Yaxud Madrid prinsipinə razı olub Uorlikin 6 prinsipini topa tutmağın pərdərxası
Son günlər “Qarabağ” münaqişəsi ətrafında diqqətçəkən proses gedir. Minsk qrupunun fəaliyyəti və Rusiyanın apardığı Krım prosesi yeni suallar meydana çıxarıb. Əsas suallardan biri budur ki, Rusiya “Qarabağı da rəsmən özünə birləşdirə bilərmi?”.
Əvvəla, burada durum xeyli dərəcədə oxşar və fərqlidir. Söhbət hüquqi və faktiki vəziyyətdən gedir. Faktiki vəziyyət budur ki, Azərbaycan Qarabağı, Ukrayna isə Krımı itirib. Azərbaycan nəzarət edə bilmədiyi ərazilərə ancaq BMT-nin sənədlərində sahibdir. Amma hüquqi vəziyyət budur ki, Rusiya Azərbaycanın ərazilərini dolayı, Ukraynanın bir hissəsini isə birbaşa özü tutub. Ermənistanın bu münaqişədəki rolu, yumşaq desək, maşa funksiyasını yerinə yetirməkdir. Amma münaqişənin həqiqi həllini istəyənlər özlərində güc tapıb həqiqəti ifadə etməlidirlər – Azərbaycan əraziləri Rusiya işğalındadır. Onunla vasitəçi kimi yox, tərəf kimi danışmaq lazımdır. Amma “Krımdan sonra növbə Qarabağdadır” kimi ifadə bir qədər yanlış assosasiya yaradır. Çünki Qarabağda nə ola bilərdisə, o baş verib. Separatçılar özlərinə dövlət elan ediblər və bu, Krımda indi baş verir. Rusiya Qarabağı da özünə birləşdirmək qərarı verərmi? Bu artıq tamam başqa sualdır. Burada əsas diqqət ediləcək məqam Ukraynadakı proseslərin necə nəticələnəcəyidir. Xüsusilə prezident seçkiləri və sonra hakimiyyətin mərkəzləşməsi prosesi Ukraynada siyasi prosesləri qaydasına qoysa, Rusiya Qarabağda hansısa yuxarıda vurğuladığımız yeniliyi etmək barədə düşünməz. Siz təsəvvür edin ki, Donetsk, Luqansk və Krım Rusiyaya birləşsə, hər il 60 milyard dolardan çox əlavə dotasiyaya ehtiyac olacaq. Rəqəmlər rusiyalı siyasətçi Nemtsovun araşdırmalarında ortaya çıxıb. Bu isə Rusiya üçün tədrici intihar deməkdir. Ona görə də Kremlin bir prosesi bitirməmiş başqasını başlatması ağlabatan deyil.
Madrid və “Uorlik prinsipi”nin fərqi
Ümumilikdə təqdim olunan həll variantları bir-birindən elə də kəskin fərqlənmir. Ona görə ki, bu variantlar həmsədrlərin və tərəflərin nə zamansa qəbul etməyə yaxın olduqları prinsiplər ətrafında formalaşır. Məsələn, Uorlikin 6 prinsipi ilə Madrid prinsiplərini müqayisə etmək çətindir. Çünki bir-biri ilə çox deklarativ fərqlənir – Madrid prinsiplərində Qarabağa status verilməsində qeyri-müəyyən vaxtda bir prosedurdan (Lokal səsvermədən) söhbət gedirdisə, burada bu açıq saxlanılır. Amma bu dəfə ortada siyasi mövqe fərqi var. ABŞ indi deyir ki, torpaqları boşaltmaq lazımdır. Görünür, Vaşinqton Rusiyanı iki cəbhədə yormaq istəyir. Həm də münaqişəsiz Cənubi Qafqaz və xüsusilə Bakı Orta Asiyaya rahat addımlamaq imkanıdır. Ona görə də son zamanlara kimi, ABŞ üçün kənardan görünən meyar “necə olursa-olsun, həll olsun” idisə, indi ədalətli həllin vacibliyinin dərk edildiyi görünür. Çünki Azərbaycan bu münaqişədən növbəti addımlara mənəvi və psixoloji baxımdan hazırlıqlı olmalıdır. Məğlub ölkə ilə müttəfiqlik Orta Asiya prosesində elə də effekt verməz. Bu mənada ətraf beş rayon, üstəgəl Laçın və Kəlbəcərin qaytarılması, ya da ətraf yeddi rayonun qaytarılması Laçının və Kəlbəcərin koridor kimi qalması artıq məğlubiyyət və modeldir. Başqa sözlə, bu münaqişəni sadəcə dondurmaq deməkdir. Yəni prinsip etibarilə bizim üçün başlıca variant torpaqların boşaldılması və suverenliyin bərpasıdır. Bu mövqedə nədənsə ABŞ tək görünür. Səfir Morninqstarın qalmaqala səbəb olan son müsahibəsində Qarabağ məsələsində Vaşinqtonun Rusiyaya müqavimət göstərdiyinə eyham vurması fikrini bölüşməklə yanaşı onu da deyərdim ki, Vaşinqton bu məsələdə həm də Azərbaycanla üz-üzədir. Çünki Rusiya kimi Azərbaycan hakimiyyəti də bu status-kvonun əsirinə çevrilib. Heç şübhəsiz ki, Rusiya bu münaqişə ilə bölgədə, Əliyevlər isə hakimiyyətdə qalmağı planlayır.
Uorlik niyə fəallaşıb?
Uorlik indi daha fəal həmsədrə çevrilib – onun fəallığı Minsk qrupunun ümumi fəallığına çevrilə biləcəkmi? Uorlikin fəallığı ABŞ-ın Rusiyaya Postsovet ölkələrində əks-hücumudur. Amma bu təkcə əks-hücum da deyil, həm də, ehtimal edilən ikinci cəbhənin açılmamasına profilaktikadır. Bununla ABŞ mesaj vermək istəyir ki, biz bir cəbhədə savaşıb başqa cəbhədə danışa bilərik. Bu danışıq üçün də format var. Minsk qrupu bu işə yarayır. Rusiya Ukraynaya hərbi müdaxilədən qabaq bu prosesdə maraqlı görünürdü. Amma indi bu prosesin hansı yöndə gedəcəyini demək çətindir. Çünki Fransa da Azərbaycanla münasibətlər tarixində ilk dəfə bizim ərazi bütövlüyümüzü belə açıq dəstəklədi. Deməli, bu məsələdə Qərbin ciddi konsensusu var. Rusiya bunu görməmiş deyil. Deməli, o, şübhələndiyi planın içərisində olmaqdan boyun qaçırmaq istəyəcək, amma buna nail ola biləcəkmi? Çünki bir mənada Rusiyanın hansısa formatda Qərblə dialoq içərisində olmağa ehtiyacı var.
Bölgədə hamının etibar edəcəyi beynəlxalq güc məsələsi əvvəllər də sülh razılaşmalarının dalana dirənməsinə səbəb olub. Indi bu məsələdə iki ölkənin və superdövlətlərin razılığa gəlməsi ehtimalı varmı? Nəhayət daxili demokratiya problemləri – münaqişə kontekstində mövqelər bölünür. Bir tərəf belə düşünür ki, xalqa qərar vermək imkanı verilsə, sülh mümkün olmayacaq. Çünki xalqlar liderlərindən sülhə daha az hazırdırlar. Başqa bir fikir də var ki, əksinə, xalqlara iştirak imkanı verilsə, sülhə daha çox imkan açılır
Kim kimdir?
Maraqlı budur ki, superdövlətlərdən biri Ermənistanla 50 illik hərbi-təhlükəsizlik sazişinə girib. Kreml bu addımı ilə mövqeyini sərgiləyib. O, münaqişənin həllini ya istəmir, ya da indiki durumun rəsmiləşməsini istəyir. Başqa halda isə həm ABŞ, həm də Rusiya təmsilçiləri vaxtaşırı belə bir ifadə işlədirlər: “Tərəflər öz aralarında razılaşsalar, biz onları dəstəkləyəcəyik”. Bu isə münaqişənin taleyinə ümidsizlikdir. Çünki tərəflər müharibə ediblər və onları vasitəçilər dayandırıb. Ancaq “tərəflər” anlayışı altında biz iki məqama aydınlıq gətirməliyik. Tərəf xalqlar, yoxsa tərəf hökumətlər? Tərəf hökumətlərlə bağlı geniş yazmağa ehtiyac yoxdur, çünki bütün rəsmi xronika onların mövqeyini ifadə edir. Tərəf xalqlara gəlincə, hələ ümumilikdə dəqiq deyil ki, bu müharbə xalqların iradəsinin ifadəsidirmi? Məsələn, normal seçki mühiti olsa, Ermənistan əhalisinin bir səsvermədə bu müharibəni dəstəkləyəcəyi xeyli dərəcədə açıq sualdır. Onlar bu işğaldan nə qazanıblar? Başqa tərəfdən isə müharibənin seçki ilə deyil, əmrlə olması da onu deyir ki, xalqlar həmişə sülhdən yana olurlar. Üstəlik, başqa ölkənin ərazisini işğal edəsən və bundan sonra daha da pis yaşayasan, Rusiya kimi bir ölkənin hərbi bazalarının təsirində yaşamaq məcburiyyətində qalasan. Bu mənada “xalq diplomatiyası” mühüm yer tutur. Çünki qeyri-hərbçilər və avtoritar idarəçilərə bağlı olmayan azad vətəndaşlar həqiqətlər haqqında daha açıq və cəsarətlə danışa bilirlər. Onlar deyə bilirlər ki, sülh nəyə lazımdır, müharibə niyə ziyanlıdır, yaxud da biz niyə müharibəyə başlamağa məcbur ola bilərik. Bu suallar və cavablar sadə, qeyri-siyasi insanların dilindən yayılanda ictimai fikirdə rolu daha əhəmiyyətli olur. Buna görə də “xalq diplomatiyası” hazırda daha vacibdir. Çünki qeyri-legitim siyasi sistemlər xalqların iradəsini ifadə etmədikcə, onların marağında olan daimi münaqişə vəziyyəti uzanır.
Seymur Həzi


