Hakimiyyət daxilindəki parçalanma kənardan da aydın görünür
ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın Azadlıq radiosuna müsahibəsi böyük ajiotaja səbəb oldu. Prezident Administrasiyasından tutmuş, YAP-ın rəhbərliyinə qədər hər kəs ABŞ səfirinin açıqlamasına aqressiv reaksiya verdi.
Hakimiyyəti daha çox hiddətləndirən ABŞ səfirinin “Azərbaycan hökuməti monolit deyil” ifadəsi oldu. Vəziyyət o həddə çatdı ki, PA rəsmisi Novruz Məmmədov “Səfir bizimlə bu tonda danışa bilməz”, YAP icra katibinin müavini Mübariz Qurbanlı “ABŞ səfirinin fikirləri bizim üçün əsas deyil”, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov “Cənab Morninqstar və onun başında duranlar istəsələr də Azərbaycanın daxili işlərinə qarışa bilməzlər” söylədilər. Hətta ABŞ-ı “Molotov kokteyli” hazırlamaqda, Ukraynada iğtişaş törətməkdə də ittiham etdilər.
Heç kimə sirr deyil ki, Azərbaycan reallığında bu tipli münasibətlər Ilham Əliyevin iradəsindən kənar baş vermir. Yəni, ABŞ səfirinə qarşı “səlib yürüşü” ölkə rəhbərliyi ilə razılaşdırılıb.
Qayıdaq “hökumət monalit deyil” ifadəsinə. ABŞ səfiri bu ifadəni işlədərəkən kimləri nəzərdə tuturdu?
Xatırlayırsınızsa prezident seçkiləri ərəfəsində ABŞ-la Azərbaycan arasında diplomatik qalmaqal yaranmışdı. O dövrdə PA rəhbəri Ramiz Mehdiyev bildirmişdi ki, ABŞ bizdən saxta seçki keçirməyi tələb edir. Mehdiyevin bu açıqlaması isə ABŞ səfirliyi tərəfindən təkzib olundu. Daha sonra Müdafiə Nazirliyində ABŞ səfirinin danışıqlarının gizli qeydə alındığı məlum oldu.
Digər tərəfdən son günlər əsasən Ramiz Mehdiyev və Kəmaləddin Heydərova yaxın qüvvələrin “Rusiya çağırışı” eşidildi. Hökumətin müxtəlif strukturlarında fəaliyyət göstərən adamların bir qrupu Putinə müraciət ünvanladı, bəziləri rus qoşunlarının Azərbaycana gətirilməsi təklifini verdi, bəziləri də SSRI xəyalları ilə yaşadı.
Görünür, hakimiyyət daxilində hərənin bir havaya oynaması kənardan da yaxşı görünür.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Morninqstar komanda daxilindəki məqamlara diqqət çəkərək, Ilham Əliyevə mesaj verir: “Bu məsələdə ən müxtəlif yozumlar real ola bilər. Tarixi təcrübə göstərir ki, komanda yalnız bir halda tam şəkildə formalaşa bilir. O halda ki, birinci şəxs kifayət qədər güclü olur və ətrafındakıları özünə inandıra bilir. Azərbaycanda belə bir reallıq yoxdur. Hesab edirəm ki, Morninqstar bu ifadəni işlədərkən, Azərbaycanda baş verənlərdə Ilham Əliyevin rolunun olmadığının mesajını verirdi. Artıq ABŞ da bu hakimiyyətlə diplomatik dildə danışmağın faydasız olduğunu dərk edib. Ona görə də Morninqstar hakimiyyətin başa düşdüyü dildə danışmağa başlayıb. Hesab edirəm ki, bu daha optimal və düzgün yoldu”.
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, istənilən halda ABŞ səfirinə qarşı hücum təşkil etmək diplomatik etikaya ziddir və tamamilə yanlış siyasətdi: “ABŞ səfirinin fikirlərində qıcıq doğuracaq heç nə yoxdur. Bunların sərgilədiyi mövqe biabırçılıqdı. ABŞ atom bombası, hidrogen bombası hazırlayır. Azərbaycanla mübarizə aparmaq üçün ABŞ-ın ”molotov kokteyli”nə ehtiyacı yoxdur. Ukraynada baş verənlərə görə ABŞ-ı ittiham etmək absurddur. Səfirin fikirlərini süngü ilə qarşılayıb, dünyadakı neqativ halları ABŞ-ın adına yazmaq yanlışdır. Amerika Azərbaycan üçün təhlükəsizlik deməkdir. Hakimiyyət diplomatik münasibətləri pozmaq və özünə düşmən qazanmaq siyasətindən əl çəkməlidir. Hakimiyyət nümayiş etdirdi ki, nəinki yerli jurnalistin, müxalifətin, hətta ABŞ səfirinin tənqidinə də dözümlü yanaşa bilmir”.
Akif


