Korrupsioner ölkə Avropa Şurasına başçılıq edə bilməz

«Bizim dediyimiz kimi elə, bizim elədiyimiz kimi yox…»

Böyük Britaniyanın tanınmış “Ekonomist” jurnalı Azərbaycanın  Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlamasına geniş məqalə həsr edib. Məqalədə Azərbaycan hakimiyyətinin daxildə yürütdüyü siyasət təhlil edilərək, bir sıra mühüm mesajlar verilib. Məqaləni diqqətinizə çatdırırıq:

“Avropanın 47 ölkəsini özündə birləşdirən, insan hüquqlarının müdafiəsi, demokratiya və qanunun aliliyi prinsiplərini rəhbər tutan Avropa Şurasının Nazirlər Komitəsinə hansı ölkənin sədrlik etməsi çox az adamı narahat edir. Amma mayın 14-dən sədrliyin Azərbaycana keçdiyini nəzərə alaraq, bəlkə narahat olanların sayı daha çox olmalıdır. Bu, ilk hal deyil ki, repressiv rejim ”sükanı” ələ alır. Rusiyada insan haqlarının durumunun acınacaqlı olması 2006-cı ildə onun “Ayırıcı xətlər olmadan vahid Avropaya doğru” şüarı altında Avropa Şurasına sədrliyinə mane olmadı. 

“Maddi tərəqqi baha başa gəlib”

Son on ildə Azərbaycanda neft-qaz gəlirlərinin “yuyulması” hesabına bu ölkədə yaşayış standartları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının məlumatına görə, 2004-cü ildən bəri ölkədə ÜDM təxminən 7 dəfə artıb. Bakı 90-cı ilin əvvəlindəki cansıxıcı post-sovet şəhərindən parlayan bir şəhərə çevrilib. Amma maddi tərəqqi baha başa gəlib: seçkilərin saxtalaşdırılması, ölkədə fərqli fikirlilərə qarşı təqib və təzyiqlər göstərir ki, Azərbaycanın demokratiyası yalandan başqa bir şey deyil. Avropa və Birləşmiş Ştatlar enerji daşıyıcıları baxımından Azərbaycandan asılı olduğundan bu ölkəyə fərqli tərəfdən baxırlar. Bakının “Kürü diplomatiyası” Qərb dairələrindəki dostlarına qələbə qazandırdı, belələri Avropa Şurasında da az deyil. Xaricdən tənqidlərə həssas olan Ilham Əliyev ölkənin prezidenti olandan Qərb rəsmiləri təsadüfi hallar istisna olmaqla, zərbələrini geri çəkməyi öyrəniblər. 

“Qaydalar pozulur və həmin ölkə cəzasız qalırsa…”

Bu da öz növbəsində narahatlıq yaradan haldır: əgər bir təşkilatın üzvləri onun qaydalarına əhəmiyyət vermir, pozur və cəzasız qalırsa, belə olan halda, təşkilatın mövcudluğunun nə mənası var? Bakıda son həftələrdə faktiki ölkə daxilində fərqli fikirlilərə qarşı təzyiqlər, müxalifətin susdurulması prosesi sürətləndirilib. Onlarla gənc fəal guya, kütləvi iğtişaşlar törətməyə cəhd göstərdiklərinə, qanunsuz silah saxladıqlarına və s. ittihamlarla həbs olunub. Onlardan səkkizi bu yaxınlarda iki həftədən artıq aclıq aksiyası keçirdi. Hökumət həmçinin casusluqla bağlı şübhəli cinayət işi üzrə iki məşhur hüquq müdafiəçisini saxlamışdı. 

Ukraynadakı son hadisələr Avropa Şurasının təməl prinsiplərinin vacibliyini bir daha vurğulayır. Isveçin xarici işlər naziri Karl Bildt bu yaxınlarda Avropa Şurasındakı çıxışında demişdi: “Rusiya Krımı işğal edəndə ən əsas prinsiplərdən olan təhlükəsizlik və stabilliyi pozdu”. Lakin praktikada Rusiyadan həddən artıq neft-qaz asılılığının qorxusu Avropaya alternativ enerji kəməri kimi Azərbaycanın dəyərini artırdı. Ona görə də insan haqları məsələsində Azərbaycanın özünü istədiyi kimi aparması davam edir. 

“Transparency International”ın hesabatına görə, Azərbaycan Avropanın ən korrupsiyalaşmış ölkəsidir. Bu baxımdan Azərbaycan yaxşı tanınır”.

Aytən