«Fövqəlnazir»in var-dövlət və həyat sığortası gündəmdədir
Son aylar Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova Qərbin diqqətinin artması müşahidə olunur. Əsas varidatını “Gilan Holdinq”də cəmləyən və şirkəti beynəlxalq aləmdə tanıdan “fövqəlnazir” əmlakının böyük bir hissəsini legitimləşdirmək üzrədir. Artıq Avropa ölkələrində oğul Heydərov vasitəsilə aparılan danışıqlar, qurulan əlaqələr öz sözünü deyir. Diqqəti cəlb etmək üçün sadə davranış və yaşayış tərzi seçən Taleh Heydərov Avropada humanitar aksiyalarda fəallığı, yardım fondlarına külli miqdarda ianə verməsiylə rəğbət qazanmaq yolunu tutub. Xarici biznes və siyasi əlaqələrin məntiqi nəticəsi isə özünü çox gözlətmədi.
Ərəb inqilablarından sonra Azərbaycan hakimiyyətində maliyyə və siyasi dayaqları çox güclü olan oliqarxlarla danışıqlar prosesinə start verildi. Yəmən və Misir təcrübəsi oliqarxlarla danışıqların daha itkisiz və rahat hakimiyyət dəyişikliyinə səbəb olduğunu təsdiqlədiyindən, bu yol məqbul sayılır. Şərqin demokratikləşməsi istiqamətində Qərbin bu siyasi istiqamətinin hədəflərindən biri də Azərbaycanda Kəmaləddin Heydərovdur.
Kəmaləddin Heydərova marağın başlanması
“Fövqəlnazir” Qərbin diqqətini daha çox ötən ilin oktyabrından başlayaraq cəlb etməyə başlayıb. Xatırlayırsızsa, həmin dönəm “Gilan Holdinq”in rəsmən varidatını elan etdiyi və dövriyyəsini legitimləşdirmək üçün atdığı ən ciddi addımla üst-üstə düşür.
Ötən il oktyabrın 16-da Avstriya və Niderland Krallığının səfirləri ilə (xanım Silvia Mayer Kaybiç və Ayren Piter Uyterlind) görüşdə yeganə diqqəti çəkən məqam diplomatların yeni təyinatları ilə bağlıdır. Sanki yeni təyin olunan səfirlər Ilham Əliyevdən sonra təqdimatlarını Kəmaləddin Heydərovun “təsdiqləməsini” istəyirlər. Səbəbin qarşılıqlı şəxsi iqtisadi münasibətlərin tənzimlənməsi və siyasi razılaşmaların olması böyük ehtimalla qəbul edilir. Çünki səfirlərin ölkənin hakimiyyət düzənində iyerarxiyanı gözləmədən “fövqəlnazir”lə görüş istəklərinin başqa izahı yoxdur.
Əlaqələrin intensivləşməsi
Noyabrın 20-də Yaponiya və Almaniyanın yeni təyin olunmuş səfirləri (Şusuke Vatanabe və Herbert Kvelle) ilə görüşüb “müvafiq qurumlar arasında əlaqələrin zəruriliyi barədə” mülahizələr bildirən K.Heydərovun bir jesti də gözdən qaçmadı. Artıq ikinci dəfəydi ki, nazir yeni təyin olunmuş səfirlərlə görüşü eyni günə salırdı. Məlumat üçün bildirək ki, yeni səfirlərin təqdimatını qəbul edərkən ölkə rəhbəri adətən, belə bir qrafik müəyyənləşdirir.
Ölkənin əsas söz sahibi kimi səfirlərlə görüşən K.Heydərovun Yaponiya və ya Almaniya ilə “müvafiq qurumların” qarşılıqlı əlaqəsini qurmaq istəməsi haqda rəsmi məlumatdakı yayındırma informasiyaya ehtiyac olmayan mənasız izahdır. Söhbət ondan gedir ki, bu görüşlərlə paralel xarici səfərləri intensivləşən “fövqəlnazir”in ölkə prezidentləri ilə görüşləri də artıq gerçəkləşirdi.
Fevral ayından etibarən isə K.Heydərovun diplomatik əlaqələrinin yeni dövrü başlandı. Gürcüstanın daxili işlər nazirini Azərbaycana dəvət etdi və Vano Merabişvili Ilham Əliyevdən sonra Ramil Usubovla deyil, Kəmaləddin Heydərovla (fevralın 25-də) görüşməklə səfərini yekunlaşdırdı.
Gürcüstanın Daxili Işlər nazirini Azərbaycanın Fövqəladə Hallar nazirinin dəvət etməsi və birincinin də həmkarı ilə deyil, K.Heydərovla görüşməsi diplomatiyada asan cavab tapılan suallar sırasında deyil.
Təsadüfi deyil ki, mart ayında Tatarıstan rəhbəri Rüstəm Minnixanovu qəbul edən Kəmaləddin Heydərov az sonra Ispaniya və Gürcüstanın yeni (Kristobal Qonzales-Alleri və Teymuraz Saraşenidze), Latviyanın mövcud səfiri (Hardiys Baumanisi) ilə görüşdü.
Heydərova diqqətin səbəbi
Bu görüşlərin ən önəmlisi təbii ki, aprelin 15-də Macarıstan səfiri ilə birgə ABŞ-ı ölkəmizdə təmsil edən Metyu Brayzanın qəbuludur.
K.Heydərovun son iqtisadi-siyasi fəaliyyətinə diqqət çəkdikdə onun artıq hakim komanda içərisində seçilən şəxs olmasına şübhə yeri qalmır. Nəzərə alaq ki, son görüş səfirlərin Müsavat qərargahında müxalifətlə dialoqundan dərhal sonraya təsadüf edir.
K.Heydərovun hakim komandadan danışıqlar aparmağa layiq görülməsində məqsəd əlbəttə, təkcə ölkənin güclü oliqarxı və qurduğu iqtisadi imperiyanı Avropada qəbul etdirmək istəyi deyil. Səbəb həm də ondan ibarətdir ki, K.Heydərov Ilham Əliyevin inanılmış şəxsi kimi korrupsiya piramidasının ən əsas siması sayılır. Ehtimallara görə, “fövqəlnazir” Əliyevlər ailəsinin bütün əmlakının qəpiyinə qədər dəyərini bilən “təsərrüfat müdiri”, onun hərəkətlərini izləmək imkanına malik avadanlığa sahib ehtiyatlı şəxs, ən başlıcası isə siyasi reallığı qəbul edib, özünü və varidatını sığortalamağa çalışan ağıllı biznesmendir.
K.Heydərovun, hakimiyyətin geri fırlanan çarxı altında qalmamaq üçün etdiyi cəhdlər bəhrəsini verməkdədir. Azərbaycanda başlayan xalq etirazları güclənən kimi K.Heydərova demokratik cinahda yer alması, mal və can güvənliyinə imkan tanınması ehtimal olunur.
Bu görüşlərdən PA rəhbəri Ramiz Mehdiyevin hiddətlənməsi barədə qeyri-rəsmi məlumatların gündəmə buraxılması da təsadüf deyil. Ramiz Mehdiyev 2005-ci ildə Fərhad Əliyevlə aparılan danışıqları iflasa uğratdığı eyforiyasındadır və növbəti planın qarşısını almaq üçün hərəkətə keçib.
Ancaq inqilabların Şərqi başına götürdüyü 2011-ci il 2005-ci il olmadığı kimi, Kəmaləddin Heydərov da Fərhad Əliyev deyil. Azərbaycanın xarici ölkələrlə siyasi-diplomatik əlaqələri də artıq 6 il əvvəlki ilə müqayisəedilməz dərəcədə pis vəziyyətdədir. K.Heydərov batan gəmini tərk etməsinə razılaşdırılan hələlik yeganə məmur kimi nəzərdən keçirilir.
Siyasət şöbəsi