Bu müraciət üçün haqqımız var!

Bu, “Azadlıq”a qarşı deyil, cəmiyyətin azad informasiya tələbatına qarşı açılmış bir savaşdır

Əlbəttə, insanların müxtəlif rəyləri ola bilər. Deyə bilərlər ki, «Azadlıq» da bir qəzetdir və öz təsərrüfatını düzgün müəyyən etməklə maliyyə böhranı ilə üzləşməyə bilər. Deyə bilərlər ki, qəzetin dayanmaması üçün ictimai dəstəyi bu qədər tez-tez tələb etmək doğru deyil.

Biz bu mülahizələrin sahibləri ilə polemikaya hazırıq, amma indi cəmiyyətə polemika üçün müraciət etmirik.

Azərbaycanda qəzet təsərrüfatı qurmaq mümkün deyil. Hökumətin inhisarçı nəzarətindən kənarda olan heç bir təsərrüfatı qurmaq mümkün deyil. Azərbaycanda, hətta metal sənayesi də qurmaq mümkün deyil və gözümüzün qabağında nəhəng müəssisələr arxalı quldurların hücumuna məruz qalır, bu müəssisələr monopoliyanın təsiri altında cəmləşdirilir.

«Azadlıq» isə bir qəzetdir və hökumətin senzurası, kontrolu altına girmək istəməyən qəzetdir. Biz hesab edirik ki, qəzetçilik cəmiyyətin nəzarəti altında olmalıdır, hökumətin yox. Hökumət isə bununla razılaşmır və bizi əzməyə, yox etməyə çalışır. Çıxardığımız qəzeti satmağa imkan vermir, satılan qəzetlərin pulunu vermir. Əməkdaşlarımız, faktiki olaraq, maaşsız işləyirlər. Biz onlara yalnız işə gedib-gəlmək üçün kifayət edə biləcək qədər yol pulu verə bilirik. Bu fədakar kollektiv isə məhz, cəmiyyətin maraqları naminə bu şərtlər altında işləməyə davam edir. «Azadlıq» mühasirəyə alınmış bir qarnizondur. Onun bütün həyat təminatlarını kəsməklə yox etmək, sıradan çıxarmaq və cəmiyyətin azadlıq ümidlərini tamamilə yox etmək istəyirlər. Əslində, bu, «Azadlıq» qəzetinə qarşı deyil, Azərbaycan cəmiyyətinin azad informasiya tələbatına qarşı açılmış bir savaşdır.

Biz təslim olmaq istəmirik. Cəmiyyətin ehtiyaclarını nəzərə alaraq, bu ehtiyacın Azərbaycan naminə zəruri olduğunu anlayaraq təslim olmuruq. Buna görə də hər zaman ən ağır anlarımızda cəmiyyətə səslənirik və deyirik ki, biz sizin uğrunuzda mübarizə apardığımıza görə bizi öldürmək istəyirlər və bizi tək qoymayın!

Buna haqqımız varmı? Əlbəttə, var.

Biz bu müraciəti hər zaman edəcəyik. Güman etnirəm ki, bu müraciət sonuncu olsun. Cəmiyyət özündə təpər tapıb hökuməti ictimai dəyərlərə sayğı ilə yanaşmağa məcbur edən gücün sahibi olana qədər, bu, belə olacaq. Bizi ölüm həddinə qədər gətirəcəklər, biz isə topluma reanimasiya üçün müraciət edəcəyik. Sağ qalmaq, ayaq üstə qalmaq, təslim olmamaq bizim missiyamızdır. Və biz cəmiyyətin o üzvlərinə müraciət edirik ki, onlar özlərinin üzərində vətəndaş məsuliyyəti adlanan bəlli bir missiyanı olduğunu dərk edirlər. Bu məsuliyyəti dərk etməyənlərlə işimiz yoxdur və onlarla polemika da aparmaq fikrində deyilik. «Azadlıq» siyasi partiya deyil, ictimai təşkilat da deyil. “Azadlıq” üzərində konkret bir missiya daşıyan ictimai fenomendir. Biz bu fenomenin dəyərini və önəmini anlayanlara müraciət edirik. Deyirik ki, bizi təslim etməyə haqqınız yoxdur! «Azadlıq» yaşamalıdır və təslim olmadan yaşamalıdır. Ram edilmiş azadlıq olmur!

Siz nə düşünürsünüz, ey Vətəndaşlar?

Qənimət Zahid