Gəncənin dəli oğlanları

Haydı dəli oğlan

Haydı mənimlə dolan 

Məni öp bakalım

Quzu dodağımdan… 

Türkiyəli popstar Hadisənin “Dəli oğlan” mahnısının dillərə əzbər hissəsi ilə yazıma başlamağım səbəbsiz deyil. Yəqin ki, türk popstar Hadisənin Gəncəyə nə münasibətlə gətirildiyini bilirsiniz. Hazırda mətbuatda onu hansı pula gətirildiyi əməlli-başlı müzakirə mövzusuna çevrilib. Sanki pulun mənbəyi məlum olan kimi ölkədə ədalət bərpa olacaq, qurdla quzu bir yerdə gəzəcək, korrupsiya və rüşvətxorluğun isə kökü tamamilə kəsiləcək və s. 

Özləri bilərlər, amma şəxsən mən o fikirdəyəm ki, bu sadəcə Heydər Əliyevə qarşı sayğısızlıq və onun şəxsiyyətinə guya hörmət edənlərin növbəti ağılsızlığıdır. Söhbət ona ödənilən fantastik məbləğdən yox, mənəviyyatdan gedir. Türkiyənin ən erotik müğənnisi hesab olunan, mahnılarından çox bədəni ilə gündəmə gələn Hadisə Gəncədə də öz ampluasına sadiq qaldı. Baldırları və erotik davranışları ilə gəncəlilərin ağlını başından çıxardı desəm, yəqin ki, yanılmaram. Məsələyə yalnız bu aspektdən yanaşanda bir az təsəlli tapmaq olar. Hesab edirəm ki, kifayətdir, keçək Hadisənin bu səfərindən ortaya çıxan başqa məsələlərə.  

Oxşar tədbirləri ilk baxışdan məmurların səxavət kisəsinin açılması kimi də qələmə vermək mümkündür. Lakin təkrar edirəm, yalnız ilk baxışda. Əslində, məsələ bir az başqa cürdür, yəni məmurlar ulu öndərlərinin yubileyindən də pul çıxarmağı bacarırlar. Götürək elə Hadisəyə ödənilən məbləğin mənbəyi haqda gedən söz-söhbətlərə.

Kimi deyir, bunu Gəncənin icra başçısı öz cibindən ödəyib, kimi deyir ki, bu məbləğ idarə müdirləri və sahibkarlardan zorla yığılıb və s.

Lakin əsas odur ki, belə konsertlərə bir milyon evrodan aşağı qiymətə getməyən Hadisə Gəncədən Türkiyəyə çox məmnun halda uçub. 

Əslində, bu yazını yazarkən başqa məsələlərdən söhbət açmağı nəzərdə tutmuşdum. Hadisəyə ödənilən məbləğ ətrafında söz-söhbətlərə icra hakimiyyəti və YAP-ın şəhər təşkilatının sədri səviyyəsində təxminən belə bir cavab gəldi. Onlara inansaq, Hadisə və ona züy tutan Mustafa Cecəli təmənnasız olaraq, Gəncəyə konsert verməyə gəliblər…

Etiraf edim ki, açıqlama yalnız bundan ibarət olsaydı, dərd yarı idi. Elə burada səmimi olaraq boynuma alıram ki, bu yazını yazmağıma səbəb Hadisənin konserti ilə bağlı verilən açıqlamaya “bərkidilmiş” arayış (!) oldu. 

“Arayış”ın müəllifi Gəncə icra hakimiyyəti başçısının gənc müavini Naqif Həmzəyevdir. Buyurun, siz də tanış olun: 

“Hazırda bütün Azərbaycanda korrupsiyaya qarşı mübarizə gedir. Heç kim belə bir riskə gedib bu cür addım ata bilməz. Ümumiyyətlə isə burada adı hallanan şəxslərin heç birindən pul yığılmayıb. Bu, bizə qarşı aparılan çirkin kampaniyadır…”

Müavin burada konkret olaraq məzələnir və dolayı yolla arxalarında kimin durduğunu açıqlayır. Obrazlı desək, “sığorta mesajı” verir…  

Bu ölkədə pulu alan yerdə yaxalanmadınsa, sənə zaval yoxdur. O pula villa da tikdirə bilərsən, Hadisəni də gətirə bilərsən, məşuqənə bahalı avtomobil də ala bilərsən və s.

Heç kəs sənə “bütün bunları hansı pula etmisən” sualını verməyəcək, çünki sən pulu alan yerdə yaxalanmamısan, ən başlıcası isə, aldığın pulu “ədalətlə” paylaşmısan.  

Gələn yazılarımın birini mütləq Korrupsiyaya qarşı mübarizə idarəsinin işçilərinə, daha doğrusu onaların “faciəsinə” həsr edəcəm. Doğrudan da böyük dərddir, ölkədə daş atırsan korrupsionerə dəyir, sənin də vəzifən onları tutmaqdır, amma bunu yalnız yuxuda edə bilərsən. Yuxudan söz düşmüşkən… 

Yəqin ki, hər biriniz nə vaxtsa qorxulu röya görmüsünüz, məsələn, qayanın üzərindən atılan anda, bunun yuxu olduğunu anlayaraq, qan-tər içində ayılmısınız. Korrupsiyaya qarşı mübarizə idarəsində işləyənin yuxusunu isə, təxəyyülə güc verərək, təxminən bu cür təsəvvür etmək mümkündür, – o, yuxuda iri məmuru rüşvət alan yerdə yaxalayır, sonra kabinetə baxış keçirir və külli miqdarda pul aşkar edir. Adi insanlardan fərqli olaraq, o bu şirin yuxudan öz xoşu ilə ayıla bilmir, onun uzanmasını istəyir. Yalnız məmuru idarəyə gətirən maşının “probkaya”, yaxud da çalaya düşməsi onu reallığa qaytarır… 

Heç şübhəsiz, Gəncənin icra başçısının müavini də, məlum “Hadisə açıqlaması”ndan sonra, belə yuxuların “qəhrəman”ına çevrilib.

Qalır yuxunun çin olması…