Uorlikin Qarabağ mövqeyi niyə etirazla qarşılanır?

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik «işğal altında olan torpaqların boşaldılmalı olduğu ilə bağlı» səsləndirdiyi bəyanatına görə Laçında ermənilərin sərt etirazı ilə qarşılaşıb.
Xəbər verildiyi kimi, C.Uorlik ABŞ-ın rəsmi mövqeyi kimi Vaşqintondakı Karnegi Mərkəzində Qarabağa dair 6 nizamlama elementi açıqlayıb. Bu elementlər Laçın rayonu (dəhliz çıxılmaqla) da daxil olmaqla işğal altındakı 7 ətraf rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur.
 
Eyni zamanda Qarabağ probleminin həlli ilə bağlı ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar da Qarabağ probleminin həlliylə bağlı bir sıra mühüm bəyanatlarla çıxış edib. Amma ABŞ-ın Qarabağ probleminin həlli istiqamətində səyləri artdığı bir zamanda Azərbaycan hakimiyyəti əksinə qərblə, xüsusilə ABŞ ilə münasibətləri sərtləşdirir. Son günlər ABŞ-a qarşı aparılan əks-təbliğat da bunu deməyə əsas verir.
 
Bəs hakimiyyətin ABŞ tərəfindən göstərilən səylərə reaksiyasını nə dərəcədə adekvat saymaq olar?
 
Fuad Qəhrəmanlı: «Uorlikin səsləndirdiyi fikir hakimiyyətin Qarabağ məsələsində gətirdiyi bəhanələri aradan qaldırır»
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, N.Məmmədov ABŞ səfirinin müsahibəsinə münasibət bildirərkən Amerikanın Azərbaycana Qarabağ probleminin həllində kömək etmədiyini vurğulamışdı. F.Qəhrəmanlının fikrincə, əslində bu açıqlamadan görünür ki, hakimiyyət Qərbdən demokratiya ilə bağlı gələn tələblərə aqressiv münasibətini  Qarabağ problemi arxasında gizlətməyə çalışır: «Hakimiyyət öz maraqlarından çıxış etdiklərindən Qərbə inteqrasiyada maraqlı deyillər. Və hakimiyyət bu siyasətini saxta vətənpərvərliklə pərdələməyə çalışır. Guya, ABŞ və Avropa ölkələrinin Qarabağ məsələsində tutduğu mövqeyə görə hakimiyyət daha sərt tənqidlər səsləndirməyə məcburdur. Amma aydın məsələdir ki, bu tənqidlərin meydana çıxmasının səbəbi hakimiyyətə yönəlik demokratiya tələbləridir. Maraqlıdır ki, Ermənistanın işğalçı siyasətini birbaşa dəstəkləyən Rusiyaya münasibətdə bu ritorikaya müraciət olunmur. Bu kontekstdə Amerikalı həmsədrin işğal altında olan torpaqların azad edilməsiylə bağlı səsləndirdiyi fikir Qarabağ məsələsində hakimiyyətin gətirdiyi bəhanələri aradan qaldırır. Bu bəyanatda Amerikanın mövqeyi ifadə olunur. ABŞ-ın mövqeyi işğal altında olan torpaqların geri qaytarılmasıdırsa, Azərbaycanın Qarabağ məsələsində tutduğu mövqeyə görə ABŞ-ı tənqid etməsi səmimi görsənmir. Çünki belə olan halda gərək Rusiya daha kəskin tənqid olunsun. Ona görə burada daha çox hakimiyyətin maraqları məsələsi qabardılır. Hakimiyyət öz maraqlarını əsas tutaraq bu cür mövqe nümayiş etdirir».
 
ABŞ-ın Qarabağ probleminin həlli istiqamətində son zamanlar göstərdiyi səylərə gəlincə F.Qəhrəmanlı vurğuladı ki, hələlik bu istiqamətdə real planlar yoxdur. Hələlik Qarabağ ətrafındakı işğal olunmuş rayonların geri qaytarılması gündəmə gətirilsə də, bunun mexanizmləri göstərilməyib. «Amma ABŞ-ın hazırda sərgilədiyi mövqe digər həmsədrlər içərisində Azərbaycana ən uyğun olan mövqedir. Türkiyədən sonra Azərbaycanın maraqlarına uyğun yanaşmadır. Ona görə baş verənlərin fonunda Azərbaycan çalışmalıdır ki, öz təşəbbüslərini ifadə etsin», deyə F.Qəhrəmanlı vurğuladı.
 
Xəyal