Hakimiyyətin ikili standartı

Yaxud, şərəf və şərəfsizlik haqqında…

Qəribə ölkədə yaşayırıq. Bu ölkədə adam öldürmək cinayət deyil, əks halda, Vüsal Şilderin gerçək qatillərini həbs edərdilər. Bu ölkədə mandat alveri, dələduzluq əsla cinayət sayılmaz, əks halda, Gülər Əhmədovanı azad edib, hələ üstəlik cəmiyyətə “dəmir ledi” kimi sırımağa çalışmazdılar.

Bu ölkədə insan alveri, xarici vətəndaşı qul kimi istismar etmək, işgəncə vermək də əsla cinayət deyil. Oğurluq, korrupsiya, rüşvət zatən cinayət ola bilməz, çünki sistem bu mexanizmlər üzərində qurulub.

Bu ölkədə tək bircə cinayət var: hakimiyyətin üzünə ağ olmaq! Haqqı demək, hüquqlarını tələb etmək, ədalətsizliyə etiraz etmək, bu etiraz, hətta ən sivil və dinc formada olsa belə, ən ağır cinayət tərkibi yaradır. Bircə bu “cinayətin” ağır cəzası var, yoxsa, istəsən adam öldür, istəsən büdcəni tala, fərq etməz, əsas odur ki, “dövlətçiliyi” dəstəkləyəsən, hakmiyyətin “analoqu olmayan daxili və xarici siyasətini” bəyənəsən. Belədirsə, sənə zaval yoxdur, get öldür, as, kəs, tala, əlinə, qoluna sağlıq!

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində qonşu 4-cü və 6-cı zallarda eyni zamanda iki məhkəmə prosesi gedirdi. Birində tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli, digərində isə bu məhkəməyədək heç kimin tanımadığı evdar qadın Aynur Mehdiyeva mühakimə olunurdu. Pərviz Həşimlinin heç bir cinayət törətməməsi məhkəmə prosesində tam sübuta yetirildi. Onun vəkillərinin iş üzrə müstəsna əhəmiyət daşıyan bütün vəsatətləri istisnasız olaraq məhkəmə  tərəfindən rədd edildi, ortada bircə sübut olmadığı halda, yalnız əvvəllər dəfələrlə məhkum olunmuş peşəkar bir “işverənin” dolaşıq və özü-özünü təkzib edən ifadələri əsasında “cinayət işi” quruldu. Aynur Mehdiyevanın zərərçəkmiş şəxsə işgəncə verməklə, onunla qəddar, qeyri-insani, ləyaqətini alçaldan rəftar etməklə insan alveri və əməyin istismarı cinayətlərini törətdiyi isə məhkmə istintaqı zamanı tam sübuta yetirildi.

Pərviz Həşimlidən fərqli olaraq, Aynur Mehdiyevanın əleyhinə Daxili Işlər Nazirliyinin yüksək rütbəli zabitləri, “Təmiz Dünya” sığınacağının psixoloqu və s. şəxslər ifadə verdilər. Pərvizin işində ortada heç bir zərərçəkən olmadığı halda, Mehdiyevanın prosesində onun insan alveri və əməyin istismarı cinayətlərinin qurbanı olmuş və buna görə heç bir maddi təzminat ödənilməyən filippinli xanım var.

Artıq qeyd etdiyimiz kimi Həşimli fəal ictimai mövqeyi və nüfuzu olan şəxs, Mehdiyeva isə heç bir ictimai fəaliyyəti olmayan birisidir. Hər ikisinin birinci məhkumluğudur və hər ikisinin himayəsində azyaşlı uşaq var. Mehdiyevadan fərqli olaraq, Həşimli ailəsinin yeganə çörək gətirənidir və məcburi köçkündür. Pərviz bəyin ittiham olunduğu silah qaçaqmalçılığı cinayətinə görə 5 ildən səkkiz ilədək həbs, Aynur Mehdiyevanın təqsirləndirildiyi insan alveri cinayətinə görə isə bundan əhəmiyyətli dərəcədə çox – 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Göründüyü kimi, hətta Pərviz Həşimli gerçəkdən cinayət törətmiş olsa belə, bütün hüquqi meyarlara görə Mehdiyevadan daha üstün durumdadır və ondan daha aşağı cəza almalıdır. Lakin eyni vaxtda cəza istəyən dövlət ittihamçıları Pərviz Həşimli üçün 9 il həbs, Aynur Mehdiyeva üçünsə… bir il sınaq müddəti olmaqla, şərti cəza tələb ediblər.

Aynur Mehdiyeva barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqilə prokuror tərəfindən ağır cinayətə görə cəmi bir illik şərti cəzanın istənilməsi Azərbaycanın məhkəmə və prokurorluq sistemindəki biabırçılıqların növbətisidir.

Bəs Pərviz Həşimlinin etmədiyi cinayətə görə şərlənərək həbs olunmasının və artıq 8 il müddətinə azadlıqdan məhrum edilməsinin, Aynur Mehdiyevanın isə ağır insan averi və məcburi əmək cinayətlərinin qarşılığında faktiki olaraq heç bir cəza almamasının səbəbi nədir?

Mehdiyevaya yalnız qadın və ana olduğu üçün bu güzəştlər edilə bilməzdi, o zaman Azərbaycan həbsxanalarında daha yüngül cinayələr törətmiş yüzlərlə qadının və ananın hamısı azad edilməlidir. Bu diskriminasiyanın və qanunsuzluğun gerçək səbəbləri Aynur Mehdiyeva və ailəsinin hakimiyyətə göstərdiyi məlum xidmətlər, Pərviz Həşimlinin isə öz kişi adını və şərəfini hər şeydən üstün tutaraq, ona və ailəsinə  8 ay ərzində verilən işgəncələrə rəğmən bu şərəfsizlikdən imtina etməsidir.

Mehdiyeva qardaşı Mahmud Mehdiyevlə birlikdə Milli Şura üzvü Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin sifarişilə böhtanlar atdılar, ona qarşı şərləmə kampaniyası apardılar, məhkəmələrdə saxta ittihamlarla mülki tələblər, hətta xüsusi ittiham qaydasında iş qaldırdılar. Bunun qarşılığında Mahmud Mehdiyev 4 il əvvəl Zakir Qaralovun əmri ilə qovulduğu prokurorluğa, bu dəfə Xətai rayonuna müstəntiq vəzifəsinə təyinat aldı.

Bütün bu baş verənlərin ən ləyaqətsiz və ən iyrənc tərəfi odur ki, Gültəkin xanım Mehdiyevlərin keçmiş gəlini və nəvələrinin anasıdır.

Pərviz Həşimli isə üzvü oduğu AXCP-nin sədri Əli Kərimlinin, deputat, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini Əli Nağıyev və onun qardaşı, iş adamı Vəli Nağıyevin üzünə durmalı idi. Bunun müqabilində Pərvizə ilkin olaraq bir milyon manat mükafat veriləcəkdi.

Mehdiyevlər oğullarından, nəvələrindən keçdikləri, 9 yaşlı körpənin anasının, keçmiş gəlinlərinin üzünə durub onu həbs etdirmək istədikləri halda, Pərviz Həşimli bir milyon qarşılığında əqidəsini, şərəfini və yoldaşlıq münasibətində olduğu adamları satmadı. Pərviz Həşimli guya, Nağıyevlərdən və Qurbanovdan mütəmadi olaraq pullar alıb Əli Kərimliyə ötürdüyünü, AXCP sədrinin sifarişilə silah aldığını deməliydi. Amma o, heç kimə böhtan atmadı, heç kimi şərləmədi, bütün işgəncələrə, təzyiqlərə dözdü və üstünə gələn böyük bir şər-böhtan, repressiya maşınını əzməklə qəhrəmanlıq nümunəsi yaratdı. Pərviz Həşimli həbsi şərəfsiz azadlıqdan üstün tutdu.

Dünya sürətlə dəyişir, bir-iki ildən sonra ölkəmizdə də çox şeylər dəyişəcək. O zaman Pərviz Həşimli digər siyasi məhbuslarımız kimi azadlıqda olacaq. Hamı onunla dost, yoldaş olduğu üçün qürur duyacaq, fəxr edəcək, qızı Zeynəbə “kişi qızıdır” deyəcəklər. 

Hər kəs öz taleyini özü yazır. Seçim anında ehtiyatlı olun!

S.Novruz