«Ukraynada baş verənlər Azərbaycandakı avtoritarizm tərəfdarlarının, rusiyasevərlərin iştahanı artırır»
May ayı ərzində ölkədə bir çox mühüm hadisələr baş verdi. Hakimiyyət Şuşanın işğal günü Heydər Əliyevə ad günü konserti verdi. Üstəlik, AXCP sədrini aşkar izlədilər. Bütün bunlar və başqa məslələrlə bağlı AXCP sədrinin müavini Əbülfəz Qurbanlıya suallar ünvanladıq.
– Hakimiyyət niyə bələdiyyə seçkisi ilində başqa seçki illərindəkindən daha radikaldır?
– Ötən prezident seçkisində hakimiyyət cəmiyyətin ona etimadsızlığını, rəsmi medianın, nəzarətində olan təbliğatçıların və özünün bəzəkli təbliğatına, inkişaf nağıllarına inanmadığını anladı. Ölkədəki sosial problemlər, ən müxtəlif sahələrdəki yarıtmazlığın mövcudluğu və o biri tərəfdən sosial şəbəkələr hesabına gerçək durumun aydınlaşması Ilham Əliyev iqtidarının durumunu ağırlaşdırıb. Ilham Əliyev etirazçılarının gəncləşməsi və genişlənməsi hakimiyyəti narahat etməyə başlayıb. Başqa tərəfdən, müxalifətin prinsipial olaraq Ilham Əliyevə qarşı birləşməsi, bu sıraya vətəndaş cəmiyyətinin, ziyalıların qoşulması və 2013 prezident seçkilərində saxtakarlıqların çox asanlıqla ifşası, nəticədə beynəlxalq dairələrdə seçkilərin təqdir olunmaması hakimiyyətin işini çətinləşdirir. Üstəlik, qarşıdakı bələdiyyə seçkilərindən sonra Azərbaycanda olacaq parlament seçkisi, Yay Olimpiya oyunları hakimiyyətə ardıcıl zərbələrin vurulması üçün geniş imkanlar yaradır. Hakimiyyətin isə belə bir şəraitdə bir yolu qalır: etiraz edənləri daha tez, sərt formada susdurmaq, qorxu siyasətini gücləndirməklə vətəndaşları xof içərisində saxlamaq. Məhz bu səbəbdən hakimiyyət bu ərəfədə daha radikal olmağa qərar verib. Dediklərimlə yanaşı, hakimiyyətin əlini gücləndirən məsələlər də var. Bu, Ukraynada baş verənlər, Rusiyanın bölgədəki kobud fəallığıdır.
– Ukraynada baş verənlər əleyhdarlarınız üçün əsl “yağ-bal kimi” arqumentə çevrilib, sizcə, Azərbaycana bu olaylar necə təsir edəcək?
– Ukraynada baş verənlər, rus silahlılarının və Putinin Ukraynaya aqressiv münasibəti Azərbaycandakı avtoritarizm tərəfdarlarının, rusiyasevərlərin iştahanı artırır. Onlar düşünürlər ki, belə bir durum dünyanın demokratik dairələrinin Azərbaycanda azadlıqlar uğrunda mübarizəyə diqqətini azaldır, ölkəmizdəki demokratiya tərəfdarlarını ruhdan salır və onlar daha uzun zaman ərzində özlərinin talançılıq siyasətini gerçəkləşdirə biləcəklər. Ola bilər ki, əleyhdarlarımızın ehtimalları müəyyən dövr üçün mümkün olsun. Ancaq bu uzun zaman ola bilməz. Fransa prezidentinin səfər çərçivəsində müxalifətlə görüşü, siyasi məhbuslarla bağlı Azərbaycan iqtidarına olan təzyiqlər həmin əleyhdarlar qrupunun gözləmədiyi hadisələrdir. Bununla yanaşı, Azərbaycanın demokratikləşməsi bizim, müxalifətin və cəmiyyətin münasibətindən asılıdır. Ancaq dünyanın hansı bucağında nə baş verməsindən asılı olmayaraq bizlərin apardığı mübarizə daha təşkilatlanmış və ardıcıl olduğu halda Azərbaycanın gələcəyi ilə bağlı hər bir bədxah arqument boşa çıxacaq.
– Ermənistan qələbə gününü qeyd etdi. Azərbaycanda isə hakimiyyət Heydər Əliyevin ad gününü qeyd etdiyi üçün tənqid olundu, siz nə edəcəksiz, sadəcə yas saxlayacaqsız?
– Daha öncə Şuşanın işğal günü idi. Şuşadan olan Qarabağ əlili Şünasi Babayevsə ailəsi ilə bərabər çox ağır problemlərlə üz-üzədir. Elə bu fakt özü bəs edir ki, Ermənistan qələbə gününü qeyd edərkən hakimiyyətin külli miqdarda vəsait xərcləyib Şimali Koreyadakı həmkarlarının keçirdiyi “Gül bayramı” təşkil etməsinin vətənə, yoxsa bir ailəyə münasibət məsələsi olduğunu deyək. Bizim baxışlarımız, addımlarımız isə bu kimi ayrı-ayrı pis, xalqa, azərbaycanlılara qarşı olan növbədənkənar tədbirlərlə müəyyən olunmur. Bütövlükdə hər gün gördüyümüz işlər, apardığımız təşkilatlanma və təbliğat işi bizim edəcəklərimizi bildirir. Öncəki illərdə “Gül bayramı”na qarşı etiraz aksiyaları keçirirdik. Bu etirazlarda aksiyaçılar həbs olunurdu. Elə mən özüm iki dəfə “Gül bayramı”na etiraz aksiyasında dostlarımla bərabər həbs olunmuşam. Bu cür aksiyalar etməliyik, yoxsa məsələyə köklü şəkildə təsir edəcək böyük aksiyaya hazırlaşmalıyıq? Məncə, biz heç bir itki vermədən, gərginliyə qapılmadan ardıcıl qaydada çalışmaqla problemin biryolluq həllinə doğru getməliyik.
– Partiyanızı bağlamaq, sədrinizə qarşı hansısa xüsusi əməliyyat planı həyata keçirmək barədə plan var. Bunu önləmənin hansı yollarını düşünürsüz?
– AXCP-nin fəaliyyətini dayandırmaq, liderini həbs etmək Əliyev komndasının daimi gündəliyində olan, sadəcə, həll edə bilmədiyi üçün yalnız gündəlikdə qalan müşkül məsələyə çevrilib. AXCP sıradan bir partiya deyil ki, onun nizamnamə fəlaiyyətinə xitam verməklə dağılsın, Azərbaycanda bərqərar etmək istədiyi dəyərlər uğrunda savaşdan çəkilsin. AXCP illərdir qərargahsız fəaliyyətdədir. Siz elə bir partiya adı çəkə bilərsizmi ki, qərargahsız olsun, hakimiyyətin bir nömrəli hədəfi olsun, paralel olaraq mübarizənin ağırlığını üzərinə götürməkdə də birinci olsun, gənclərin seçdiyi siyasi təşkilat kimi birinci olsun, bölgələrdəki yerli strukturlarına görə birinci olsun, informasiya-təbliğat resurslarına görə də birinci olsun? Varmı, hətta ikinci, üçüncü belə bir partiya? Təvazökörlıqdan uzaq olsa da, deməliyik ki, yoxdur. Istənilən partiyanı, hakimiyyətdəkilərin dililə desək, “bağlamaq” üçün uzun müddət qərargahsız qalması kifayət idi. AXCP isə bu mənada fərqlidir. AXCP-nin sədrini həbs etmək indiyədək olan həbslərdən fərqlidir. Bu, cəmiyyətin hakimiyyətə qarşı prinsipial və dönməz qrupunu tamamilə susdurmaq üçün atılması planlaşdırılan addımdır. Mümkündürmü? Əlbəttə, yox. Əli Kərimli de-yuri ölkə dustağıdır. Ölkədən kənara çıxması əngəllənib. Siyasi lider kimi ölkə içində daha geniş miqyasda fəaliyyətinə zaman-zaman əngəllər yaradılıb. Ancaq bu, Əli Kərimlini və komandasını, partiyasını köklü dəyişikliklər planından, fəaliyyətindən uzaqlaşdırıbmı? Bu ideyanın gerçəkləşməsi üçün maksimum operativ və məsuliyyətli fəaliyyətdən kənarlaşdırıbmı? Əlbəttə, xeyr. Odur ki, müxalifətin önəmli liderini həbs etmək planları daimi olaraq gündəlikdə qalacaq, təxminən məhşur sovet lətifəsindəki “kommunizm quruculuğu” kimi. Təbii ki, bu gerçəklik cəbhəçiləri arxayın salmamalıdır. Bizə olan bütün hücumları önləmək, əks-hücum üçün qarşımızda görəvlər var, onlar punktual formada yerinə yetirilməlidir. Təşkilati iş, təbliğat işi, vətəndaşların siyasi proseslərə cəlbi işi hər gün davam etməlidir.
– Başqalarından fərqlənən nə edirsiz ki, hakimiyyət sizi hədəfə alır?
– Daimi hədəfdə olmağımız prinsiplərə sadiqlikdən, bu prinsiplərin həyata keçməsi üçün təşəbbüskar və ardıcıllığmızdan irəli gəlir. Ötən dövrdə biz qısa bir müddətdə partladılan qərargahda fəaliyyət göstərdik. Qərargahın olduğu zamanda partiyanın bütün strukturları gündəlik iş rejimində idi. Və hakimiyyət bunu qərargahın qarşısındakı kameralar vasitəsilə hər gün izləyirdi. Məhz buna görə qərargah hədəflərdən biri oldu. 2011-2013-cü illərdə AXCP rəhbərliyi, demək olar, ölkənin hər rayonunda təşkilati iş apardı. 43 rayonda Gənclər Komitəsi yaradıldı, 20-dən artıq rayonda təşəbbüs qrupları formalaşdırdıq. Yeri gəlmişkən, bu il də həmin iş davam edib növbəti mərhələsinə daxil olacaq. Sosial şəbəkələrdən səmərəli istifadə edirik. Bütün bunlar ali məqsədin gerçəkləşməsi üçündür. Məhz buna görə də cəbhəçilərə, tərəfdaşlarımıza qarşı həmişə aqressiv münasibət var.
Ramin