Dünən “Qaçqınkom” sədri Əli Həsənovun hansısa tədbirdəki çıxışından bir cümləyə rastladım, tüklərim biz-biz oldu, gözlərim qaraldı, dünya başıma fırlandı, uzun müddət özümə gələ bilmədim. Görün Əli müəllim nə deyir: “Vəzifə müvəqqəti, insanlıq isə daimidir”.
Bir yaptokratın dilindən bu sözləri eşitmək həqiqətən də adamın qəlbini kövrəldir, gözlərini doldurur. Fikirləşirsən ki, kim bilir, bəlkə də artıq dünyanın axırıdır, qiyamət qapının ağzını kəsdirib.
Əgər bir yaptokrat məmur vəzifənin müvəqqəti olduğunu deyirsə, artıq həyatda hər şey gözləmək olar, günəş sabah şərqdən yox, qərbdən doğa, çaylar tərsinə axa bilər.
Sözə baxın bir: “Vəzifə müvəqqətidir”.
Gəlin elə bu Əli Həsənovun öz tərcümeyi halına göz ataq. O, hardasa 16 ildir “Qaçqınkom” sədridir. Su bir qabda bu qədər qalsa, çoxdan iylənmişdi.
“Vəzifə müvəqqətidir” deyən Həsənovun bütün vəzifələrini sayıb qurtarmaq üçün adama az qala bir ömür lazımdır: “Qaçqınkom” sədridir – bir; baş nazirin müavinidir – iki; hakim partiyanın sədr müavinidir – üç; Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədridir – dörd; Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir – beş”
Həsənov cavab verə bilərmi ki, bu ölkədə doğrudan da, vəzifə müvəqqətidirsə, bəs niyə prezident ömürlükdür? Bəs niyə bu ölkə 45 ildir kiçik fasilələrlə ancaq bir tayfa tərəfindən idarə olunur?
Vəzifə necə müvəqqətidir ki, artıq Azərbaycanda 20 ildən aşağı nazir olmaq ayıb, fərsizlik əlaməti kimi qəbul edilir?
Əli Həsənovun dilindən “insanlıq daimidir” sözləri isə ümumiyyətlə, lətifə kimi səslənir. O, tez-tez məmur uşaqlarının narkomaniyaya qurşanmasından danışır, amma görəsən, bir dəfə düşünübmü: bəs niyə “narkoman” kimi yeganə günahı yaptokratlardan fərqli düşünmək, tənqid söyləmək olan vicdanlı, ləyaqətli, savadlı gəncləri tuturlar? Məsələn, facebook-da “Yaltaqlara dur deyək!” səhifəsi açdığı üçün Əbdül Əbilov adlı gənci narkotik ittihamı ilə şərləyən bir zehniyyətin hökm sürdüyü ölkədə hansı insanlıqdan danışmaq olar? Bu həbs onu göstərdi ki, rejim yaltaqlığı öz varoluşunun əsas ünsürlərindən biri kimi görür, yaltaqlıqla mübarizə sistem üçün təhlükədir. Yoxsa Əbdülün haqsız həbsinə hansı izah, məna vermək mümkündür? Yaltaqlığın ictimai normaya, həyat və düşüncə tərzinə çevrildiyi bir ölkədə insanlıqdan danışmaq qorxuludur – adamın ağzı əyilə bilər.
Yaşamaq üçün əl çalmağın, ucalmaq üçün alçalmağın tələb edildiyi-
Həyatda nələrəsə sahib olmaq üçün hər kəsdən illah ki, bir adamın beyni ilə düşünüb, bir adamın ağzı ilə danışmağın istənildiyi-
Fərqli düşünən hər kəsin düşmən elan olunduğu-
Azad fikirin xor görüldüyü, milli iradənin havaya buxarlandığı bir ölkədə nə insanlıq-zad?!
Sonda icazə verin, bu yazını istedadlı şair Səməd Qaraçöpün bir şeiri ilə tamamlayaq:
Eh, bu torpağa yıxılmaq
Mənim alnıma yazılıb;
Hər gün ayağım altında
Neft quyuları qazılıb.
Quyular qazılıb mənə,
Dərindi quyum quyudan;
Görün, nə boyda neft çıxır
Mənim düşdüyüm quyudan!..
Bütün kökümü qazırlar,
Bütün soyumu qazırlar?
Hər gün bu doğma torpaqda
Mənim quyumu qazırlar.
Bu şeir həm də Azərbaycandan Məlikməmməd kimi kəndiri kəsilmiş insanlığın quyudan eşidilən səsi, fəryadıdır. Yetər ki, eşitmək üçün yalnız qulağınla deyil, qəlbinlə də dinləyə biləsən.