Anar Məmmədlini seçki saxtakarlığını üzə çıxardığı üçün həbs ediblər

Ağır Cinayətlər Məhkəməsini müxalifətçilər üçün “iş yeri”nə çeviriblər. Bu gün də Anar Məmmədlinin məhkəməsinə getmişdim. Prokuror qurama ittihamlar əsasında Anar bəyin 9 il, Bəşir Süleymanlının və Elnur Məmmədlinin isə 8 il yarım müddətinə azadlıqdan məhrum edilməsini istədi. Prokurorun oxuduğu ittihamları heç dinləmədim. Bilirəm ki, ittihamnaməyə nə yazmalarından asılı olmayaraq, Anar Məmmədlini prezident seçkilərinin obyektiv, vicdanlı müşahidəsini təşkil edib, seçki saxtakarlığını üzə çıxardığı üçün həbs ediblər.

Anar bəy yüzdə-yüz vicdan məhbusudur. O, ölkəmizin yeni nəsil ziyalılarının ən parlaq nümayəndələrindəndir. Biliyi, peşəkarlığı, dəyərlərə sədaqətilə əsl nümunədir. Millətin Anar Məmmədli kimi yetişmiş şəxsiyyətinə divan tutub, sonra da insan kapitalından danışmaq əsl siyasi riyakarlıqdır. 

Fikir verirsiz, bütün sahələrdə ən yaxşılar, bacarıqlılar, prinspiallar hədəfdədir. Bu repressiyalar millətimizin növbəti dəfə sınağa çəkilməsidir. İnanıram ki, millət olaraq bu ağır sınaqlar mərhələsini qürurla adlayacağıq. Xalqımız haqq etdiyi aydın sabahlara qovuşacaq. İndi isə sınağa çəkilənləri, hədəfə alınanları tək buraxmamaq lazımdır.