Əbülfəs Qarayev “erməni kartı” ilə “vuruldu”

Paşayevlərin kadrını zərərsizləşdirmək üçün sarsıdıcı silah işə salınıb

APA son vaxtlar ciddi müzakirə mövzusuna çevrilən azərbaycanlı sənətçilərin erməni həmkarları ilə bir toyda oxumasını, həmçinin ermənilərin Azərbaycan musiqisini özününküləşdirməsi ilə bağlı araşdırma aparıb.
Araşdırmada 1955-ci ildə  “Soyuzmultfilm”in istehsal etdiyi “Pyos i kot” (“It və pişik”) cizgi filmində Azərbaycan bəstəkarlarının əsərlərindən, o cümlədən Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasından götürülmüş etüdlərin erməni bəstəkarı Karen Xaçaturyanın əsərləri kimi təqdim edilməsindən tutmuş, Tacir Şahmalıoğlunun Moskvada erməni ilə bir toyda oxumasına kimi bütün faktlar yer alıb. Bütün bunların qarşısının alınmadığını təəssüflə qeyd edən müəllif məsələylə bağlı  Mədəniyyət və turizm naziri Əbulfəs Qarayevin də mövqeyini öyrənib. Əbülfəs Qarayevin cavabı belə olub: “Bilirsiniz, kimsə bu prosesin qarşısını ala bilməz. Digər bir tərəfdən Azərbaycan müğənnisi niyə də erməninin oxuduğu toyda gedib pul qazanmasın? Tacir Şahmalıoğlunu hörmət əlaməti olaraq öz şənliklərinə dəvət edirlər, o da gedib toyda oxuyub. Sonra erməni müğənninin Azərbaycan mahnısını başqa tərzdə oxuduğunu görüb, ona əsil ifa nümayiş etdirib. Hesab edirəm ki, Azərbaycan musiqisini öz tərəfinə çəkmək istəyən erməni musiqiçisinə bu ləyaqətli bir cavabdır”.
Əslində bizim diqqətimizi cəlb edən də bu məqamdır. Araşdırmaya hər hansı iradımız yoxdur. Həmkarlarımız yerində bir araşdırma aparıblar. Və bu məsələlərə məsul bir şəxs kimi Əbülfəs Qarayevi sorğulamaqda da düz ediblər. Lakin burada bir siyasi çalar da var ki onu qeyd etməyi lazım bilirik.
Əbülfəs Qarayev hakimiyyətdə məlum bir qrupu – Paşayevləri təmsil edir. Iqtidar daxilində isə Paşayevlərə qarşı çıxan qruplar da var. Bu sırada Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qruplaşmasını göstərmək olar. Görünür, Paşayevlərin rəqibləri onları “vurmaq” üçün “erməni kartı”ndan istifadə etməyə başlayıblar. Bu məsələn, Paşayevlərin təmsilçisi Əbülfəz Qarayevi zərərsizləşdirmək üçün sarsıdıcı silahdır. Elə ona görə də hakimiyyətdə gərginliyin hökm sürdüyü bir dövrdə bu silahın işə salınmasına qərar verilib.

İnformasiya şöbəsi