“ABŞ Əliyevdən konkret mövqe tələb edir”

«Səfirin müsahibəsindəki mesajlar İlham Əliyevə mövqeyini müəyyənləşdirmək üçün bir çağırışdır»

«Hakimiyyətin davranışından asılı olaraq həm Rusiya, həm də Qərb Azərbaycanla bağlı siyasətini müəyyənləşdirəcəkdir»

Sülhəddin Əkbər: «Rusiya anlayır ki, Azərbaycan demokratikləşərsə bu ölkənin xarici siyasət vektoruna təsir edəcəkdir»

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Azadlıq radiosuna müsahibəsində hakimiyyətə bir sıra mesajlar ünvanlayıb. Azərbaycan hakimiyyətinin daxildən monolit olmadığını deyən Morninqstar iqtidarın daxilində Azərbaycan-ABŞ münasibətlərini korlamaq istəyən qüvvələrin olduğunu deyib. Azad Demokratlar Partiyası təşkilat komitəsinin sədri Sülhəddin Əkbərlə müsahibəmizə elə səfirin bu fikirlərinə münasibət öyrənməklə başladıq: 

– Bu əslində çoxdan məlum olan həqiqətlərin etirafıdır. Amma bu etirafın ABŞ diplomatı tərəfindən edilməsinin də öz mənası var. Bu artıq ABŞ-ın Azərbaycan hakimiyyətindən, Ilham Əliyevdən mövqe seçməsini açıq şəkildə istəməsidir. Əgər həqiqətən də Azərbaycan hakimiyyətində Qərb və Rusiyapərəst qruplaşma varsa, o zaman bəyan edilməlidir ki, Ilham Əliyev kimin tərəfindədir. Hakimiyyət dəfələrlə bu suala birbaşa cavab verilməkdən yayınıb. ABŞ Ilham Əliyevi məhz Qərbpərəst qrupda görmək istəyir. Amma mən Azərbaycan hakimiyyətində Qərbpərəst qrupun olduğunu düşünmürəm. Hakimiyyətdə Azərbaycanın demokratikləşməsini, Qərbə inteqrasiya kursu tutmasını istəyən tək şəxslər ola bilər. Amma bu şəxslərin nüfuzlu qrup halında olduğunu düşünmürəm. Yəni səfirin müsahibəsindəki mesajlar Ilham Əliyevə mövqeyini müəyyənləşdirmək üçün bir çağırışdır.

– Səfir daha sonra bildirib ki, bəzən elə şeylər baş verir ki, tamamilə lazımsızdır və hətta hökumətə də ziyan gətirir. Bu açıqlamanı necə dəyərləndirmək olar?

– Azərbaycan hakimiyyətində Rusiyaya olan meylin özünü bürüzə verməsindən ABŞ-ın narahatçılıq keçirməsini göstərir. ABŞ səfiri bir daha bəyan edir ki, əgər hakimiyyət bu xətti tutmuş olsa, Azərbaycanın suverenliyini və müstəqilliyini təhlükə altına atmış olacaq.

“Hakimiyyətlə ABŞ fərqli maraqlar barədə danışır”

– Səfir daha sonra vurğulayır ki, Ukraynada baş verənlərdən düzgün nəticə çıxarmaq lazımdır. Səfir bildirir ki, hökumət, Maydanda baş verənlərin burada təkrarlanmasını istəmir. Amma Ukraynadan yanlış dərs götürülür. Belə ki, iki cür nəticə çıxarılır. Birinci nəticə odur ki, bir tərəfdən, Ukraynada baş verənlərdən sonra ABŞ-la münasibətlər vacib olması vurğulanır. Amma eyni zamanda orda baş verənlərin burada təkrarlanmaması üçün vətəndaş cəmiyyətinin işini daha da çətinləşdirmək xətti tutulur…

– Azərbaycanın siyasi elitası ilə ABŞ-ın siyasi elitasının dəyərlər sistemi fərqlidir. Azərbaycan hakimiyyətini ilk növbədə düşündürən onların iqtidar və mülkiyyət maraqlarıdır. Mümkün qədər hakimiyyəti daha çox əldə saxlayaraq mülkiyyətin toxunulmazlığına təminat almaq başlıca amaldır. ABŞ səfirinin yanaşmasında isə milli maraqlar öndədir. Ona görə səfir maraqlardakı fərqliliyi nəzərə almalıdır. Azərbaycan hakimiyyəti o baxımdan anlayır ki, ölkənin suverenliyini qorumaq üçün ABŞ, NATO-nun dəstəyinə ehtiyac var. Çünki Rusiyanı regionda balanslaşdıracaq başqa bir qüvvə yoxdur. Hətta qardaş Türkiyənin də belə hazırlığı yoxdur. Ona görə NATO, ABŞ və Avropa Birliyi Azərbaycanın müstəqilliyinin Rusiyadan qorunmasında əvəzolunmaz bir gücdür. Əslində ölkənin suverenliyinin itirilməsi mülkiyyət və hakimiyyətin də itirilməsi deməkdir. Buna hakimiyyətin maraqları baxımından da yanaşmaq lazımdır. Ona görə bu məsələdə hakimiyyətin maraqları ilə milli maraqlar üst-üstə düşür. Amma daxili siyasətdə durum bir qədər fərqlidir. Azərbaycan hakimiyyəti düşünür ki, iqtidarını qorumaq üçün bütün müxalif fikri elə rüşeym halındaca əzmək lazımdır. Hakimiyyətin düşüncəsinə görə hər hansı bir xarici qüvvə daxildə sabitliyi pozmaq istəsə, onların söykənə biləcəyi bir qüvvə olmamalıdır. ABŞ-ın isə düşüncəsi fərqlidir. Onlar hesab edir ki, Azərbaycan xarici gücə qarşı daha möhkəm durmaq üçün öz xalqı, müxalifəti ilə sıx birləşməlidir. Daxildə milli birlik, sosial həmrəylik olarsa, ölkənin milli müqaviməti də bir o qədər yüksək olar. Mən də bu fikrin tərəfdarıyam. Bu düzgün yanaşmadır. Təəssüf ki, hakimiyyətin baxışı fərqlidir.

– Novruz Məmmədovun timsalında hakimiyyət ABŞ səfirinin müsahibəsindəki fikirlərə reaksiya bildirib. Hakimiyyət təmsilçisi ABŞ-ı Ukrayna hadisələrinin günahkarı adlandıraraq, Ermənistana dəstək verməkdə ittiham edir. Eyni zamanda N.Məmmədov ABŞ-ı NIDA-çıları dəstəkləməkdə günahlandırıb…

– Hakimiyyətdaxilində Rusiya ilə yaxınlaşma xəttinin üstünlük təşkil etdiyi açıq-aydın görünür. Bu açıqlamada ona misaldır. Azərbaycan hakimiyyətindəki Rusiyapərəst qüvvələr də yekdil deyil. Onlardan bir qrupunu Rusiyanın agenti saymaq olar. Bir qrup həqiqətən düşünür ki, hazırkı beynəlxalq durumda Rusiya ilə yaxınlaşma Azərbaycanın maraqlarına daha çox cavab verir. Eyni zamanda Qərbin 2008-ci ildə Rusiyanın Gürcüstana olan təcavüzünün qarşısını ala bilməməsi, eyni zamanda Ukraynaya 1994-cü ildə verilən təhlükəsizlik təminatının yetərli olmaması, həm ABŞ-a, həm də NATO-ya inamı sarsıdır. Bu baxımdan Azərbaycan hakimiyyətində “ABŞ və NATO-nun verdiyi təminatının yetərsiz olduğu”, “Rusiyanın regionun vahid gücüdür” fikir getdikcə güclənir. Ukraynanın böyük hissəsi işğal olunub. Amma ABŞ və NATO-nun verdiyi reaksiya yetərsizdir. Ona görə də hakimiyyətin açıqlamalarını da birmənalı dəyərləndirmək olmaz. Burada fərqli qruplar var. 

“GUAM-da AB ilə əməkdaşlığı dərinləşdirməyən yeganə Azərbaycan qaldı” 

– Hakimiyyətə yaxınlığı ilə seçilən Stratfor Qlobal Kəşfiyyat şirkətinin yaradıcısı George Friedman geniş məqalə ilə çıxış edib. Məqalədə Azərbaycan hakimiyyətinin maraqlarından çıxış edən məqamlar yer alıb. Azərbaycanın geosiyasi əhəmiyyətini qabardan Friedman hazırkı dönəmdə Azərbaycana demokratiya və insan haqları sahəsində təzyiqlərin bir qədər yumuşaldılmalı olmasına eyham vurur. Hakimiyyətin mətbəxində hazırlanan bu tezisi Qərb qəbul edəcəkmi?

– Burada Qərbin məsələyə yanaşmasına diqqət etmək lazımdır. Əslində Qərbin də siyasətinin əsasında bu yanaşma durur. ABŞ dünyada baş verənlərə iki rakursdan yanaşır. Birinci sualda səslənən yanaşmadır. Ikinci yanaşma isə idealist baxışları əks etdirir. Bu yanaşmaya görə, ABŞ öz dəyərlərindən heç bir halda imtina etməməlidir. Təəssüf ki, bu günə qədər birinci yanaşmanın tərəfdarları üstünlük təşkil ediblər. Azərbaycana getdikcə regionun Səudiyyə Ərəbistanı kimi baxılıb. Iyunun 27-də Moldova və Gürcüstan Avropa Birliyi ilə əməkdaşlıqda növbəti mərhələyə keçəcək. Bu səfərdən sonra Azərbaycan GUAM-da Avropa Birliyi ilə əməkdaşlığı dərinləşdirməyən yeganə ölkə kimi qalacaq. Bu zaman Azərbaycana münasibətin dəyişib-dəyişmədiyi bəlli olacaq. Azərbaycan demokratikləşmə siyasətinin tərkibində görünəcəksə, artıq o zaman ABŞ və NATO Azərbaycana siyasətini dəyişəcək. Yox əgər bəyan olunsa ki, Gürcüstan və Moldovanı həzm etmək üçün bizə hələ zaman lazımdır. O zaman Azərbaycanla bağlı gözləmə mövqeyi tutula bilər. Azərbaycanla bağlı siyasəti müəyyənləşməsinə eyni zamanda Rusiya faktoru da ciddi təsir edəcək. ABŞ, NATO ilə yanaşı Rusiya da postsovet məkanında siyasətinə korrektələr edəcəkdir. Hakimiyyətin davranışından asılı olaraq həm Rusiya, həm Qərb siyasətini müəyyənləşdirəcəkdir.

– Fransa prezidentindən sonra Putinin emisarı Narışkin iyunun 28-də Bakıya səfər edəcək. Bu səfəri necə qiymətləndirmək olar. Narışkin hansı mesajlarla gələ bilər?

– Yaxın gələcəkdə Azərbaycanda maraqları olan oyunçuların hamısı – yəni həm ənənəvi oyunçular Rusiya, Iran, Türkiyə və yeni oyunçular ABŞ, Avropa Birliyi regionla bağlı öz siyasətlərini 3 baxımdan yenidən baxacaqlar. Birinci, geosiyasi baxımdan. Çünki Qərblə Rusiyanın qarşıdurma xətti GUAM-dan keçir. Ikinci məqam Ukrayna böhranından sonra konfliktlərin təhlükəsizliyi necə təhdid etdiyi ortaya çıxdı. Ona görə konfliktlərin həlli aktuallaşacaqdır. Üçünücü məqam  isə Azərbaycanın Avropanın enerci təhlükəsizliyində rolunun artmasıyla bağlıdır. Bu üç məsələ həm ABŞ-ın, həm Avropa Birliyinin, həm də Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinə yenidən baxmasına gətirib çıxaracaq. Hakimiyyət də yeni durumda mövqeyini müəyyən etməyə məcbur qalacaqdır. Hələlik hakimiyyət tərəfindən göstərilən instinktiv reaksiya Rusiyanın xeyrinədir.

“Rusiya daha aqressiv siyasət yürüdəcək”

– Fransanın “LeMond” qəzeti Fransa prezidetinin Azərbaycana səfərini Rusiyaya bir mesaj kimi dəyərləndirib. Yəni, Fransanın vasitəsilə AB bəyan edir ki, Rusiyaya Ukraynada etdiklərini Cənubi Qafqazda təkrarlamağa imkan verməyəcək?

– Fransan prezidentinin mesajları daha çox Azərbaycan hakimiyyətinə yönəlib. ABŞ səfirinin dili ilə desək bu mesajlar daha çox hakimiyyətdəki Rusiyaprərəst qrupa, daha dəqiqi Ilham Əliyevə ünvanlanıb. Qərb mesaj verir ki, hakimiyyət Rusiyaya meyllənməyi gücləndirərsə, onlar da ölkə daxilindəki Qərbyönümlü qüvvələri dəstəkləyə bilər. “LeMond” qəzeti nüfuzlu mətbuat orqanıdır. Amma postsovet məkanını bizim qədər bilə bilməzlər. Rusiyaya xüsusi mesaja ehtiyac yoxdur. Rusiya xüsusi xidmət orqanları, siyasi texnoloqları Heydər Əliyevin dövründən başlayaraq Azərbaycanda intensiv iş aparırlar. Onlar daimə həm öz, həm də Qərbin potensiallarını öyrənirlər. Ona görə düşünmürəm ki, bu mesaj Rusiyaya ciddi təsir edəcək. Rusiya anlayır ki, Azərbaycan demokratikləşərsə bu ölkənin xarici siyasət vektoruna təsir edəcəkdir. Demokratik Azərbaycan avtoritar Rusiyanın deyil, demokratik dünya ilə birlikdə olmaq istəyəcək. Bu isə Azərbaycanın Rusiyanın təsirindən çıxması demək olacaqdır.

– Gürcüstan və Moldova iyunun 27-də AB ilə assosiasiya sazişi imzalayacaq. Ukrayna da AB ilə əməkdaşlığı dərinləşdirməyi düşünür. Rusiyanın bunlara reaksiyasını necə dəyərləndirmək olar?

– Keçmiş SSRI ölkələrinə Qərblə Rusiyanın yanaşması fərqlidir. Rusiya üçün bu region “həyatı” əhəmiyyət daşıyır. Yəni xarici siyasətdə ən vacibdir. Avropa Birliyinə üz tutmuş postsovet ölkələri Qərb üçün həyatı əhəmiyyət daşımır. Qərb uzaq başı bu ölkələrə “həyatı vacib” maraq dairəsi kimi baxa bilər. Bu yanaşma da yalnız Moldova, Gürcüstan, Ukrayna ilə əməkdaşlığın yeni səviyyəsinə keçdikdən sonra olacaq. Hazırda isə Qərb bu məkana “vacib” region kimi yanaşır. Yəni Rusiya ilə ABŞ-ın regionun onun üçün əhəmiyyətinə yanaşması tam fərqlidir. Bu fərqlilik üzündən Rusiya bölgədə daha aqressiv siyasət aparacaqdır. Qərbin, xüsusilə ABŞ-ın təhlükəsizlik maraqlarının kəskinliyinə görə qiymətləndirilməsi prinsipi var. Bu maraqlar 4 qrupa bölünür. Birinci, – “həyatı”, ikinci “həyatı vacib”, üçüncü “vacib” və nəhayət, dördüncü “periferik” maraqlar. Postsovet məkanı Rusiya üçün “həyatı” maraqlara daxildir. Qərb üçünsə eyni region “həyatı vacib” sayılır. Yəni bəzən Qərb  postsovet regionunda daha fəal siyasət yürütmədiyinə görə qınanır. Bunun səbəbi Qərbin regiona “vacib” maraqlardan yanaşmasıdır. Yalnız iyunun 27-dən sonra bu maraqlar bir pillə artaraq “həyatı vacib” səviyyəsinə qalxacaq. Amma bununla belə yenə də Rusiyanın bölgəyə marağı Qərbdən daha çoxdur.

 – Rusiya Ukraynadakı siyasətin Azərbaycanla da bağlı davam etdirə bilər. Ermənistanda keçirilən beynəlxalq konfrans buna misaldır. Bir sıra xarici ölkələrin qatıldığı tədbirin adı “Azərbaycanda Tatların vəziyyətivə problemləri adlanır”. Bundan başqa tədbirdə “Şirvan Azadlıq Cəbhəsi” adlandırılan təşkilatın hesabatı müzakirə edilib. Məlum olub ki, bu təşkilatın məqsədi gələcəkdə Şirvanda “Şirvan Fars Respublikası” yaratmaqdır. Bu baş verənləri də Rusiya planı saymaq olarmı?

– Istər Rusiya, istərsə də onun müttəfiqləri tərəfindən bu cür təxribatı gedişlər olacaqdır. Bu əsassız bir ideyadır. Iranda Azərbaycan türkləri etnik çoxluqdur. Amma heç bir farsın yaşamadığı bir bölgədə necə fars dövləti qurula bilər?

Xəyal