Vitse-spiker Morninqstarı aşağıladı

“ABŞ səfiti Riçard Morninqstarın müsahibədə dedikləri fikirlər qəbuledilməzdir. Bu yaşda və bu vəzifədə olan adamın diplomatik etikaya və diplomatik normaların çərçivəsinə sığmayan sözlər  işlətməsi təəcübldür”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ABŞ səfrinin “Azadlıq” radiosuna verdiyi müsahibəni şərh edərkən bildirib.

Vitse-spikerin sözlərinə görə, belə diplomatk ranqı olan şəxs o cür sözlər işlətməsi qeyri-məqbuldur. “Mən Riçard Morninqstarı çoxdan tanıyıram. Dövlət Neft Şirkətində çalışdığım zaman o, ABŞ Dövlət Departamentinin Xəzər dənizi üzrə enerji məsələlərinə dair xüsusi nümayəndəsi idi. Tez-tez Bakıya, Tiflisə, Ankaraya gəlirdi. Azərbaycanın bu sahədə apardığı siyasəti tam dəstəkləyirdi və bu barədə ağızdolusu danışırdı. Adam var yaşlaşdıqca təcrübəsi artır, adam da var ki, onda başqa proseslər gedir. İndi səfirdə bunların hansı biri baş verib bilmirəm. Morninqstar böyük ölkənin səfiri kimi Azərbaycana yaraşmayan, öz ölkəsinə isə utanc gətirən ifadələr işlədib”.

V. Ələsgərovun sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürüdür və hər hansı kənar dövlət ölkənin daxili işlərinə qarışa bilməz: “Cənab Morninqstar və onun başında duranlar istəsələr də Azərbaycanın daxilini işlərinə qarışa bilməzlər. Çünki beynəlxalq siyasətdə hamı bir-birindən asılıdır. Təhlükəsizlik, nəqliyyat, enerji məsələlərində Amerika üçün əhəmiyyətli tərəfdaşıq.

Ordan bura gələnlər qaşımız-gözümüzə vurulmayıblar ki! ABŞ və Avropa Birliyi Azərbaycan ilə yaxşı münasibətlərdədir. Ona görə də bu müsahibə, anlaşılmaz bir hərəkət, qəbuledilməz sözlər  ilk növbədə özü və ölkəsi üçün biabırçılıqdı. Bizə ağıl öyrətmək lazım deyil”-deyə vitse-spiker vurğulayıb.

V. Ələsgərov ABŞ səfrinin Azərbaycanla Ukraynadakı hadisələr arasında paralellər aparmaq cəhdinə kəskin etirazını bildirib. “Belə paralellər aparmaq təəccüblüdür. Ukraynadakı Maydan hara, Azərbaycan hara? Səfirin yadına salmaq istərdim ki, artıq 10 ildir ki, Ukrayna siyasətçiləri Maydandan kabinetlərə, kabinetlərdən meydanlara qaçmaqla məşğul olurlar. Görün Ukrayna ordusu hansı biabırçı vəziyyətdədir. Morninqstar bunu nə üçün demir? Doğrudan da Ukraynada demokratiya istəyən qüvvələr var idisə, həmin məsələlərin həllində Ukraynaya kömək edərdilər. Nə üçün etmədilər? Yəqin ki, məqsədlər başqa idi. Ümumiyyətlə, Ukraynanın adını Azərbaycanla paralel çəkmək qəbuledilməzdir”-deyən V.Ələsgərov vurğulayıb ki, Azərbaycan Ukrayna kimi Beynəlxalq Valyuta Fondundan asılı vəziyyətdə deyil.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq” radiosuna verdiyi müsahibədə Azərbycan hakimiyyətini tənqid edib və deyib ki, “Azərbaycan hökuməti monolit deyil”.