Putinin emissarı Bakıda nə deyəcək?

Vəfa Quluzadə: «Azərbaycan iqtidarı bu mesajları gözəl bilir»

Ukraynada atdıqları addımlara cavab olaraq Rusiya ilə münasibətləri korlanan Qərbin Azərbaycana göstərdiyi diqqət, avropalı rəsmilərin ardıcıl səfərləri Moskvanı narahat etməyə bilməz. Fransa prezidenti Fransua Ollandın ardınca Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun da gələn ay ölkəmizə gələcəyi deyilir. Bu arada ATƏT-in Parlament Assambleyasının Bakıya keçiriləcək yaz sessiyasında iştirak etmək üçün Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfər edəcək. 

Heç şübhəsiz Narışkin təkcə tədbirə qatılmaqla kifayətlənməyəcək və onun Azərbaycan rəhbərliyinə Kremlin mesajlarını çatdıracağını demək mümkündür.

Qeyd edək ki, məhz Narışkinin Bakıya səfəri ərəfəsində Gürcüstan və Moldova Avropa Birliyi ilə assosisasiya sazişi imzalamalıdır. Azərbaycan da bu sazişi imzalamalı olan ölkələr sırasındadır. Lakin Qərbin Azərbaycanda möhkəmlənmək Rusiyanın maraqlarına ziddidir. 

Belə olan halda Narışkin Azərbaycan hakimiyyətinə hansı mesajları çatdıra bilər?

Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın Azərbaycana mesaj verməsi üçün xüsusilə Narışkini göndərməyə dəyməz. Lakin Rusiyanın Azərbaycana mesajları aydındır və onları xüsusi təqdim etməyə ehtiyac yoxdur. Rusiya Azərbaycanın Qərblə xüsusilə enerji sahəsində əməkdaşlığından narahatdır. Çünki Rusiya artıq görür ki, Qərb onun enerji monopoliyasına son qoymaq, Azərbaycan və Türkmənistan qazından istifadə etmək istəyir. Rusiya həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə dəhlizindən çox narahatdır. Ona görə də Narışkinin mesajları ola bilər. Amma bu mesajlar yenilik deyil. Azərbaycan iqtidarı bu mesajları çoxdan gözəl bilir. Qərbin də mesajları aydındır.

Ekspertin fikrincə, Azərbaycan təhlükəsizliyini qorumaq şərti ilə hansı addımlar atacağını dəqiq müəyyənləşdirməlidir: «Biz Qərbə yaxınlaşmaqda çox maraqlıyıq. Qərblə həyata keçiriləcək güclü projelərimiz var. Rusiya ilə də güclü əməkdaşlığımız var. Azərbaycan Rusiyaya hər cür reverans edir ki, biz dost ölkəyik, bu belə davam edəcək. Amma əsas məsələ budur ki, bu şəraitdə Azərbaycan öz təhlükəsizliyini, müstəqilliyini təmin etsin». 

Fizzə