
Azərbaycan dövləti, ya Əliyev ailəsi daha mötəbər qurumdur?
Bu günlərdə Azərbaycan mətbuatında maraqlı bir material yenidən nəşr edildi. Bu materialda Qırğızstandakı Azərbaycan cəmiyyətlərindən birinin rəhbəri Nüsrət Məmmədov haqqında ilginc informasiyalar yer alır. Material-məktubun məğzinə görə Röya Osmanova adlı azərbaycanlı qızı Qırğızstana, təhsilini davam etdirməyə dəvət edən Nüsrət Məmmədov sonradan həmin qızla nalayiq hərəkətlər edib. Materialda eyniz amanda vurğulanır ki, Nüsrət Məmmədov Azərbaycan hakimiyyəti və onun ayrı-ayrı təmsilçiləri haqqında qeyri-etik ifadələr işlədib və bunu təsdiq edən audioyazılar da vardır. Məktub-məqalə özlüyündə sensasiyalı bir fakt kimi dəyərləndirilsə də, xüsusi rezonans doğurmadı. Ola bilsin, Rusiyanın hansısa şəhərində – Krasnodarda təhsil alan bir qızın öz təhsilini davam etdirmək üçün facebookda tanış olduğu bir azərbaycanlının dəvətinə əsasən Qırğızstana getməsi o qədər də inandırıcı və dramatik hekayə kimi qəbul edilmədi. Başqa tərəfdən, görünür, çoxları belə hesab etdi ki, bu məktubu ortalığa çıxaran səbəblər və bu səbəbləri yaradan adamlar bir qədər səmimi deyillər.
Səfirlə müharibə
Öncə bu səbəbləri araşdırdıq və ortalığa Heydər Əliyev Fondu, Heydər Əliyev Parkı kimi ilginc hüquqi ünvanlar çıxdı. Sən demə, bütün qalmaqal da uzaq Qırğızstanda Heydər Əliyevin adının necə və hansı şəkildə, kimlər tərəfindən əbədiləşdiriləcəyi üstündə qopub.

Əlimizdəki bir sənəd Qırğızstandakı Azərbaycan cəmiyyətlərinin İlham Əliyevə müraciətidir. Nəhs ildə və nəhs gündə 2013-cü ilin may ayının 13-də 5 Azərbaycan cəmiyyəti rəhbərinin imzaladığı bu sənəddə səfir Hidayət Orucov təpədən-dırnağa ittiham olunur. Cəmiyyət rəhbərləri bu müraciətdə səfir H. Orucovun Nüsrət Məmmdəiva qarşı təxribatçı hərəkətlərindən, Qırğızstandakı güc strukturlarına, xüsusi xidmət orqanlarına müraciətindən bəhs edirlər və bildirirlər ki, hələ bu vaxta qədər hansısa ölkədə Azərbaycan səfirinin Azərbaycan icması ilə bu qədər dərin intriqa yaratdığı barədə eşitməyiblər. Onlar Hidayət Orucovla yanaşı baş nazirin müavinlərindən biri olan Eyyub Yaqubovun da bu intriqaların arasında yer aldığını yazırlar. Məktub bədbin bir sonluqla bitir. Cəmiyyət rəhbərləri bildirirlər ki, bu qədər yaramazlıqlardan sonra onlar Hidayət Orucovla əməkdaşlıq etməyin mənasını və perspektivlərini təsəvvür etmirlər.
«Səfirin 400 dollarlıq proyekti»
Nüsrət Məmmədov Röya Osmanova haqqında:

– Mən onun haqqında pis bir söz demək istəmirəm. Onun Krasnodardan Qırğızstana, Akademiyaya köçürülməsinə yardım etmişəm, bir maat da pul almamışam. Köçürülmüşdü, gərək oxuyaydı. Bu məktub söhbəti də bir il əvvəl çıxıb. O zamandan bəri Hidayət Orucov nəsə bir əməliyyat planlaşdıranda əvvəlcə bu məktubu mətbuata ötürürlər. Röya Osmanova söhbəti bəhanədir. O, burada təhsil almaq üçün ödəməsini etməli idi. Mən axı ona söz verməmişəm ki, pullu təhsil müəssisinə onun əvəzinə ödəmə edəcəyəm, sadəcə olaraq, köçürülməsinə yardım etmişəm, özü bunu xahiş edib. O, Krasnodarda 1200 dollar illik təhsil haqqı ödəyirdi. Burada isə Dövlət İdarəçilik Akademiyasında ondan daha az ödəməli idi. Dediyim kimi, bu material o zaman yenidən ortalığa çıxır ki, Hidayət Orucov nəsə planlaşdırır.
– Bəs indi Hidayət Orucov nə planlaşdırır?
– Deyə bilmərəm. Əslində, yeni fantaziyalar üçün qıtlığı olmamalıdır. Sadəcə olaraq, bu məktubu istənilən sayt və ya qəzet dərc edib onu uğurla ,,Hidayət Orucovun 400 dollarlıq şantaj əsəri,, adlandıra bilər.
– Niyə, məhz, 400 dollarlıq? Bu, nəyisə ifadə edirmi?
– Sözdür də dedim. Sözün yiyəsi bilir, bu mənə bəs eləyir.
Köhnə fantaziyalar nə imiş?
Qırğızstanın paytaxtı Bişkekdə Heydər Əliyev adına park salınacaqmış. 5,5 hektar ərazidə. Köhnə fantaziya da elə bu boyda imiş. 5,5 hektar. Qırğız cəmiyyətlərinin İlham Əliyevə məktubundə bildirilir ki, bu park ideyası və park üçün yerin alınması «Türk Dövlətlərinin siyasətinə dəstək» Cəmiyyətinin sədri Nüsrət Məmmədova məxsusdur. Hətta o da bildirilir ki, buparkın qurulması üçün kimsə Azərbaycan dövlətindən yardım da istəməyib. Sadəcə olaraq, işə Yaqub Eyyubov da qatıldıqdan sonra bəlli olub ki, kimlərsə bu park tikintisindən öz natəmiz məqsədləri üçün istifadə etmək, bu ideyanın üzərində korrupsiya qurmaq fikrinə düşüb. Məktubda elə bu şəkildə də yazılır. «Hidayət Orucov Yaqub Eyyubopvun tapşırığı ilə…» bu prosesi pozub. Cəmiyyət rəhbərləri İlham Əliyevə ünvanladıqları başqa bir məktubda onu Bişkekdə Heydər Əliyev Parkının təməlqoyma mərasiminə dəvət edirlər və burada da vurğulanır ki, bu ideya və təşkilat işləri Nüsrət Məmmədova məxsusdur. Sadəcə, Hidəyət Orucov bu ideyanı onun əlindən almaq istəyib. Bizə dəxli yoxdur, Heydər Əliyev parkı ideyası bu iki şəxsin nəyinə lazımdır. Bişkekdə bunların hərəsi bir park tikib-qura bilərdi və yəqin ki, kasıb Qırğızstan hökumət onlara yer verərdi. Maraqlı olan iki azərbaycanlının- səfirin və diaspora başçısının müharibəsinin mənasız motivasiyasıdır. Həm də, hansı üsullarla!
Siz gözləyin, mən onu məhv edim…
Qırğız şair və tərcüməçi Mukan Asanaliyev öz məktubunda yazır. «Səfir Hidayət Orucov bizi dəvət etdi. Bildirdi ki, səfirlik və Azərbaycan dövləti Qırğızstanda geniş çaplı ədəbiyyat layihələrinə başlayır. Qırğız ədəbiyyatının Azərbaycan, Azərbaycan ədəbiyyatının isə qırğız dilinə tərcüməsi üçün böyük layihəyə start veriləcək. Amma bu işin burada təşkilatı üçün bu zamana qədər Nüsrət Məmmədovla işləyən şair və tərcüməçilər onunla birgə fəaliyyətdən imtina etməlidirlər. Çünki o, yəni səfir Hidayət Orucov Nüsrət Məmmədovu məhv etmək qərarı verib».
Qırğızlar yekdilliklə belə qərara gəliblər ki, səfirin ağlı başında deyil və buna göər də onunla işləməkdən vaz keçib, kabinetini tərk ediblər. Bunu Mukan Asanaliyev yazır. Həm də, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya. Razılaşın ki, qeybət və ara söhbəti sayılmaz.
Gülün yarpıza dönsün…
2013-cü ilin may ayında İlham Əliyev Bişkekə gedib orada atasının adına parkın tikintisi üçün təməl ata bilmir. (Hərçənd, onun ölkədaxili səfərlərinin əsas proqramı budur, bu dəfə bu proqramı bir xarici ölkədə tətbiq etmək fürsəti fövtə verilir). Çünki Hidayət Orucov Qırğızstanın güc nazirliklərinə məktub yazıb Nüsrət Məmmədovu məhv etdirmək işinə girişir.
Hidayət Orucov Qırğıstanda dövlət idarələrinə yazır ki, park ideyası Nüsrət Məmmədova məxsus deyil. Bişkek meriyası əvvəlki məktubundan imtina edib yerin ayrılmasını təxirə salır.
Görünən odur ki, bu ölüm-dirim savaşında Hidayət Orucov «Azəri» cəmiyyəti adlı bir müttəfiq də tapır və Qırğıstan boyu öz müttəfiqi ilə birlikdə hərəkət edir. Qırğıstanın Milli Təhlükəsizlik Nazirliyindən tutmuş üzüaşağı hamı səfirlə diaspora rəhbərinin müharibə sənədlərini araşdırmağa girişir. Bu «Azəri» cəmiyyəti və səfir Hidayət Orucov Qırğız idarələrinə məktub yazıb sübut etmək istəyirlər ki, park ideyası Azərbaycan dövlətinə məxsusdur və Nüsrət Məmmədovun başını buraxın. Hidayət Orucov hətta Qırğızstan Xarici İşlər Nazirliyinə yazır ki, artıq Azərbaycandan gəlmiş mütəxəssislər parkın tikintisi üçün qollarını çirmələyib hazır vəziyyətdə durublar.
O milyonlar orada yeyilmədi
Xoşbəxtlikdən, bu yazışmalar hələ heç bir nəticə vermir və Azərbaycanın dövlət büdcəsinə məxsus bir neçə milyon manat Bişkekdə mənasız proyektlərə sərf olunmadan başqa korrupsiya layihələrinin predmeti olur. Amma ortalıqda hələ də bitməmiş müharibə faktı var. Nüsrət Məmmədov «Heydər Əliyev Fondu» adlı qeyri hökumət təşkilatı da qurub. Yəqin Hidayət Orucovun qayğıları sırasına daha bir məsələ əlavə olunub. İndi səfir Qırğızstanda bütün dövlət idarələrinə yazmalıdır ki, Nüsrət Məmmədov adlı adam Heydər Əliyev Fondu yarada bilməz. (Hərçənd, bu məsəldə onunla şərik olmağa dəyərdi. Soyadı Əliyev olmayan birisinin belə bir Fond təsis etməyə hansı haqqı var ki?). Ya da əsaslandırmalıdır ki, ümumiyyətlə Nüsrət Məmmədov adlı adam yer üzündə olmamalıdır.
Allah qüvvət versin. Səfir Azərbaycan dövlətinin təmsilçisidir. Qırğızstanda da. Amma Hidayət Orucov həm də Əliyev ailəsinin təmsilçisidir. Yaxud, daha çox Əliyev ailəsinin təmsilçisidir. Dövlətlə bağlı məsələlər Azərbaycanda təxirə salındığı üçün onun Əliyevlər ailəsinin təmsilçisi kimi çıxış etməyə daha çox haqqı var. Nüsrət Məmmdəov isə mühacirətdə yaşayan insandır və belə məsələləri bilməsə də eybi yoxdur. Başa salarlar.
Azad Akifoğlu


