Məhkəmə-Hüquq Şurası qurama bir qurumdur

Müzəffər Baxış ədliyyə nazirinə müraciət etdi

«Bütün hakimlər qanunsuz, əsassız qərarlar çıxarırlar. Əgər gücü çatırsa, hakimlər barəsində tədbir görsün» 

Azərbaycandakı məhkəmə sistemində qüsurlar ölkədə ən ciddi problemlərdən biri hesab olunsa da, vəziyətin düzəlməsi üçün demək olar heç bir addım atılmır. Yalnız ara-sıra bəzi hakimlərin səlahiyyətinə xitam verilir, bunu isə yetərli saymaq olmaz.   

Hüquqşünas Müzəffər Baxış ölkədəki bütün hakimlərin qanunları pozduğunu deyib və lazım gələrsə ədliyyə naziri Fikrət Məmmədovun qarşısında konkret siyahı qoya biləcəyini vurğulayıb: “Mən Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət edirəm. Azərbaycanda fəaliyyət göstərən hakimlərin hamısı, əgər hər gün işə baxırlarsa, hər gün qanunu pozur, cinayət törədirlər. Əgər onlar işə iki gündən bir baxırlarsa, o zaman iki gündən bir cinayət törədirlər. Bunu tam məsuliyyəti ilə deyirəm. Bütün hakimlər qanunsuz, əsassız qərarlar çıxarırlar. Onları heç kim cinayət məsuliyyətinə cəlb edib cəzalandırmır. Sadəcə, hansı hakimdən xoşları gəlmirsə, onun məsələsini Məhkəmə-Hüquq Şurasına çıxardır və onu cəzalandırırlar. Halbuki, qanunsuz qərardad çıxarmaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə təqib olunan cinayət əməlidir. Əgər ədliyyə naziri inanmırsa, mən həmin hakimlərin adlarını bir-bir ona təqdim edə bilərəm. Əgər gücü çatırsa, həmin hakimlər barəsində tədbir görsün”.

Ekspert dəfələrlə qanunun tələblərini pozan hakimlərlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etsə də, adıçəkilən qurum bu müraciətlərlə bağlı hər hansı bir tədbirin görülmədiyini deyir.

M.Baxışın sözlərinə görə, Məhkəmə-Hüquq Şurası müstəqil qurum olmalıdır. Əfsuslar olsun ki, ədliyyə naziri Fikrət Məmmədov həm də Məhkəmə-Hüquq Şurasının sədridir: «Fikrət Məmmədov elə bir hakimlərin üzərində Domokl qılıncıdır. Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədri olması dövlət qurumları ilə bağlı məsələlərin qanunu və əsaslı həllini qeyri-mümkün edir. Hər bir hakim bilir ki, Fikrət Məmmədovun qanunsuz hərəkətlərinə məruz qala bilər. Ona görə də qanunu qərar qəbul etməyə çəkinirlər. Bir neçə gün əvvəl NİDA-çılarla bağlı hökm çıxaran hakimlər əslində AR CM 295.2-maddəsində nəzərdə tutulan cinayət əməlini törədiblər. Onlar qanunsuz və əsassız olaraq, heç bir sübut olmadan həmin şəxslər barədə ittiham hökmü çıxardılar və onları uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum etdilər. Bu əməllər AR CM 295.2-ci maddəsi ilə təqib olunan cinayətdir və ağır cinayətlər kateqoriyasına aiddir və 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub». 

Ekspertin sözlərinə görə, Azərbaycanda hər bir hakimin fəaiyyəti yoxlanılsa, onların fəaliyyətinə xitam vermək üçün çox ciddi əsaslar tapmaq olar: «Bütün hakimlər siyasi sifarişlər yerinə yetirirlər, rüşvət alırlar, digər yüksək vəzifəli şəxslərin göstərişlərini icra edirlər. Bununla da onlar AR qanunvericiliyini kobud şəkildə pozurlar. Bu nöqteyi nəzərdən hesab edirəm ki, ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədri olmasına imkanv ermək olmaz. Məhkəmə-Hüquq Şurası müstəqil bir qurum kimi yaradılmalıdır. Onda bəlkə siyasi iradə olsa, Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin qurulması istiqamətində müəyyən fəaliyyətin başlandığını demək olar. Buna görə də bugünə qədər Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyətinə xitam verilən və ya xəbərdarlıq edilən hakimlərlə bağlı atılan addımlar bu sahədəki problemlərin həllinə yönəlik addımlar kimi dəyərləndirilməməlidir. Bunların hamısı, boş, əsassız tədbirlərdir. Bu sistem dəyişilmədiyi müddət ərzində bu cinayətlər, bu qanunsuzluqlar hər gün, hər saniyə davam edəcək. Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi götürək. Savadına görə bu şəxsi adi katib də işlətmək olmaz. Lakin bu gün o boyda Bakı Apellyasiya Məhkəməsinin sədridir. Və ya Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərova baxaq. Onları attestasiyaya salsaq məlum olar ki, bunları adi hüquqşünas vəzifəsi də vermək olmaz. Lakin bu gün Yasamal Rayonu Məhkəməsinin sədri vəzifəsində çalışır. Məhkəmə-Hüquq Şurası qurama bir qurumdur».

Fizzə