Hakimiyyət Qarabağı niyə istəmir?

Elxan Süleymanovun açqılamasından hiss olunur ki, rəsmi Bakı münaqişənin həllini siyasi hakimiyyətə təhlükə kimi görür

Son günlər anti-Qərb isterikası hakimiyyətin bütün cinahlarında hiss olunur. Milli Məclisin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov da bu isteriklər sırasına qoşulub. O, Minsk qrupunun ABŞ-dan olan həmsədri Uorliki hədəfə alaraq (məlumatı APA yayıb) deyib: “Cənab Ceyms Uorlik ATƏT-in Minsk Qrupunda ABŞ-dan olan həmsədr təyin edildiyi gündən sosial şəbəkədə özünün “fantastik” və eyni zamanda sərsəm “ideyaları”nı bölüşməklə fərqlənir. Minsk Qrupunun ABŞ-dan olan həmsədri yenidən diqqət mərkəzində özünə “layiqli” yer tutmağa nail olub. Belə ki, bu günlərdə Ceyms Uorlik Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə regiona səfər etdi, həmsədrlər səfər çərçivəsində Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində oldular, işğalçı dövlətin formalaşdırmış olduğu separatçı rejimin “rəhbəri” ilə görüşdülər. Cənab Uorlik bu dəfə də öz həmkarlarından fərqlənməyə üstünlük verdi və sosial şəbəkədə özünün növbəti “dahi” ideyası ilə bölüşdü. O, öz akkauntunda Sərsəng su anbarının fotosunu yerləşdirərək yazdı: “Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurslarından birgə istifadə etməyi bacarsaydılar, bu müsbət addım olardı”.

Buarada maraqlı suallar yaranır. Birincisi, Azərbaycan tərəfi Minsk qrupundan bu qədər narazıdırsa, niyə onun vasitəçiliyindən imtina etmir. Rusiyanın Ermənistanla hərbi strateji müttəfiq olduğu məlumdur. Rəsmi Bakı Fransanı ermənipəırəst adlandırır. ABŞ-ı isə separatçı rejimə yardım etməkdə ittiham edir. O zaman malum deyil ki, rəsmi Bakı kimi aldadır? Həm ayrı ayrılıqda Minsk qrupunun həmsədrlərinə etimad göstərməmək, həm də onlarla ümumilikdə əməkdaşlığa davam etmək absurddur.
Başqa tərəfdən də münaişə tarixi boyunca ilk dəfə Fransa tərəfi (prezident səviyyəsində) Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi, üstünə hücum edilən Uorlik isə Laçında ermənilərin üzünə “torpaqlar boşaldılmalıdır” bəyanatı verdi. Elə isə sual olunur, bəs indi hökumətimiz nədən narazıdır? Görünür, Azərbaycanın rəsmi dairələri münaqişənin həllini hansısa formada öz siyasi hakimiyyətlərinə təhlükə kimi görürlər. Ona görə də müsbət təşəbbüslərə qarşı belə hücuma keçiblər.

Siyasət şöbəsi