Yaxud daha böyük günahın astanasında
Təhsil nazirliyinin yeni qaydasına görə, müəllim ilk dəfə işə qəbul olunarkən and içəcək. Yəni müəllim Konstitusiya və qanunlara riayət edəcəyinə, təhsil ənənələrinə sadiq qalacağına, qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyinə, insanlarla münasibəti hörmət, şərəf və ləyaqət əsasında quracağına, müəllim adını və şərəfini uca tutacağına and içməlidir.
Açığı, yeni qaydalarla tanış olarkən gülmək və ağlamaq arasında balans yaratmaq istəyirdim. Nə doyunca gülə, nə də ürəkdən ağlaya bilmədim.
Əvvəla, Azərbaycanda AND məfhumu öz müqəddəsliyini çoxdan itirib. Biz, onlarla seçki yola salmışıq və həmin “and”lardan çox eşitmişik. Ölkə başçısı da and içmişdi ki, bütün Azərbaycanlıların prezidenti olacaq. Ancaq bu anddan bir müddət sonra, azərbaycanlıların bir hissəsi “ünsür”, “element”, “antimilli”, digər hissəsi isə, “Şərəf”li, “Şöhrətli” oldu.
Təhsil ənənəsi deyərkən…
Məlum andda nəzərdə tutulur ki, müəllim təhsil ənənələrinə sadiq qalacağına and içməlidir. Söhbət hansı ənənədən gedir? Biz uzun illərdir təhsildə rüşvətin, korrupsiyanın ənənəyə çevrildyini müşahidə edirik. Biz, müəllimin tələbəyə “pul” kimi baxmasının, bayramda gözünü şagirdin əlinə dikməsinin ənənəyə çevrildiyi ölkədə yaşayırıq. Azərbaycanda müəllimin avtoriteti “repetitor”luqla ölçülür. Indi müəllimlər məktəbə “xaltura” yeri kimi baxır. Bu ölkənin məktəblərində “süpürgə pulu”, “təbaşir pulu”, “gül pulu” ənənəsi var. Söhbət bu ənənələrə sadiq qalmaqdan gedirsə, bunun üçün anda ehtiyac yoxdur. Çünki bu ənənələrə sadiq qalmayan müəllimin, Azərbaycan reallığında yaşaması müşküldür. Biz, hələ ki bu ölkədə başqa ənənə görmürük.
Müəllimlər seçki saxtakarlığı etməyəcək?
Yeni qaydalara görə, müəllim Konstitusiyaya və qanunlara riayət etməlidir.
Təhsil Nazirliyi hansı cürətlə müəllimdən bunu tələb edir? Bəs, seçkilərdə qutuları kim dolduracaq? Protokolları yaptokratiyanın xeyrinə kim saxtalaşdıracaq? Məgər bilmirsiz ki, bütün seçki məntəqələrində prosesin başında duran müəllimlərdir?
Seçki saxtakarlığı dövlət cinayətidir və qanunlara da, Konstitusiyaya da ziddir. Bir tərəfdən müəllimi ən ağır cinayətə məcbur edib, digər tərəfdən qanunlara riayət etməyi tələb etmək ədalətsizlikdir. Müəllimləri Azərbaycan reallığında belə bir anda məcbur etmək, Allahı da, bəndəni də ələ salmaqdır. Müəllimi, qeyri-etik davranışa yol verməyəcəyinə and içdirib, sonra bütün etik normaları tapdaması üçün göstəriş verəcək qədər riyakarlıq edilir. Müəllimi zorla yaltağa, yalançıya, saxtakara çevirib, dilənçi maaşına möhtac qoyub, sonra and içdirmək heç bir kitaba sığmır.
Niyə məhz müəllimlər?
Dünya yaranandan insanları etikaya dəvət edən, şərəf və ləyaqətlə yaşamağa səsləyən, qanunlara rəayət etməyə çağıran müəllimlər olub. Müəllim cəmiyyətin güzgüsü hesab edilib və hamı bu peşə sahiblərini nümunə kimi qəbul edib. Bu ölkədə dəyərlərin yeri o qədər dəyişib ki, heç kim müəllim olmaq istəmir. Indi müəllim ac-yalavac, valideynlərin qayğısına möhtac, zavallı bir insan təsiri bağışlayır. Indi müəllim etikalı olsun, şərəfli ömür sürsün deyə and içdirirlər. Bu ölkənin sərvətini talayanlar müəllimə “gözün tox olsun” deyirlər.
Niyə məhz müəllimlərə? Bu ölkədə şərəfli ömürdə, qanunlara münasibətdə, qeyri-etik davranışda qüsur edən yalnız müəllimlərdimi? Bəs, müəllimi bu vəziyyətə salanlar niyə and içmir? Öz andına sadiq qalmayanlar müəllimi hansı əsasla sədaqətə səsləyir?
Pulsuz sədaqət andı
Yaptokratların dediyinə görə, ölkəmizin inkişafı fontan vurur, yoxsulluğun kökünü kəsmişik, büdcəmiz şişir və vətəndaşa qayğı 100 faiz təşkil edir. Bu həmin ölkədir ki, bu ölkədə müəllimlə deputatın maaşı arasında 10 dəfə fərq var. 150 manat maaş alan müəllimdən 2500 manat maaş alanlar hesabat tələb edir. 10 dənə villası olan məmur, 10 dükana borcu olan, kvartirant yaşayan müəllimə “yeni qaydalar” tətbiq edir. Müəllimin maaşının artırılmasından söhbət gedəndə isə, büdcəmizin başına daş düşür, inflyasiya fəlakəti ölkəni bürüyür.
Yaxşı olar ki, Təhsil Nazirliyi ac müəllimdən sədaqət andı tələb etmək əvəzinə, həmin müəllimin normal yaşaması üçün qaydalar müəyyənləşdirsin. Ehtiyac bataqlığında çırpınan adama Konstitusiya cazibədar görünə bilməz. 20 ildir o Konstitusiyanın adi kağız parçasına çevrildiyini görən adam üçün isə, “sədaqət andı”, ümumiyyətlə, əhəmiyyətli deyil. Məsələni kökündən həll etmək üçün, budaqlardan yapışmaq lazım deyil.
And içib günaha batmayın
Ümumiyyətlə, and içmək dində “məkruh” sayılır. Tövbə etmədən and içmək isə, növbəti dəfə günah etməyə hazırlaşmağa bənzəyir. Onsuz da bu ölkədə öz günahını başqasının üstünə atmaq ənənəsi var. Özü narkotika aludəsi olduğu halda, gənc fəalı narkoman ittihamı ilə həbs etdirmək, özü vətənə xəyanət etdiyi halda, əsl vətənpərvərlərə “vətən xaini” damğası vurmaq, özü ölkənin sərvətini talan etdiyi halda, ölkənin mənafeyini düşünənləri “mənimsəmədə” ittiham etmək bu ölkənin reallığıdır.
Bu ölkədə, bu şərtlər daxilində yaşayıb, and içməyin. Sabah yenə seçkidə saxtakarlıq etməyə məcbur qalacaqsan, yenə valideynin ianəsi köməyinə çatacaq, yenə şərəfli müəllim adına ləkə qonduracaqsan. Yenə səni günahlarına şərik edəcəklər. Sən daha böyük günaha batmaq üçün and içirsən.
Bu ölkədə müəllimlər and içməli deyil, üsyan etməlidir; müəllim adının təhqir olunduğuna görə üsyan etməlidir.