Əliyev Çinə niyə getdi?

Natiq Cəfərli: «Bu səfər göstərir ki, həsas dönəmdə Azərbaycan Qərbi deyil, Asiyanı seçir»

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Şanxayda «Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri» üzrə Müşavirənin IV Zirvə Toplantısına qatılması bir sıra suallar doğurmamış deyil. Çünki hazırda Qərbin Azərbaycana diqqətinin artdığı bir zamanda AB-dan gələn mesajları nəzərə almayaraq dövlət başçısının belə bir tədbirdə iştirakı birmənalı dəyərləndirilmir. Çünki bu tip tədbirlərdə iştirak edən dövlətlər bir qayda olaraq həmin iqtisadi coğrafiya üçün müəyyən mal və xidmətlərin təklif edirlər. Azərbaycanın isə Asiya regionunda iqtisadi təmaslar qurmağa potensialı çatacağı az inandırıcıdır. Çünki xaricə yalnız neft və neft məhsulları ixrac edə bilən Azərbaycanın iqtisadiyyatı məhz bu istiqamətdə «ixtisaslaşıb». Neft və qazı isə artıq Azərbaycan Avropa bazarına çıxarır. Belə olan halda ekspertlər İ.Əliyevin bu addımını daha çox Qərbdən gələn mesajlardan yayınmaq və Rusiyaya meyilənmək cəhdi kimi dəyərləndirirlər.

İqtisadçı Natiq Cəfərli bildirdi ki, Azərbaycan dünya bazarına neft, neft məhsulları və qazdan başqa hələlik heç nə təklif edə bilmir. Bunun son 20 ildə qurulmuş primitiv iqtisadi modeldən, ölkə daxilində rəqabətin olmamasından qaynaqlandığını deyən N.Cəfərli vurğuladı ki, Azərbaycanın başqa ölkələrlə imzaladığı ticarət müqavilələrinə nəzər yetirilərsə ilk növbədə neft və qaz məhsullarının satışı diqqəti çəkir: «Azərbaycanın xarici ticarətinin 95 faizini məhz bu məhsullar təşkil edir. Asiya bazarına çıxış üçün müəyyən dövlətlərarası əlaqələrin olması çox vacibdir. Amma gərək indiki hökumət bu istiqamətdə müəyyən addımlar atsın ki, sonradan gələn iqtidarlar da bu təməlin üzərində siyasət qursunlar.  Şanxayda keçirilən forumda qardaş Türkiyə də iştirak edib. Hətta bir dəfə bu foruma ev sahibliyi də edib. Gələcəkdə əlaqələrin inkişaf etdirilməsi üçün belə bir forumda iştirak etmək yaxşıdır. Amma əsas məsələlərdən biri də indiki həsas dönəmdə belə bir təəssürat yaranır ki, Azərbaycan Qərb dünyasındansa, məhz bu coğrafiya ilə əlaqələrə üstünlük verir. Bu toplantıda rusiya prezidenti də iştirak edirdi. Belə tədbirlər çərçivəsində dövlət başçıları bir qayda olaraq görüşürlər. Güman ki, müəyyən danışıqlar da olub».

N.Cəfərli hesab edir ki, bütün bu məsələləri nəzərdən keçirdikdə iki məqama nəzər yetirmək lazımdır. Birinci, hökumətlərdən asılı olmayaraq bu tip addımların atılmasını müsbət addım kimi dəyərləndirmək olar. İkinci mühüm məsələ isə ondan ibarətdir ki, Azərbaycanda qurulmuş primitiv iqtisadi model dünya rəqabətinə davam gətirə biləcək məhsulların bazara çıxarılmasını mümkünsüz edib.

Xəyal