“Əzilmişlərin, sındırılmışların öz aqressiyasını tabeliyində olanlardan, dilsiz-ağızsızlardan çıxardığı məmləkətdə yaşayırıq”
Hansısa səbəbdən valideyn himayəsindən məhrum olmuş, köməksiz vəziyyətdə olan uşaqlar mənim zəif yerimdir. Onların hərtərəfli qayğı ilə tam əhatə olunmaları ən böyük arzularımdandır. Hələ tələbəlik illərində imkan olduqca tələbə yoldaşlarımla birlikdə bayramlarda sağlamlıq imkanları məhdud və ya valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərə gedərdik. Imkanımız daxilində sovqat da aparardıq. Uşaqlarla danışıb, onları əyləndirməyə, onlara bir neçə xoşbəxt saat bəxş etməyə çalışardıq. Sonralar (ötən əsrin 90-cı illərində) həyat yoldaşım rəfiqələri ilə birlikdə bir xeyriyyə cəmiyyəti yaratdı. Əsas məqsəd kimsəsiz, xəstə uşaqlara və qocalar evlərində yaşayan ahıl vətəndaşlarımıza qayğı göstərmək idi. Onlar illərlə bu işlə məşğul oldular. Bu tədbirlərin sponsoru da özümüz idik. O zaman mən millət vəkili kimi yüksək maaş alırdım. Ətrafımızda belə nəcib işlərə kömək etmək istəyən xeyli dostumuz da var idi.
Bəli, bu barədə siz birinci dəfədir ki, eşidirsiz. Biz o zaman bu işləri görəndə heç təbliğ etmirdik bunu. Birincisi, biz bu işləri həqiqətən təmənnasız edirdik. Ikincisi, o zaman rejim hələ indiki qədər maskasını çıxarmış olmasa da, onun mahiyyəti bizə məlum idi və haqlı olaraq ehtiyatlanırdıq ki, onlar bizim səmimi və təmənnasız olduğumuza inanmazlar, bizim xeyriyyəçiliyə də qısqanarlar. Elə də oldu. Hər yeri agentura şəbəkəsi ilə doldurmuş rejim bizim öz aləmimizdə gizli gördüyümüz xeyriyyə işlərindən xəbər tutdu. Həyat yoldaşımı və onun rəfiqələrini əvvəlcə qocalar evinə, sonra da internat məktəblərə buraxmadılar. Bilirsiz, hansı absurd arqumentlə? Demişdilər ki, sizin qocalar evinə və internat məktəblərə gətirdiyiniz yeməklər (hansını ki, xanımlar özləri bişirib, hazır aparırdılar) zəhərli ola bilər. Təsəvvür edə bilirsiz absurdu? Sonrası da məlumdur. Bütün sahələr, o cümlədən xeyriyyəçilik də inhisara alındı. Ən böyük siyasətçilər, ən uğurlu iş adamları ailəsi xeyriyyəçiliyi də inhisara aldı. Məlum oldu ki, onlardan başqa heç kim xeyriyyəçilik də edə bilməz.
Üstündən illər keçəndən sonra bu hadisələri niyə xatırladım? Internatda vəhşicəsinə döyülmüş uşağın şəkilləri məni çox narahat etdi. Yaxşı ki, bu cinayəti, çalışsalar da, ört-basdır edə bilmədilər. Artıq mütəxəsis rəyi də uşağın döyüldüyünü təsdiqləyir. DIN və Təhsil Nazirliyinin “uşaq yıxılıb” açıqlaması boş sözdür və cinayəti gizlətmək məqsədilə deyilib. Uşaq özü də danışıb və internatın müdirinin onu döydüyünü söyləyib (https://www.youtube.com/watch?v=s-7RK0ZsZno). Yaxşı ki, bu uşaq cəsarətli imiş. Yaxşı ki, onun bu şəkildə döyülməsinə ürəyi yanan və uşağı danışdırıb, videosunu internetdə yayan biri olub. Əminəm ki, belə müəssisələrdə qeyri-insani münasibətlər tez-tez təkrarlanır.

Niyə bizdə belə hallar tez-tez baş verir? Axı biz müsəlmanıq, azərbaycanlıyıq. Həm dinimiz, həm də mentalitetimiz, adət-ənənəmiz uşaqları sevməyi, böyüklərə ehtiram göstərməyi, xüsusilə kimsəsizlərə dayaq olmağı bizdən tələb etmirmi? Necə olur ki, ictimaiyyət arasında özünü mədəni biri kimi təqdim edən əmilər, dayılar, xalalar, bibilər xəlvətə düşən kimi insanlığını unudur?
Alman filosofu Nitsşenin insanlarla bağlı bir təlimilə heç vaxt razılaşmamışam. Nitsşe iddia edirdi ki, aqressivlik, hökm etmək, əzmək, özündən zəiflərə zülm etmək insanın fitrətində gizlədilmiş, lakin ona xas olan keyfiyyətlərdir. Filosof bir az da qabağa gedib, insanları “qırmızısifət vəhşi” adlandırırdı. Iddia edirdi ki, vaxtaşırı zorakılığa məruz qalanların, özündən güclülər tərəfindən əzilənlərin özündən zəiflər üzərində hökm etmək istəyi xüsusilə güclü olur. Ölkəmizdə tez-tez baş verən, izahı çətin olan aqressivlik çox təəssüf ki, mənə Nitsşeni tez-tez xatırladır. Əzilmişlərin, sındırılmışların öz aqressiyasını tabeliyində olanlardan, dilsiz-ağızsızlardan çıxardığı məmləkətdə yaşayırıq.
Biz bu vəziyyətlə barışmamalıyıq. Biz belə vəhşilikləri unudanda barışmış oluruq. Biz belə qeyri-insani hərəkətlərə yol verənlərin cəzalanması üçün böyük və ardıcıl kampaniya aparmayanda, cinayətkarların cəzalanmasına nail olmayanda bu rəzalətlə barışmış oluruq. Barışmayaq bu rəzalətlə, internatdakı 7 yaşlı uşağı vəhşicəsinə döymüş şəxsin, onu himayə edənlərin cəzalanmasını tələb edək. Tələbimiz yerinə yetirilməyənə qədər mövzunun unutdurulmasına imkan verməyək. Varmısız bu işdə?


