Faşizmlə müharibənin gizlinləri

Birləşmiş Ştatlar SSRI-yə hansı köməyi göstərirdi

«Stalin etiraf edib ki, ABŞ yardımı olmadan müharibəni udmaq mümkün olmazdı»

Böyük Vətən Müharibəsinin başa çatmasından 69 il keçsə də, qələbənin necə əldə edilməsi və burda kimlərin daha çox xidmətinin olması hələ də müzakirə olunur. Sovet-alman cəbhəsində SSRI-nin qələbəsində Amerikanın rolu isə xüsusi müzakirə mövzusudur.

Silah-sursat və ərzaq təminatı

SSRI-nin keçmiş rəhbərlərindən olan, Böyük Vətən Müharibəsi zamanı bir neçə cəbhənin hərbi şurasının üzvü olan Nikita Xruşşovun memuarlarında Birləşmiş Ştatların Sovet Ittiffaqına yardımı ilə bağlı bir sıra etirafları yer alıb. Hakimiyyətdən uzaqlaşdırılan və Kremldəki həmkarlarına fərqli münasibəti ilə seçilən Kommunist partiyasının və SSRI-nin keçmiş rəhbəri müharibə illərində yaşadıqlarını yenidən dərk edərək ABŞ-ın sovet ordusunun qələbəsindəki rolu ilə bağlı sovet tarix kitablarında yazılanlardan fərqli mövqe ortaya qoyur. 

Xruşşov yazırdı: “Ilk növbədə Stalinin sözləri barədə demək istəyirəm. Öz aramızda söhbət edəndə o dəfələrlə açıq şəkildə deyirdi ki, əgər Amerika bizə kömək etməsəydi, bu müharibəni uda bilməzdik. Təkbətək Hitler Almaniyasına gücümüz çatmazdı və müharibəni uduzardıq”.

Nikita Xruşşovun əsas arqumenti ondan ibarətdir ki, Amerika hərbi təchizatı, metal, təchizat, ərzaq ixracı olmasaydı, nə ordunu silahlandırmaq və yedirtmək, nə də əhalini ərzaqla təmin etmək mümkün olmazdı. 

“Biz təyyarə, tank, traktor və avtomobil motorları istehsal edən bütün güclü bazalarımızdan məhrum olduq. Nə vəsaitimiz, nə də avtomobil nəqliyyatı, xüsusilə dartıcı ilə təmin edəcək zavodlarımız yox idi. Bunlarsız isə heç cür müharibə aparmaq olmaz. Bütün artilleriyamız Amerika dartıcılılırı üzərində idi. Stalinin ölümündən sonra təklif etdim ki, gəlin istehsal etdiyimiz maşınları hərbçilərimizə verək. Çünki sadəcə ayıbdır: paradda da Amerika dartıcılarından istifadə olunur. ABŞ-ın bizə verdiyi maşınların sayı və keyfiyyətini xüsusi vurğulamalıyam. Onlar olmasaydı, biz neyləyərdik? Stalinqraddan Berlinə qədər necə hərəkət edəcəyimizi təsəvvür etmirəm. Itkilərimiz həddindən artıq çox olardı. Çünki qoşunlarmızın heç bir manevr qabiliyyəti yox idi. Bəs uzaq bombardımançı aviasiya? Müharibənin əvvəlində bizdə, ümumiyyətlə, belə təyyarələr yox idi. Yalnız simvolik bir neçəsini tapmaq olardı. Ancaq bununla rəqibin istehsal potensialını dağıtmaq mümkün deyildi. Sənayesini müharibə tələblərinə uyğunlaşdıran ABŞ müharibəyə qoşulanda bu ölkənin nəhəng potensialı Almaniya üçün real təhlükə yaratdı. Artıq Hitler də bunun sonuncu başlanğıcı olduğunu anlayırdı”,- deyə Xruşov memuarlarında yazır. 

SSRI-nin keçmiş rəhbəri Kiyevə hücum zamanı düşmənin aviasiyasının müharibənin əvvəlindən fərqli olaraq zəifləməsinin də Amerika aviasiyasının xidməti kimi göstərir: “ABŞ aviasiyası təyyarə və silah istehsal edən alman zavodlarını sıradan çıxardı. Sovet əsgərlərinin qanı, ABŞ və Britaniya texnikasının hesabına ümumi düşmən üzərində ardıcıl qələbələr əldə edilirdi”.

Ordu və arxa cəbhə üçün ərzaq yardımı

Sovet Ittiafaqının sovet-alman cəhbəsində qazandığı qələbədə lend-liz xətti ilə təchizatın vacibliyi barədə müzakirələr təkcə Rusiyada aparılmır. Qərb ekspertləri də Birləşmiş Ştatların təchizatı olmadan Sovet Ittiffaqının Almaniya üzərində bəlli müddətdə qələbə əldə etməsini mümkünsüz hesab edir. Bu yardımın hərtərəfli olduğunu da unutmaq olmaz. Bura ordu və arxa cəbhə üçün ərzaq da daxil idi. Ərzaq məhsulları lend-lizin təxminən beşdə bir hissəsini təşkil edirdi. Sovet əsgərləri ABŞ konservlərini “ikinci cəbhə” adlandırırdı. Əsgərlər üçün onun dəyəri çox yüksək idi. Amerikanın yardımına çoxlu sayda müxtəlif tank və aviasiya mühərriki, müharibədə böyük əhəmiyyyəti olan və sovet silahlı qüvvələrinin ciddi ehtiyac duyduğu nəqliyyat vasitələri daxil idi. Bunlar təxminən 80 min cip, 150 mindən artıq minik yük maşını, 200 mindən artıq “Studebeker” dartıcı idi. Bu texnika hesabına sovet ordusunun nəqliyyat sistemini formalaşdı və nəticədə 1943-cü ildən başlayaraq ordu daha sürətlə irəliləməyə başladı. Lend-liz sovet ordusunun maddi-texniki təminatın sisteminin daha bir sahəsini genişləndirməyə və manevrli müharibə aparmağa imkan verdi. Söhbət rabitə vasitələrindən gedir. Bunlar milyon yarım kilometrlik telefon kabelləri, 35 min radioötürücü və 380 min səhra telefonlarıdır. Yardıma tank zavodlarında istehsalı xeyli artıran keyfiyyətli polad, alümin, ştamplama pressləri də daxil idi. Nəhayət, Sovet Ittifaqına verilən silahları da unutmaq lazım deyil. 

Doğrudur, SSRI ölkənin qərbindəki bəzi zavodları Ural-Sibir regionuna köçürə bilmişdi və orda sənaye bazası mövcud idi. Ancaq istənilən halda Amerikanın operativ və lazımi səviyyədə köməyi olmadan sovet orusu daha çox vuruşmalı və xeyli artıq itkilər verməli olacaqdı. Ordunu ərzaqla təmin etmək çətinləşdikcə onu irəli aparmaq da çətinləşdir. Bu səbəbdən də müharibə bir qədər də uzanır. Bu isə o deməkdir ki, Avropanın sərhədləri və onun siyasi quruluşu müharibədən sonrakından xeyli fərqlənərdi.

Ruzvelt və Konqresin qətiyyəti

Qeyd etmək lazımdır ki, Amerika lend-lizindən Böyük Britaniyaya da böyük pay düşüb. Müharibədə istifadə etdiyi resursların dörddə biri məhz ABŞ-dan gəlirdi. Deməli, ABŞ olmadan Britaniya da müharibədə daha ağır zərbələr görərdi. 

Lend-liz coğrafiyasına görə olduqca geniş idi – təchizat Murmanskdan Vladivostoka qədər SSRI-nin bütün tərəflərinə həyata keçirilirdi. Bu da özlüyündə xüsusi bir cəbhə təşkil edirdi. Yüklərin çatdırılması böyük itkilərlə bağlı idi. Üstəlik, SSRI-yə yardım ABŞ-a asan başa gəlmirdi. Çünki həmin vaxt Birləşmiş Ştatların sənayesi hərbi qaydaya salınmamışdı. ABŞ silahlı qüvvələri lazımi səviyyədə deyildi. Çoxları ehtiyat edirdi ki, ölkə faktiki olaraq silahsız vəziyyətdə müharibəyə cəlb ediləcək. 

Belə situasiyada hər an dağıla biləcək müttəfiq üçün hərbi məhsul istehsal etmək Ruzvelt administrasiyasından və Konqresdən böyük cəsarət tələb edirdi. Sovet Ittiaqının lend-liz olmadan qalib gələcəyini demək çətindir. Ancaq məlum olan odur ki, ABŞ sənayesi var gücünü ortaya qoymasaydı, Birləşmiş Ştatlar, Böyük Britaniya və SSRI ittifaqı qısa müddətdə qalib gələ bilməzdi. Bu yardımın tarixdə görünməmiş sürəti və miqyası çətin ki, bir də nə vaxtsa təkrarlansın. 

Yumurta tozu və Amerika çəkmələri…

Nikita Xruşşovun hazırda ABŞ universitetlərindən birinin professoru olan oğlu Sergey Xruşşov da atasının yazdıqları ilə razıdır. Çünki Nikita Xruşşov müharibədəki situasiyanı çox yaxşı bilirdi. “O bilirdi ki, Sovet Ittifaqı Amerika yardımına möhtacdı və ondan asılıdır. Biz bilirik ki, sovet ordusu yerli istehsal olan avtomobillərdə deyil, ”Studebeker”lərdə hərəkət edirdi. “Studebeker” olmadan “Katyuşa”ları təsəvvür etmək mümkün deyildi. Çünki “Katyuşa”lar məhz onların üzərində hərəkət edirdi. Yalnız 1945-ci ildə qələbə paradı zamanı “Katyuşa”lar “Studebeker”lərdən sovet istehsalı olan avtomobillərə yerləşdirildi. Ancaq bu yalnız paradda iştirak edən texnikaya aid idi. Bəlkə az adam bilir ki, əraziləri itirdiyinə görə SSRI Amerikanın alümin, manqan, volfram və digər materialları olmadan silah-sursat istehsal edə bilməzdi. Sovet Ittiaqı Amerika yardımı və yeməyi hesabına yaşayırdı. O dövrün adamları yumurta tozu, Amerika konservləri, Amerika çəkmələrini yaxşı xatırlayır. Ona görə də Nikita Xruşşov amerikalılara borclu olduğumuzu qəbul edirdi. O hesab edirdi ki, biz digər ölkələrin qələbədə rolunu inkar etməklə ultra-vətənpərvərliklə məşğul olmamalıyıq. Çünki bu yalnız ölkənin ziyanına işləyirdi”, – SSRI-nin keçmiş rəhbərinin oğlu deyir.  

Sergey Xruşşov hesab edir ki, Amerika yardımı olmasaydı, SSRI artıq 1942-ci ildə məğlub olardı. Çünki müdafiə infrastrukturu kompleksləri Ukrayna, Belarusda və Rusiyanın qərb regionlarında yerləşirdi. Onların bir qismini şərqə köçüdə bildilər. Ancaq söhbət 1941-ci ildən gedir və o zaman Amerikanın lend-liz yardımı hələ yenicə razılaşdırılırdı. Müdafiə yalnız ölkənin öz hesabına qurulurdu. Bu isə yetərli deyildi. Silah ehtiyatları çox az idi. 1942-ci ilin qışından isə gələn yardım tank, təyyarə və digər texnika istehsal edən zavodların fəaliyyətini dirçəltdi. 

Almaniyanın məğlub olmasının əsas səbəbi kimi məhz ABŞ-ın misilsiz imkanları qarşısında ehtiyatlarının tükənməsi göstərilir. Hitler bunu anlayırdı. Amerikanın nasizm üzərində qəbəbədə rolu isə olduqca böyükdür. 

Stalinin sülh təklifi…

Sergey Xruşşov o dövrkü sovet rəhbərliyinin məğlubiyyətdən qorxduğunu və hətta almanlarla müəyyən razılığa gəlmək istədiyini də deyir. O hətta atasının Stalinin davranışlarından narazı qaldığını da bildirir: “Stalin bu məsələdə hamıdan çox günahkar idi, ancaq günahı xalqın üzərinə atırdı. Hətta Stalin almanlarla əlaqə quraraq onlara sülh də təklif edib. O Ukraynanı, ölkənin Avropa hissəsindən böyük əraziləri almanlara verməyə hazır idi ki, almanlar dayansın və ona nəfəsini dərməyə imkan versin”.

Sergey Xruşşov müharibənin taleyi həll olunan ərəfədə Çörçilin artıq SSRI-yə qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olduğunu da deyir. Lakin ABŞ-ın davranışı fərqli olub. 

Fizzə