlı müəmmalı araşdırma aparılır. Mətbuata qarşı təzyiqlərin bu cür geniş arealı əhatə etməsinin səbəblərinə müsahibimiz – “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə aydınlıq gətirməyə çalışdıq.
– Bu siyasətin yürüdülməsində məqsəd cəmiyyətdə xof yaratmaqdır. Ona görə jurnalistlər və QHT təmsilçiləri hədəfə çevrilib. Vətəndaş cəmiyyətinə qarşı siyasətin məqsədi budur. Ona görə artıq bir müddətdir ki, mətbuatın gündəmini məhz bu cür məlumatlar zəbt edib.
– Hakimiyyətin yürütdüyü xarici siyasətin fonunda belə bir fikir yürüdülür ki, Ilham Əliyevin son zamanlar Rusiyaya meylli siyasət yürütməsi təsadüfi deyil. Ilham Əliyevin Çinə səfəri də bu siyasətin konturlarını cızır. Və hakimiyyət siyasətində etdiyi kardinal dəyişikliyə uyğun olaraq da vətəndaş cəmiyyətinin Qərb meylli təmsilçilərini hədəfə çevirir…
– Düşünmürəm ki, hakimiyyət regionda yaranmış geosiyasi durumdan çıxış edərək Rusiyaya birmənalı istiqamət tutsun. Hakimiyyət Rusiyaya bir sıra reveranslar edə bilər. Ilham Əliyevin Çinə səfərinə gəlincə, bu bir işgüzar tədbirdir və məqsəd həmin tədbirdə iştirakdır. Bu səfər dövlət başçısının növbəti gəzintilərindən biridir.
“Hakimiyyətin prioritetləri dəyişməyib”
– Qərbin Azərbaycana diqqətinin artdığı bir zamanda Ilham Əliyevin ondan istənilənlərə reaksiya verməməsi nədən qaynaqlanır?
– Hakimiyyətin Qərbə qarşı yanaşması uzun müddətdir davam edir. Hakimiyyət üçün qlobal prioritetlər dəyişilməz olaraq qalmaqdadır. Hazırda regionda baş verənlərdən irəli gələrək Qərblə münasibətlər yeni mərhələyə qədəm qoysa da, hakimiyyətin yanaşması dəyişməyib. Hakimiyyətin Qərbdə olan himayədarları bəzən Azərbaycan iqtidarının təzyiqlər qarşısında duruş gətirən rejim imicini formalaşdırmağa çalışırlar. Bu mesaj isə daha çox hakimiyyətin ətrafı və cəmiyyətə yönəlib.
– “Azadlıq” qəzetinə qarşı təzyiqlər növbəti dəfə gündəmə gəlib. “Qasid” Yayım Firması qəzetə olan 70 min manata yaxın borcunu vermədiyi halda, digər bir dövlət təşkilatı qəzetin maliyyəsini ala bilməməsi üzündən nəşriyyata yaranan borcunu tələb edir. Və sonuncunun tələbi faktiki qəzetin çapını sual altında qoyub. Siyasi hakimiyyət müstəqil mətbuatın təmsilçisi ilə bağlı yaranan bu problemi niyə yoluna qoymaq istəmir? “Azadlıq”ın müstəqil Azərbaycanın ilk qəzeti olmasını nəzərə alsaq, yaranan durum hakimiyyətə başucalığı gətirirmi?
– Düşünürəm ki, “Azadlıq” qəzeti burada iki dövlət təşkilatını üz-üzə qoymalıdır. Çünki “Qasid” və “Azərbaycan” Nəşriyyatı hər ikisi dövlət təşkilatıdır. “Azadlıq” qəzetinə verilməli olan məbləğ isə qəzetin borcundan qat-qat çoxdur. Dövlət qarşılıqlı borcu silməlidir. “Qasid” bir dövlət təşkilatıdır və bu üzdən dövlət “Azadlıq”ın problemini çözməyə borcludur. “Azadlıq” qəzeti ölkənin müstəqil mətbuat orqanıdır. Əgər dövlət məsələni həll edə bilmirsə, o zaman dövlət “Qasid”dən imtina etməli və onu özəlləşdirməlidir. Debitor və kreditor borcların silinməsi ilə bağlı bundan əvvəl praktika var. 2010-cu ildə əhalinin “Azəriqaz”a olan borcu dövlət tərəfindən silinmişdi. Hazırda yaranmış situasiya da prinsipcə oxşardır. Dövlətin bu məsələlərdə cavabdehliyi var. Heydər Əliyevin dövründə çap mətbuatının “Azərbaycan” Nəşriyyatına olan borcları silindi. Amma bu siyahıya diqqət yetirsəniz, görərsiniz ki, borcları silinən qəzetlərin 95 faizi hakimiyyətə məxsus idi. Həmin borclar siyahısında “Azadlıq” və “Yeni Müsavat”ın borcu olduqca cüzi idi.
“”Dövlət sirri haqqında” qanun bilərəkdən sərtləşdirilir”
– Hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı təzyiqlərinin nəticəsində hazırda vətəndaşların pozulan hüquqlarını müadfiə edən şəxslərin sayı kəskin şəkildə azalıb. Bu istiqamətdə xüsusi fəallıq nümayiş etdirən hüquq müdafiəçisi Leyla Yunusun həbs təhlükəsi yaranıb. Leyla Yunusun həbsi hakimiyyətə nə vəd edir?
– Hakimiyyət yürütdüyü zor siyasəti ilə cəmiyyətdəki fəallığın qarşısını almağa çalışır. Hakimiyyətin məntiqincə, bu siyasət indiyə qədər fayda verib. Hakimiyyət son illərdə yürütdüyü siyasətlə müstəqil medianı, demək olar, tam sıradan çıxarmağa nail olub. Hazırda hakimiyyət ölkədaxilindəki mətbuatın böyük hissəsinə nəzarət edir.
– “Dövlət Sirri Haqqında” qanuna edilən dəyişikliklər sirrin yayılmasına görə məsuliyyəti daha çox 2-ci və 3-cü şəxslərin üzərinə qoymaq istəyir. Bu yanaşma nə dərəcədə ədalətlidir və ümumiyyətlə, bu qanunun sərtləşdirilməsi hansı məqsəd daşıyır?
– “Dövlət Sirri Haqqında” qanunun sərtləşdirilməsi birinci dəfə deyil ki, baş verir. Bundan əvvəl də oxşar addımlar atılmışdı. Amma məncə, bu qanunda “dövlət sirri nədən ibarətdir” sualına konkret cavab verilməlidir. Dövlət sirrinin daşıyıcılarının kimlər olduğu da qanunda əksini tapmalıdır. Bu qanunla bağlı fəaliyyət şəffaf olmalıdır. Ictimaiyyət hansı məlumatların dövlət sirri sayıldığını bilməlidir. Bu qanun və ondan irəli gələn prosedurlar cəmiyyətə kifayət qədər açıq olmalıdır. Təəssüf ki, biz də qanunun tətbiqi bu səviyyədə həyata keçirilmir. Azərbaycanda kim hansı məlumatı istəyir, dövlət sirri elan edir. Təşkilatların təsisçilərinin kimlər olduğu ilə bağlı məlumatın dövlət sirri kateqoriyasına aid edilməsi təsadüfi deyil.
– Sizcə, belə bir qadağının tətbiq edilməsiylə məqsəd beynəlxalq mətbuatda hakimiyyəti ifşa edən məlumatların yayılmasının qarşısını almaq deyilmi? Hakimiyyət qanunları bu cür sərtləşdirməklə istəyinə nail ola bilərmi?
– Əlbəttə, qanunları sərtləşdirməklə hakimiyyətdaxili qrupların maraqlarına toxunan məsələlərin ictimailəşməsinin qarşısı alınmağa çalışılır. Burada məqsəd həm büdcə vəsaitlərinin mənimsənilməsi, həm büdcə pullarının xərclənməsiylə bağlı məlumatları gizlin saxlamaqdır. Eyni zamanda kommersiya şirkətlərinin fəaliyyəti və bu fəaliyyətdən doğan maraqlı nəticələr ictimaiyyətdən gizlin saxlanılmağa çalışılır. Qanunun dəyişdirilməsi daha çox hakimiyyətdəkilərin öz sirlərinin qorunmasına xidmət edir. Hazırda ictimaiyyət müdafiə sənayesində büdcə pullarının hara xərcləndiyindən xəbərsizdir. Ümumiyyətlə, müdafiə sənayesində nələr istehsal olunur, istehsal olunan texnikanın dəyəri nədir. Azərbaycan xaricdən hansı texnikanı alır və buna görə büdcədən nə qədər vəsait ödənilir? Bütün bu sualların cavabı yoxdur. Bunu dövlət sirri kimi təqdim edirlər. Amma heç kim bilmir ki, bu sahədə nələr baş verir.
Qərb Azərbaycan hakimiyyətinin şıltaqlığına nə qədər dözəcək?
– Beynəlxalq arenada hakimiyyətdən mətbuata qarşı basqılarla bağlı hesab sorulur. Bu siyasətinə görə iqtidar sərt tənqid olunmaqdadır. Hakimiyyət niyə bu basqılardan nəticə çıxarmır və ölkənin beynəlxalq imicinə xələl vurmaq siyasətini davam etdirir?
– Hakimiyyəti dövlətin imici o qədər də narahat etmir. Əvvəllər hakimiyyət dövlətin xarici imicinə dəyən ziyandan narahatlıq keçirirdi. Amma son zamanlar buna fikir verilmir. Azərbaycan hakimiyyəti üçün əsas olan rejimin güclənməsi və vətəndaş cəmiyyətinin zəiflədilməsidir. Hakimiyyət Qərbin ona olan diqqətindən maksimum istifadə etməyə çalışır. Qərbin Azərbaycana maraqları siyahısına hazırda enerji maraqları, Rusiya-Qərb münasibətləri, Ukraynada baş verənlərdən çıxış edərək bəzi məqamlar daxildir. Hakimiyyət bütün bunları nəzərə alaraq ölkə daxilində siyasəti sərtləşdirir. Hakimiyyət Qərbin bu sərt siyasətə reaksiya verməyəcəyinə inanır. Hakimiyyət hələlik aqressiv siyasətini dayandırmaq niyyətində görünmür.
– Qərb hakimiyyətin yürütdüyü bu sərt siyasətə görə indi də olmasa, gələcəkdə hesab istəyə bilərmi? Hakimiyyətin Qərbin üstün tutduğu dəyərlərə hörmət etməməsi hansı fəsadları yarada bilər.
– Qərb lazım gələndə hakimiyyətə bu hörməti etdirəcək. Sadəcə olaraq Qərb hələlik bu tələblə çıxış etmir. Rusiyanın Ukraynaya qarşı hücumları başlayan zaman Qərb Kremlə qarşı konkret sanksiyalarla çıxış etdi. Hələlik Qərbin hakimiyyətlə bu istiqamətdə dialoqunun şahidi deyilik. Hakimiyyət bu məqamı anladığından addımlarını da ona uyğun qurur.
– Tanınmış dünya nəşrlərində Azərbaycan hakimiyyəti ilə bağlı vaxtaşırı ifşaedici məlumat dərc olunur. Azərbaycanın yerli mediası isə bu məlumatlar barədə yazan zaman hakimiyyətin hədəfinə çevrilir. Amma hakimiyyət nədənsə xarici mətbu orqanları ilə bağlı məhkəməyə müraciət etmir.
– Hakimiyyəti ifşa edən məqalələr, araşdırmalar dərc edən beynəlxalq mətbu orqanları sadəcə olaraq uzaqda olduğundan iqtidarın onlara əli çatmır. Çünki həmin nəşrlərin çıxdığı ölkələrdə tapşırıqlı məhkəmələr yoxdur. Hakimiyyətin bu mətbu orqanlara təsiri yoxdur, əli çatmır. Bu nəşrlər tam müstəqil siyasət yürüdür və Azərbaycan hakimiyyətinin nəzarətində deyil. Ona görə hakimiyyət bu nəşrlərin yazdıqlarını Azərbaycan ictimaiyyətinə çatdıranları hədəf seçir. Çünki Azərbaycan hakimiyyəti onun əməlləri barəsində məlumatların daxildə yayılmasından ciddi narahatlıq keçirir. Bu üzdən təpkilər birinci növbədə məhz Azərbaycanın yerli mətbuatına yönəlir.
Xəyal