İsa Sadıqov
Minsk Qrupunun amerikalı həmsədri bu günlərdə Ermənistanda və Qarabağda münaqişənin həlli ilə bağlı təklif səsləndirmişdi. Təklif bundan ibarət idi ki, problemin həlli üçün Qarabağın işğal edilən 7 rayonu boşaldılmalı, ondan sonra isə ikinci mərhələ müzakirə edilməlidir. AŞ PA isə öz qətnaməsində Ermənistanı işğalçı dövlət də adlandırıb hətta. Avropa Parlamentinin bu məsələ ilə bağlı qətnamələri də birmənalı olaraq, Azərbaycanın mövqeyinə uyğundur.
Azərbaycanın rəsmi təbliğat vasitələri Avropanın və Amerikanın bu birmənalı mövqelərinin ölkədə təbliğ edilməsinə passiv münasibət göstərir, ya da ümumiyyətlə bu barədə susurlar.
Bu yaxınlarda ABŞ səfiri Riçard Morninqstar Azərbaycanda insan haqlarının pozulması və korrupsiyanın tüğyan etməsi barədə danışıb. Azərbaycanın rəsmi təbliğat vasitələri və səlahiyyətli adamları Amerikanın üzərinə yürüş edirlər, hətta Morninqstarın ölkədən qovulmasına qədər təkliflər, təhdidlər səsləndirirlər. Hakimiyyətin nəzarətində olan təbliğat killerləri, yəqin, hətta onun aradan götürülməsi təklifini də səsləndirəcəklər. Buna da az qalıb.
Vətənin taleyinin bunlar üçün önəmli olmadığı bəllidir, zatən. Vətənin haqqını tələb etməyənlər, bu haqqı tapdalayanlar qarşısında müti davarnışdan başqa heç nə nümayiş etdirə bilməzlər. İldə bir neçə dəfə «lazım gəlsə, filan şey edəcəyik» deyə təhdid bəyanatları bütün dünyada ironiya ilə qarşılanır, zatən. Bunların aləmində Vətən geri qaytarılmış borcdan başqa bir şey deyil. Ona görə də, ciblərinə yığırlar.
Vətəndaşın haqqını da haqq bilmirlər. Azərbaycan insanını özlərinin əl-ayağına dolaşan əcnəbilər sayırlar. Bu insanlara haqsızlıq üzərində hakimiyyət qurublar. Ona görə də bu insanların haqları uğrunda mübarizə aparan hər kəsi özlərinə düşmən görürlər. Ən qatı düşmən.
Uzun illərdir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qalıqlarını darmadağın etmək üçün bütün vasitələrlə müsəlləhdirlər. Partiyaları dağıdıb siyasi sistemi tamamilə yox etmək və ölkədə klassik diktatura qurmaq, ictimai təşkilatları yox edib Azərbaycanı Şimali Koreyaya çevirməkdir bunların amalı.
Amma Azərbaycan cəmiyyətinin də potensialı böyükdür. Bitmir, tükənmir və buna görə də bu savaş uzandıqca uzanır.
Bəlkə də dünyada çox az xalqlar var ki, bu qədər qəddar siyasi rejimin önündə illərdir duruş gətirə bilmiş olsun. Qüvvələr isə qeyri-bərabərdir.
Azərbaycan iqtidarının pulu çoxdur. Təsəvvür edilməz dərəcədə çoxdur. Cəmiyyətə qarşı ən müasir təxribat vasitələri ilə silahlana bilir. İzləmə, təqib etmə, qorxutma, şantaj etmə, şər atma, bütün bunlar mümkün olmayanda, ağına-bozuna baxmadan məhv etmə… Bu üsulların hər biri ən müasir texniki vasitələrin əldə edilməsi ilə baş verir.
Amma bütün bu vasitələr, nə qədər mürəkkəb və güclü olursa olsun, insan vicdanının qarşısında gücsüzdür. Sındırılması mümkün olmayan insanlar bu silahların effektini sındırır, onları cəmiyyət üçün təsirsiz və qorxusuz hala gətirirlər. Azərbaycanda bu cür insanlar var. Azdırlar, amma mübarizə alovunu qoruyub saxlaya biləcək qədər çoxdurlar.
Azərbaycan hakimiyyətinin Leyla Yunusa qarşı açdığı savaş buna görə amansızlığı ilə fərqlənir. Leyla Yunus sınmır. Onu sındıra bilmirlər. Məhv etmək istəyirlər. Cəmiyyətə çıxış imkanlarını əlindən almaq istəyirlər. İstəyirlər ki, Azərbaycanda Leyla Yunus olmasın. Çünki o, Azərbaycan insanının hüquqları uğrunda savaşır. Bu hakimiyyət isə Azərbaycan insanının hüquqsuzluğu üzərində bərqərardır. Azərbaycanlıların hüquqlarının başlandığı yerdə Əliyev rejimi bitməlidir.
Leyla Yunus buna görə bu qədər təhlükəli düşmən və arzuolunmaz elan edilib. O. azərbaycanlıların hüquqlarının təmin olunmasını istəyir. Bu hüquqlar isə diktaturanı istisna edir, korrupsiyanı istisna edir.
Dünyanın ən qəddar rejimlərinin birinə qarşı belə bir savaş və savaş nümunəsi isə müqəddəsdir. Azərbaycanda müqəddəsliklər darmadağın edilir. Bütün müqəddəsliklərin yerinə saxta dəyərlər qoyulur.
Bu saxta dəyərlərə qarşı dirənişin nümunələrini yaradanlardan biri Leyla Yunusdur. Bu nümunələri qorumaq , bu ideyaların tətbiqini genişləndirmək Azərbaycanın vətəndaş cəmiyyətinin müqəddəs vəzifələrindən biridir.


