Bernar Fasyeni Bakıda ələ saldılar

Azərbaycan telekanalları həmsədrin subaşına çıxmasını yayımladı

Azərbaycan telekanalları ATƏT-in Minsk Qrupunun Ağdam rayonuna səfəri zamanı Bernar Fasyenin subaşına getməsi ilə bağlı görüntüləri yayımlayıb. Telekanallar görüntüləri yayımlayarkən həmsədrin ünvanına müxtəlif ittihamlar da səsləndiriblər. Hətta bəzi “vətənpərvərlər” həmsədrin çölün ortasında avtomobildən enərək təbii ehtiyacını ödəməsini Azərbaycana xəyanət kimi dəyərləndirib.

Bu fakt onu göstərir ki, hakimiyyət artıq diplomatik nümayəndələri də şantaj etməyə başlayıb. Əslində Bernar Fasyenin bu şəkildə ələ salınması ATƏT-in son bəyanatları ilə bağlıdır. Bu qurum Ictimai Palatanın 2 aprel aksiyasının qəddarlıqla dağıdılması və yüzlərlə insanın həbsinə sərt reaksiya vermişdi. Bundan sonra hakimiyyət ATƏT-ə qarşı genişmiqyaslı kampaniya başlatmışdı. ATƏT nümayəndəsinin subaşına getməsi ilə bağlı görüntülərin təhqiredici formada yayımlanması da bu kampaniyanın pik nöqtəsi sayıla bilər. Lakin ola bilər ki, hakimiyyətin telekanalları Bernar Fasyeni “izləməkdə” davam etsinlər və daha şok görüntülər yayımlasınlar. Həmçinin bu kampaniyadan digər diplomatlar da sığortalanmayıb. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə məsləhət görərdik ki, təbii ehtiyaclarını ödəyəndə ehtiyatlı olsunlar. Çünki onlar hər zaman arzuolunmaz “təhlükəsizlik kameraları”nın obyektivinə düşə bilərlər.

Məsələ ilə bağlı Fransanın ölkəmizdəki səfirliyi ilə əlaqə saxladıq. Mətbuat katibi Cəmilə Axundova bildirdi ki, Bernar Fasyenin ələ salınması ilə bağlı səfirliyin, hələlik, hər hansı mövqeyi yoxdur.

İnformasiya şöbəsi