Daha bir sifarişli məhkəmə başa çatır; Milli Şuradan sərt reaksiya VİDEO
Bəşir Süleymanlı və Elnur Məmmədovun da məhkəmə zalında həbs olunaraq, 8 il 6 ay azadlıqdan məhrum edilməsi təklif olundu
Vəkil isə ittihamların absurdluğunu konkret faktlarla sübut etdi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin rəhbəri Elnur Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda prokuror Anar Tanrıverdiyev çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib.
Təqsirləndirilən şəxslərə qarşı ittihamların məhkəmədə sübuta yetirildiyini iddia edən prokurorun sözlərinə görə, cəza müəyyənləşdirilərkən Bəşir Süleymanlı və Elnur Məmmədovun himayəsində azyaşlı uşaqların olması yüngülləşdirici hal kimi nəzərə alınıb. Bütün bunlardan sonra prokuror Anar Məmmədliyə 3 il hər hansı vəzifə tutması qadağan olunmaq şərtilə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədovun hər birinə isə 2 il vəzifə tutması qadağan olunmaqla, 8 il 6 ay həbs cəzası verilməsini istədi.
Qeyd edək ki, Anar Məmmədli həbsdə olsa da, Bəşir Süleymanlı və Elnur Məmmədovun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Prokuror onların barəsindəki qətimkan tədbirinin dəyişdirilərək, məhkəmə zalından həbs olunmasını təklif etdi.
Prokurordan sonra Anar Məmmədlinin vəkili Fariz Namazlı müdafiə nitqilə çıxış etdi. Dövlət ittihamçısının belə ağır cəza istəyəcəyini gözləmədiklərini deyən vəkil bu fikrini təqsirləndirilən şəxslərə verilən ittihamların məhkəmə zamanı sübuta yetirilməməsilə əsaslandırdı. Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi Anar Məmmədli və digərlərinə qarşı cinayət işi ilk gündən qanunsuz olub və bu cür də davam edib. Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədov qanunsuz olaraq, təqsirləndirilən şəxs qismində cəlb olunub.
Anar Məmmədlinin fəaliyyəti, onun tutduğu obyektiv mövqe ilə əlaqədar məruz qaldığı təzyiqlər barədə danışan vəkil bildirdi ki, o, tanınmış seçki müşahidəçisi və hüquq müdafiəçisidir. Anar Məmmədlinin rəhbərlik etdiyi Seçki Monitorinq Mərkəzi uzun illər qeydiyyata alınmayıb. 2008-ci ilin əvvəlində beynəlxalq təşkilatların israrlı tövsiyələrindən sonra təşkilat qeydə alınıb. Lakin elə həmin il SMM-in prezident seçkilərilə bağlı obyektiv hesabatından sonra təşkilatın qeydiyyatı ləğv olunub. Belə olan halda, Anar Məmmədli həmkarlarıyla birlikdə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini təsis edib. Dəfələrlə müraciət etməsinə baxmayaraq, Ədliyyə Nazirliyi bu təşkilatı qeydə almayıb.
SMDT-nin ötən il prezident seçkilərilə bağlı hesabatından dərhal sonra – 29 oktyabrda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində cinayət işi başlanıb, bir qədər sonra Anar Məmmədli və digər təqsirləndirilən şəxslərə qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, vergidən yayınma kimi ittihamlar irəli sürülüb.
Vəkil bildirib ki, Anar Məmmədliyə 19 min 535 manat Əlavə Dəyər Vergisi, həmçinin 9767 manat maliyyə sanksiyası hesablanıb. Halbuki, yoxlama aktı əsasında hesablanmış vergi öhdəliyi ümumiyyətlə, mövcud olmayıb. Çünki araşdırılmış məbləğ qrant olub. Azərbaycan qanunlarına görə, qrantdan heç bir vergi hesablana bilməz.
Bundan başqa, Azərbaycan hökumətilə ABŞ arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında 18 iyul 2000-ci il tarixli Sazişə görə, yardım proqramları ilə əlaqədar əldə edilmiş, yaxud istifadə olunan mallar, o cümlədən pul vəsaitləri vergidən azaddır.
Həmçinin Vergi Məcəlləsinə əsasən, xaricdən alınan əvəzsiz maliyyə yardımlarından (qrantlar) ƏDV tutulmur.
Vəkilin sözlərinə görə, vergi ödəyicisinə əlavə vergilər kameral və səyyar vergi yoxlamasının nəticələrinə görə hesablana bilər. Amma heç bir səyyar və ya kameral vergi yoxlaması keçirilmədiyi halda, əlavə vergilər və maliyyə sanksiyaları hesablanıb ki, bu da Vergilər Məcəlləsinin 38-ci və 39-cu maddələrinə açıq aşkar ziddir.
Iyirmiyə qədər adamın heç bir ziyan çəkmədikləri halda, öz iradələri əleyhinə istintaq tərəfindən zərərçəkmiş qismində tanındığını deyən vəkil bildirib ki, həmin şəxslər məhkəmədəki ifadələrində də şikayətçi olmadıqlarını bildirdilər. Qeyd etdilər ki, özlərini zərərçəkmiş hesab eləmirlər. Hətta bir çoxları məhkəməyə bu barədə ayrıca məktub da göndəriblər.
Vəkilin sözlərinə görə, Anar Məmmədliyə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçkinin nəticələrinə təsir göstərmə ittihamı da verilib ki, bu da absurd və gülməlidir: “Bu ittiham istintaq orqanının lağ obyektinə çevrilməsinə əsas verir. Anar Məmmədli adi bir QHT sədridir, onun məmur kimi güclü səlahiyyətləri yoxdur. O, nə MSK üzvüdür, nə də seçki fəaliyyətilə məşğul olan başqa dövlət qurumudur. Buna görə ona bu maddə ilə ittiham verilməsi də qanunsuzdur”.
Vəkil çıxışının sonunda Anar Məmmədli və digər iki nəfərə bəraət verilməsini istəyib. Digər vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi mayın 26-da vəkillərin müdafiə nitqilə davam edəcək.
“Anar Məmmədli seçki saxtakarlığını üzə çıxardığı üçün həbs olunub”
SMDT-çilərin işi üzrə dünənki məhkəmə iclasında iştirak edən AXCP sədri Əli Kərimli prosesdən sonra jurnalistlərə açıqlamasında prokurorun tələbinə münasibət bildirib. O, mövqeyini özünün Facebook səhifəsində də bölüşüb:
“Ağır Cinayətlər Məhkəməsini müxalifətçilər üçün ”iş yeri”nə çeviriblər. Bu gün də Anar Məmmədlinin məhkəməsinə getmişdim. Prokuror qurama ittihamlar əsasında Anar bəyin 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədlinin isə 8 il yarım azadlıqdan məhrum edilməsini istədi. Prokurorun oxuduğu ittihamları heç dinləmədim. Bilirəm ki, ittihamnaməyə nə yazmalarından asılı olmayaraq, Anar Məmmədlini prezident seçkilərinin obyektiv, vicdanlı müşahidəsini təşkil edib, seçki saxtakarlığını üzə çıxardığı üçün həbs ediblər.
Anar bəy yüzdə-yüz vicdan məhbusudur. O, ölkəmizin yeni nəsil ziyalılarının ən parlaq nümayəndələrindəndir. Biliyi, peşəkarlığı, dəyərlərə sədaqətilə əsl nümunədir. Millətin Anar Məmmədli kimi yetişmiş şəxsiyyətinə divan tutub, sonra da insan kapitalından danışmaq əsl siyasi riyakarlıqdır.
Fikir verirsiz, bütün sahələrdə ən yaxşılar, bacarıqlılar, prinsipiallar hədəfdədir. Bu repressiyalar millətimizin növbəti dəfə sınağa çəkilməsidir. Inanıram ki, millət olaraq bu ağır sınaqlar mərhələsini qürurla adlayacağıq. Xalqımız haqq etdiyi aydın sabahlara qovuşacaq. Indi isə sınağa çəkilənləri, hədəfə alınanları tək buraxmamaq lazımdır”.
“Hökumətin ATƏT-ə əli çatmır, ona görə Anar Məmmədlini cəzalandırmaq lazım idi”
Milli Şuranın sədri Cəmil Həsənli də o fikirdədir ki, Anar Məmmədliyə belə ağır cəza istənilməsi onun ötən prezident seçkilərində obyektiv mövqe nümayiş etdirməsilə əlaqədardır. Cəmil Həsənli yada salır ki, bir sıra beynəlxalq qurumlar Azərbaycandakı seçkiləri dəyərləndirərkən Anar Məmmədlinin monitorinqinin nəticələrinə istinad etdi. Təbii ki, bu da hakimiyyəti qıcıqlandırdı.
Milli Şura sədri hesab edir ki, hakimiyyət bu cür addımlarla digər müstəqil təşkilatların gözünü qorxutmaq istəyir. “Ötən prezident seçkilərində ATƏT-in Varşava Bürosu Azərbaycanda seçki saxtakarlığının 58 faiz səviyyəyə qalxdığını elan etdi. ATƏT-in bu rəyini Anar Məmmədlinin monitorinq missiyası daha da qüvvətləndirirdi. Indi ATƏT-ə hökumətin əli çatmır, ona görə Anar Məmmədlini cəzalandırmaq lazım idi. Anarın işi nə vergidən yayınmaq işidir, nə qanunsuz biznes fəaliyyətidir. Bu sadəcə olaraq qurama, heç bir hüquqi əsası olmayan bir işdir”, – deyə Cəmil Həsənli “Azadlıq” radiosuna bildirib.
Aytən Məmmədova



