Adı nurçularla əlaqədə hallanan deputat barəsində yeni iddia
“Nurçu qalmaqalı” ortaya atılandan sonra hüquq-mühafizə orqanları deputat Ceyhun Osmanlı barədə araşdırmalara başlayıb. Bu məlumatı “Yeni Cümhuriyyət” qəzeti yayıb. Məlumata görə, Fətullah Gülənlə əlaqələrinin aşkara çıxması millət vəkilinin vəziyyətini xeyli çətinləşdirib. Onun özü ilə yanaşı, vəzifədə işləyən yaxın qohumlarına da müəyyən təsirlərin olunduğu deyilir. Məlumatlara əsasən Ceyhun Osmanlıya görə, atası Göyçay rayon icra hakimiyyəti başçısının müavini Yunus Osmanlı möhkəm danlanıb, hətta onun postundan uzaqlaşdırılması məsələsi gündəmə gəlib. Amma başçının müavini kimlərinsə xahişindən sonra vəzifəsindən azad edilməyib.
Araşdırmalar nəticəsində məlum oldu ki, millət vəkilinin qardaşı Faiq Osmanlı Daxili Işlər Nazirliyinin Baş Mühafizə Idarəsinin Göyçay Rayonlararası Mühafizə bölməsinin rəisidir. “Nurçu” qalmaqalından əvvəl Ceyhun Osmanlı qardaşını Sabirabad Rayon Polis Şöbəsinin (RPS) rəisi Aqil Vəliyev, onun müavini Xaliq Quliyev, şöbənin istintaq bölməsinin rəisi Ülvi Qasımov və sahə müvəkkili Fikrət Bağırov tutduqları vəzifələrdən azad ediliblər. Bu islahatlardan sonra deputatın qardaşının polis rəisi postuna gətiriləcəyi söylənirdi. Bu işdə Ceyhun Osmanlı ilə yanaşı Sabirabad Rayon Icra Hakimiyyətinin başçısı Nazim Ismayılov da Faiq Osmanlıya dəstək verib. Deputatla icra başçısının bir kənddən olduqları qeyd edilməklə barabər onların Sabirabadda hegemonluğu ələ keçirmək istəmələri deyilir. Bu məqsədlə onlar ilk olaraq rayonda hüquq-mühafizə orqanlarına öz adamlarını yerləşdirmək istəyiblər. Amma baş verən məlum hadisələr Ceyhun Osmanlının bu arzusunu ürəyində qoyub və bir qədər kənara çəkilmək məcburiyyətində qalıb.
Mətbuatda gedən informasiyalara görə, deputatın biznes sahələrindən biri də Ağdaş rayonunun Kükəl kəndində yerləşir. Millət vəkili Kükəl kəndində 60 hektar “kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı” torpaq sahəsi alıb və həmin torpaq sahələrini atası Göyçay Rayon Icra Hakimiyyətinin başçısının müavini Yunus Osmanlının adına rəsmiləşdirib. deyilənə görə, həmin ərazidə torpaq sahəsinin hektarı 10000-12000 manata satılır: “Milli Məclisin üzvü atasının adına olan torpaq sahəsində böyük imarət tikdirib. Ən maraqlısı isə budur ki, Ağdaşdakı imarətinin mühafizəsini qardaşı Faiq Osmanlının rəhbəri olduğu bölmənin əməkdaşları həyata keçirir. Göyçay Rayonlararası Mühafizə Bölməsinin xidməti avtomobilləri Ceyhun Osmanlının Kükəl kəndində olan torpaq sahəsində istifadə olunur və bölmənin işçiləri burda mühafizəni təmin etməklə yanaşı, həmçinin inşa olunan tikintidə işlədilirlər. Bu isə birbaşa qanun pozuntusudur. Faiq Osmanlı hansı əsasla Göyçay Rayonlararası Mühafizə Bölməsinin əməkdaşlarını qardaşının Ağdaşdakı imarətinin mühafizəsinə cəlb edir?”
DIN-in Bşa Mühafizə Idarəsinin tabeliyində fəaliyyət göstərən bölmə dövlət büdcəsindən maliyyələşir. Yəni bu qurum özəl müəssisə olsaydı, Faiq Osmanlı işçiləri harda istəsə işlədə bilərdi. Qanuna görə, DIN-in Mühafizə Idarəsi müqavilələr əsasında və mühafizəsi nəzərdə tutulan obyektin tipindən, yerləşdiyi ərazinin sahəsindən, konstruktor quruluşundan, orada saxlanılan əmlakın növündən, maddi dəyərindən və sair amillərdən asılı olaraq stasionar polis və ya mühafizəçi postları təşkil etməklə, avto, moto və ya piyada marşrutlarla sektor və kvadratlar üzrə dövr edən polis və mühafizəçi xidmətindən istifadə etməklə, mərkəzləşdirilmiş mühafizə məntəqəsinə siqnalizasiya sistemləri ilə qoşulmaqla mühafizəni təmin edir. Göyçay Rayonlararası Mühafizə Bölməsinin funksiyası Ceyhun Osmanlının mülkünü mühafizə etmək deyil. deputatın qardaşı səlahiyyətlərindən başqa məqsədlər üçün istifadə edərək bölmənin işçilərini sanki istismar edir. Baş Mühafizə Idarəsinin rəisi, hörmətli general Yaşar Əliyev bu məsələyə öz münasibətini bildirməlidir. Faiq Osmanlı tabeliyində olan şəxsləri təyinatdan kənar işlərə cəlb etdiyi üçün cəzalandırılmalıdır.
Xəbərlərə görə, Ceyhun Osmanlının ətrafında yaranmış qalmaqallı situasiya onun və yaxın qohumlarının gələcək karyerasını sual altına alıb. Mənbə deyir ki, növbəti parlament seçkilərində Osmanlının yenidən millət vəkili seçiləcəyi inandırıcı görünmür. Həmçinin onun atası və qardaşının da tezliklə tutduqları postlardan çıxarılmaları gözlənilir. Bir sözlə, onun 2005-ci ildə yaratdığı “Irəli” Ictimai Birliyi ilə çiçəklənən imperiyası süqut etmək üzrədir.
Ceyhun Osmanlı millət vəkili seçiləndən sonra da birliyi nəzarətində saxlayırdı. Təşkilatın ofisindən çıxarılması yuxarı dairələrin millət vəkilinə qarşı hərəkətə keçməsinin bariz göstəricisidir və ona vurulan böyük zərbələrdən biridir.


